Media Turları

COP29 çərçivəsində xarici media nümayəndələri Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil olan obyektləri, tarixi memarlıq və mədəniyyət abidələri, bərpa olunan enerji mənbələri və dayanıqlı turizm sahəsi ilə bağlı müxtəlif təşəbbüslərlə tanış olmaq üçün unikal imkan əldə edəcəklər.

15-22 noyabr 2024-cü il tarixlərində təşkil edilməsi nəzərdə tutulan turlar ölkənin dayanıqlı inkişaf yolunda atdığı addımları diqqətə çatdırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynamış məkanlarla bağlı zəngin təcrübə əldə etmək imkanı verəcək.
 
► Böyük Şəhər Turu – 15 / 18 / 20 / 22 Noyabr
Bu turda siz XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin olan və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhəri kəşf edəcəksiniz. Tur çərçivəsində ekskursiya tanınmış memar Zaha Hadid tərəfindən dizayn edilmiş dünya səviyyəli sərgi və muzey kompleksi olan Heydər Əliyev Mərkəzi və qədim zamanlardan bugünədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyi ilə davam edəcək.

► Yaşıl Şəhər Turu – 16 / 17 / 21 / 22 Noyabr
Bu turda siz Bakının neft sənayesinin inkişafında müstəsna xidmətləri olan neft maqnatlarının yaşayış tərzi ilə tanış ola biləcək və həmin dövrün ab-havasını hiss edəcəyiniz Nobel Qardaşlarının Ev-Muzeyinə, Avrasiyanın əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan, limanların və dəniz sənayesinin bütün formatlarında ekoloji cəhətdən təmiz və davamlı əməliyyatlara investisiya qoyan və onları təşviq edən Yaşıl Liman - Bakı Limanına və Xəzər regionunda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasına səfər edəcəksiniz.

► Təbii Abidələr və Təmiz Şəhər Turu – 15 / 17 / 20 Noyabr
Bu turda siz dağın ətəyində min illərdir fasiləsiz alovlanan Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, şəhərdə tullantıların idarə olunmasını təkmilləşdirmək məqsədilə yaradılmış Bakı Tullantıdan Enerjiyə Zavoduna, Azərbaycanın qədim atəşpərəstlərinin heyranedici hekayəsini kəşf edə biləcəyiniz Atəşgah Məbədinə səfər edərək Marko Polonun xatirələrində təsvir edilmiş alovları izləyə bilərsiniz.

► Qayalar və Vulkanlar Turu – 17 / 18 / 19 Noyabr
Bu turda siz on minlərlə il əvvələ aid həyatı əks etdirən 6000-dən çox qədim petroqlifdən ibarət heyrətamiz kolleksiyaya malik Qobustan Qaya Sənəti Mədəni Landşaftını və dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən və zəngin biomüxtəlifliklə əhatə olunan Qobustan Palçıq Vulkanlarını kəşf edəcəksiniz.

► Şamaxı Turu – 16 / 19 / 21 Noyabr
Bu turda siz XV əsrə aid unikal ikimərtəbəli məqbərə-məscid olan “Diri Baba” türbəsinə, çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndinə və Azərbaycan üzümçülük mədəniyyəti ilə tanış olmaq üçün Meysəri şərabçılıq kompleksinə səfər edəcəksiniz.

Ətraflı məlumat üçün tur proqramına keçid edin.

Qeydiyyat prosesi: Bu turlarda iştirak etmək istəyən xarici media nümayəndələri oktyabrın 30-dan gec olmayaraq link vasitəsilə müraciət etməlidirlər.
Qeyd: Yalnız akkreditasiya olunmuş xarici media nümayəndələri bu turlarda iştirak edə bilərlər.

Hər hansı sual və ya əlavə məlumat əldə etmək üçün mediaservices@cop29.az e-poçt ünvanına yaza bilərsiniz.