Pre-COP29 danışıqlar çərçivəsində ədalətli və ambisiyalı iqlim maliyyəsi üzrə razılaşma ilə bağlı irəliləyiş əldə olunub
14 Oktyabr, 2024
Pre-COP29 danışıqlar çərçivəsində  ədalətli və ambisiyalı iqlim maliyyəsi üzrə razılaşma ilə bağlı  irəliləyiş əldə olunub


COP29 Azərbaycan Sədrliyinin ev sahibliyi ilə cari ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində fikir ayrılıqlarını aradan qaldırmaq və əsas məsələlərlə bağlı erkən irəliləyişə nail olmaq üçün Bakıda keçirilən intensiv iqlim diplomatiyası həftəsi başa çatıb. Dünyanın hər yerindən nazirlər, nümayəndə heyətləri başçıları, danışıqçılar və həmfikir qrupları bir araya gətirən həftə çərçivəsində nümayəndə heyəti başçılarının iki görüşü, Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı nazirlərin yüksək səviyyəli dialoqu və Pre-COP29 tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pre-COP29 tədbiri iştirakçılarına müraciətində qeyd edib: “COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.”

İndiyədək aparılmış danışıqlara toxunan COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib: “Biz seçim imkanlarının azaldılmasında müsbət irəliləyişə nail olmuşuq və artıq üstünlük veriləcək seçimlərə dair aydın mənzərə formalaşır. Lakin Tərəflərin aradan qaldırmalı olduqları fikir ayrılıqları hələ də mövcuddur.

Ötən həftə Bakıda biz danışıqların bu mühüm son mərhələsində öz həllini gözləyən məsələləri nazirlərə izah etdik. Artıq onlar ölkələrinə müvafiq addımların atılması üçün lazımi mandatları təmin etmək məqsədilə qayıtmalıdırlar. İndi hər kəs irəliləyiş əldə etmək üçün COP29 tədbirinə aydın siyasi dəstəklə gəlməlidir və artıq bunun əksinə bəraət qazandıracaq heç nə yoxdur. Belə ki, biz bu layihəni razılaşmaq üçün intensiv şəkildə fəaliyyət göstəririk.”


Bakıda iqlim maliyyəsi ilə bağlı təqdim olunacaq ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) toxunan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, tələb olunan maliyyənin həcmi trilyonlarla dollar səviyyəsindədir, lakin bu ambisiyalı hədəfə necə nail olmaq barədə müxtəlif fikirlər səsləndirilib. Yalçın Rəfiyev həmçinin əlavə edib ki, dövlət sektorunun birbaşa təmin və cəlb edə biləcəyi real məbləğ yüz milyardlarla dollar civarında görünür. Yeni hədəf öz təyinatını, yəni inkişaf etməkdə olan ölkələrin, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş ölkələrin ehtiyac və prioritetlərini həll etmək məqsədini doğrultmalıdır. Həmçinin, COP29 Sədrliyi diqqəti şəffaflıq və müyəssərlik kimi keyfiyyət amillərinə də yönəldərək vurğulayıb ki, COP29 tədbirində Yeni Kollektiv Kəmiyyət Hədəfinin bütün elementləri mütləq şəkildə razılaşdırılmalıdır.

Sözügedən həftə yeni iqlim maliyyəsi hədəfi üzrə danışıqlar mətninin layihə variantının hazırlanmasına dəstək baxımından da mühüm fürsət idi. Belə ki, COP29 ərəfəsində vacib bir mərhələni tərənnüm edən bu danışıqlar mətni yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

COP29 Sədrliyi noyabrda keçiriləcək COP29 tədbirində ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün öz strateji konsepsiyasını təqdim edən “mütənasib kompleks həllər paketi”nin zəruriliyini də vurğulayıb. Buraya bütün öhdəliklərin yerinə yetirilməsi və COP28 Qlobal Baxış prosesinin nəticələri əsasında növbəti konkret addımların atılması daxildir. Tərəflərə və Həmfikir Qruplara ünvanlanan ikinci açıq məktubda da qeyd olunduğu kimi, Pre-COP29 tədbiri, həm də COP29 Sədrliyinin rəsmi müzakirə predmeti olmayan təşəbbüslərinə təkan vermək üçün fürsət olub. Pre-COP29-la yanaşı bir sıra əlavə tədbirlər, o cümlədən iqlim şəffaflığına dair sessiyalar, iqlimə davamlılıq üçün insan inkişafı, eləcə də Böyük Britaniya, Vanuatu və Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilən iqlim və inkişaf üzrə nazirlər toplantısı, iqlim və sülhün qarşılıqlı əlaqəsi üzrə məsləhətləşmələr, habelə BƏƏ və Braziliyanın COP Sədrlikləri ilə əməkdaşlıq çərçivəsində 1,50C hədəfi üzrə beynəlxalq əməkdaşlıq üzrə tədbiri keçirilib.

Həmçinin, COP29 Sədrliyinin təşkilatçılığı ilə COP28-də müəyyən edilmiş enerji məqsədləri üzrə irəliləyişi izləmək və tövsiyə olunan prioritetləri təmin etmək üçün Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentlik (IRENA), Qlobal Bərpa Olunan Enerji Mənbələri Alyansı (“Global Renewables Alliance”), eləcə də BƏƏ və Braziliyanın COP Sədrlikləri ilə birgə hesabatın təqdimatı keçirilib. Bu, COP29 Sədrliyinin enerji təşəbbüsləri, xüsusilə COP29-un Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində qlobal enerjinin qoyuluş gücünü 2022-ci il ilə müqayisədə 6 dəfə artıraraq 2030-cu ilə qədər 1500 QVt-a çatdırmaq xüsusunda razılaşma əldə etmək üçün fürsət idi.

- 10-11 oktyabr tarixlərində Bakı şəhərində COP29 ərəfəsində həyata keçirilən hazırlıq işləri baxımından mühüm mərhələ sayılan Pre-COP29 tədbiri keçirilib.

- Oktyabrın 8-də və 12-də nümayəndə heyətləri rəhbərlərinin iki görüşü təşkil olunub və bu görüşlər əsnasında nümayəndə heyətləri əsas məsələləri texniki səviyyədə müzakirə ediblər.

- Oktyabrın 9-da UNFCCC tarixində aralıq iclasları ehtiva edən ilk və ən uzun görüş - Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) ilə bağlı nazirlərin yüksək səviyyəli dialoqu baş tutub. Bu görüş NCQG üzrə dialoqu siyasi müstəvidə davam etdirmək üçün 60-dan çox Tərəf ölkənin nazir və nümayəndə heyəti başçılarını bir araya gətirib.

Digər xəbərlər