İcma layihələri
Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış
“Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış” adlı beynəlxalq sənədli film müsabiqəsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin qlobal iqlim fəaliyyətini diqqət mərkəzində saxlamaq üçün irəli sürdüyü təşəbbüsdür. Müsabiqənin məqsədi iqlim dəyişmələri fonunda icmaların davamlılığı, yeni iqlim həlləri və adaptasiya təcrübələrini sənədləşdirmək və paylaşmaq üçün dünyanın hər yerindən film müəlliflərini və filmistehsalçı şirkətlərini bir arada toplamaq və maraqlı süjetlərdən ibarət sənədli filmlər nümayiş etdirməklə, qlobal auditoriyanı dayanıqlı gələcəyə təşviq etmək, maarifləndirmək və səfərbər etməkdir. Bu təşəbbüs sayəsində iştirakçılar iqlim problemlərinin gündəmdə olması və aradan qaldırılması istiqamətində göstərilən kollektiv səylərin səsinə səs verə biləcəklər. Mövzular Su ehtiyatlarının səmərəli idarə olunması Biomüxtəlifliyin və ekosistemin qorunması Köklü xalqların bilik və təcrübələri Bərpa olunan enerji həlləri Gender və ətraf mühit məsələlərinin təsirləri Ətraf mühitin mühafizəsi Dayanıqlı inkişaf təcrübələri Dayanıqlı inkişaf təcrübələri Müsabiqə komissiyası: Müsabiqəyə təqdim olunan sənədli filmlər ətraf mühit və kinomotoqrafiya sahəsində ixtisaslaşmış ekspertlər qrupu tərəfindən nəzərdən keçiriləcək. Meyarlar: Müsabiqəyə təqdim olunan sənədli filmlərin dəyərləndirilməsi mövzuya uyğunluq, kreativlik, süjetlərin keyfiyyəti, orijinallıq, texniki bacarıqlar və filmlərin ümumi təsiri kimi meyarlar əsasında həyata keçiriləcək. Hüquq və icazələr Müəlliflik hüququ: İstehsalçı şirkətlər və/yaxud film müəllifləri öz işləri üzərində müəlliflik hüququna malikdirlər. Qeyri-eksklüziv istifadə etmək hüququnu COP29 Azərbaycan Əməliyyat Şirkətinə verirlər. İstifadə hüququ: Müsabiqəyə təqdim edilən sənədli filmlərin müəllifləri COP29 zamanı bu materialların nümayiş etdirilməsi və təşviqatına qeyri-eksklüziv istifadə etmək hüququnu COP29 Azərbaycan Əməliyyat Şirkətinə verirlər. İcazələr: Yekun mərhələyə keçən bütün sənədli filmlərin press-relizlər, veb-sayt, sosial media da daxil olmaqla COP29-un bütün rəsmi kanalları vasitəsilə müəllif tərəfindən yayımlanmasına icazə verilir. Müsabiqə materiallarının təqdim olunması üzrə qaydalar Format: Sənədli filmlər yüksək keyfiyyətli rəqəmsal formatda (MP4, MOV) təqdim edilməlidir. Xronometraj: 2 kateqoriya 50 dəqiqəyə qədər olan sənədli filmlər. 5 dəqiqədən 30 dəqiqəyə qədər olan qısametrajlı sənədli filmlər. Dil: Müsabiqə materiallarını istənilən dildə təqdim etmək mümkündür, lakin videomaterialların ingilis dilində olan subtitrlərlə müşaiyət olunması mütləqdir. Video-təsvirlərin piksel ölçüsü: Minimum 1080p. Faylın həcmi: Maksimum 5 GB. Meta-məlumatlar: Müsabiqəyə təqdim olunan materiallarda filmin başlığı, rejissorun adı, filmin çəkildiyi ölkə və filmin qısa təsviri (maksimum 250 söz) verilməlidir. Müsabiqə materiallarının təqdim olunması prosesi Təqdimetmə üsulu: Müsabiqə materialları documentary.competition@cop29.az e-poçt ünvanına göndərilməlidir. İştirak haqqı: İştirak haqqı tələb olunmur. Tələb olunan sənədlər: Doldurulmuş Qeydiyyat və İcazə Formaları. İstehsalçı şirkətin və ya film müəllifinin qısa tərcümeyi-halı (maksimum 150 söz). Son tarix: Müsabiqədə iştirak edəcək namizədlər filmlərini 15 sentyabr 2024-cü il tarixinə qədər təqdim etməlidir. Əlaqə Hər hansı sual və ya əlavə məlumat üçün documentary.competition@cop29.az e-poçt ünvanına yaza bilərsiniz.
“İqlim fəaliyyəti fotoobyektivdə” beynəlxalq fotomüsabiqəsi
COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aktual iqlim problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsi və aktiv maarifləndirmə məqsədilə reallaşdırılan müxtəlif yönümlü təşəbbüslərin davamı olaraq “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə elan edir. Qlobal miqyasda fotoqrafları iqlim dəyişmələri mövzusunda vizual dialoqa dəvət edən bu layihənin əsas məqsədi fotohekayələr vasitəsilə iqlim problemlərinə yeni baxış bucağı ilə yanaşılması və müasir sənət alətləri vasitəsilə qlobal fəaliyyətin stimullaşdırılmasıdır. Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəngdə olaraq dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eyni zamanda iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir. Ümumilikdə, müsabiqəyə qəbul edilən fotoşəkillər “İqlim dəyişmələrinin təsirləri”, “Iqlim həlləri və innovasiyalar”, “Gənclər və təhsil”, “Flora və fauna” olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnifatlandırılacaq. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj mahiyyəti kimi müxtəlif meyarlar üzrə ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək. Qalib fotoqrafların çəkdiyi fotoların COP29 konfransı zamanı xüsusi ekspozisiyada yer alması onlara öz istedadlarını dünyaya tanıtmağa imkan yaradacaq.Bununla yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda geniş nümayiş etdiriləcək. Qeyd edək ki, müsabiqənin texniki tələb və şərtləri barədə daha ətraflı məlumatları linkə keçid etməklə əldə edə bilərsiniz. Layihəyə qəbul prosesi onlayn şəkildə sentyabr ayının 15-dək davam edəcək. Bu iqlim hərəkatına qoşulmaq niyyətində olan həvəskar və peşəkar fotoqraflar qeyd edilən tarixədək öz müraciətlərini photo.exhibition.cop29@cop29.az elektron poçtu vasitəsilə ünvanlaya bilər.
“COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edir. Müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanacaq. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır. Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti: Orta Qrant Müsabiqəsi (OQM) üzrə qrant məbləğinin yuxarı həddi - 30000 manat (icra müddəti 6 ayadək) Böyük Qrant Müsabiqəsi (BQM) üzrə qrant məbləğinin yuxarı həddi - 50000 manat (icra müddəti 6 ayadək) Müsabiqədə iştirak üçün tələblər: Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarınlarına uyğun aparılır (yerli QHT-lərə münasibətdə). Koalisiya kimi müsabiqədə iştirak edən QHT-lər üçün tələblər: Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir; Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır; Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dilində) Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, sayt və s. digər məlumat mənbələri); Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır; Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz; 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər; Koalisiya hər 2 müsabiqəyə (OQM və BQM) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək. Müsabiqədə üstünlük verilən meyarlar: Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması; Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan dövlətlərdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş dövlətlərdən, inkişaf etməkdə olan kiçik ada dövlətlərindən olması; Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər: layihə təklifi (nümunə əlavə olunur- orta, böyük qrantlar üzrə , məntiqi çərçivə); layihənin icra planı (nümunə əlavə olunur); layihənin xərclər smetası (nümunə əlavə olunur); layihə büdcəsinin maliyyə əsaslandırılması (nümunə əlavə olunur); Koalisiyada iştirak edən hər bir yerli QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri; QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti (yerli QHT-lərə münasibətdə); QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (yerli QHT-lərə münasibətdə); Qrant məbləğinin köçürüləcəyi əsas icraçı QHT-nin bank hesabı barədə məlumatlar; Koalisiyada iştirak edən hər bir yerli QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur); Əsas icraçı QHT-nin OQM üzrə son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10, BQM üzrə son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur); Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol ( nümunə əlavə olunur); Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur). Aşağıdakı layihələr müsabiqəyə buraxılmır: Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr; Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr; Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri. Layihələrin qiymətləndirmə meyarları Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir: layihənin məqsədinin aydınlığı; layihənin innovativliyi; layihənin icra müddətinin əsaslandırılması və davamlılığı; layihənin büdcəsinin qrant məbləğinə uyğun olması; QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi; layihə üzrə risklərin təhlili; layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi; layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq; QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu; layihədən gözlənilən nəticələr. Texniki tələblər: Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (www.ngoagency.gov.az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2024-cü il 16 iyul-16 avqust tarixlərində Agentliyin saytında aktiv olacaq); Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur. Əlaqə vasitələri: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20. office@ngoagency.gov.az | (+994 12) 493-15-81
COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib
Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda paytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətində göstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizə təsirləri də dəyərləndirilməkdədir. Bu istiqamətdə COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elan edir. Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş etdirən və fərqlənən universitet məzunlarını tanımaq və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir. Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərin həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir platforma rolunu oynayacaq. İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara yiyələnmək üçün muvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər. 2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdən məzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan və əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil bilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü il tarixinədək linki vasitəsilə ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumat üçün www.cop29.az, academy@cop29.az və ya +994125352928 müraciət oluna bilər. Ümumilikdə, qeyd edilməlidir ki, tədbir həm gənclər, həm ölkənin ümumi işçi qüvvəsinə əsaslı şəkildə təsir edəcək. Bu xüsusda ölkəmiz öz fəaliyyəti ilə paytaxt Bakı və onun hüdudlarından kənarda insan kapitalının formalaşması, infrastrukturun təkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi kimi istiqamətlərdə əldə edilən nailiyyətləri tədbirdən sonra da miras olaraq buraxmağı hədəfləyir.