COP29 Sədrliyi

Muxtar Babayev

COP29-un Prezidenti

Muxtar Babayev COP29-un Prezidentidir. M.Babayev bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib və daha əvvəl keçirilmiş beş COP-da Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib. O, 2018-ci ildən etibarən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsində çalışır.

M.Babayev 2010-cu və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı seçilib, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. M.Babayev Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Ekologiya üzrə vitse-prezident vəzifəsində çalışıb və şirkətin dayanıqlılıq, ətraf mühitin mühafizəsi üzrə inkişaf proqramlarına rəhbərlik edib.

COP29-un Prezidenti vəzifəsində Muxtar Babayev Sədrliyin Planını irəli sürəcək, tərəflərin bir araya gətirilməsi, əvvəlki vədlərin yerinə yetirilməsi və qarşıya qoyulmuş məqsəd və ambisiyaların həyata keçirilməsinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək. 

Yalçın Rəfiyev

COP29-un baş danışıqçısı

Yalçın Rəfiyev COP29 Azərbaycan üzrə baş danışıqçıdır. Y.Rəfiyev 20 ilə yaxındır Xarici İşlər Nazirliyində çalışır və hazırda xarici işlər nazirinin müavinidir. O, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi üçün bir sıra müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycanın BMT-nin Vyanadakı daimi nümayəndəliyində üçüncü və ikinci katib, Azərbaycanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyində birinci katib vəzifələrində çalışıb. Beş ilə yaxın Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinə rəhbərlik edib.

Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. NATO Müdafiə Kollecinin Ali Kursunda, Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb.

Y.Rəfiyev baş danışıqçı vəzifəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 198 Tərəfi ilə ədalətli və şəffaf proses çərçivəsində ümumi uğur vizyonuna əsaslanan danışıqlar üçün konsensus yaratmaq və potensial imkanları müəyyən etmək istiqamətində işləyəcək.

Elnur Soltanov

COP29-un baş icraçı direktoru

Elnur Soltanov COP29-un baş icraçı direktorudur. 2018-ci ildə energetika nazirinin müavini təyin edilən E.Soltanov İctimai və Beynəlxalq Əlaqələr Məktəbində dekan, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru vəzifələrində çalışıb.

O, eyni zamanda, dərs dediyi Texas Texnologiya Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktorudur, Türkiyənin Orta Şərq Texniki Universitetində (ODTÜ) beynəlxalq əlaqələr üzrə bakalavr və magistratura pillələrində təhsil alıb.

Baş icraçı direktor vəzifəsində Elnur Soltanov COP29 Sədrliyinin fəaliyyətini və onun gündəliyinin hazırlanmasını koordinasiya edəcək. E. Soltanov iqlimlə bağlı fəaliyyətin inkişafı üzrə çoxtərəfli forumlarda Sədrliyi təmsil edəcək.

Nərmin Carçalova

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı

Nərmin Carçalova COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçıdır. O, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrə rəhbərlik edib və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri kimi fəaliyyət göstərib.

Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi alan Nərmin Carçalova ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını və London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını bitirib.

Əməliyyatlar üzrə baş icraçı kimi Nərmin Carçalova COP29 tədbirinin effektiv və dayanıqlı keçirilməsinə səy göstərərək qlobal iqlim dəyişmələrinə qarşı mübarizə üzrə növbəti addımların qərarlaşdırılması və razılıq əldə olunması üçün deleqatlara münbit mühitin yaradılmasını təmin edəcək.

Nigar Arpadarai

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu

Nigar Arpadarai COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionudur. N.Arpadarai Azərbaycan Milli Məclisinin deputatıdır. O, Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Ailə, qadın və uşaq problemləri komitələrinin üzvüdür.

N.Arpadarai Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda təmsil edib. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistratura pillələrində təhsil alıb.

BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu kimi Nigar Arpadarai iqlim məqsədlərinə çatmaq üçün prosesdə müxtəlif tərəflərin və qeyri-dövlət subyektlərinin iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək, fəaliyyətlərində dayanıqlılıq məsələlərinin prioritetləşdirilməsi istiqamətində məlumatlılığın artırılması üçün özəl sektorla işləyəcək.

Leyla Həsənova

COP29-un İqlim üzrə gənclər çempionu

Leyla Həsənova COP29 Azərbaycanın İqlim üzrə gənclər çempionudur. L.Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədridir. Leyla Həsənova daha əvvəl Qoşulmama Hərəkatının Gənclər Təşkilatında Katibliyin rəhbəri və ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunda proqram koordinatoru vəzifələrində çalışıb. Dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malik olan Leyla Həsənova BMT Sistemi Personalı Kolleci (UNSSC) və BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisində (UNDRR) təhsil alıb.

İqlim üzrə gənclər çempionu kimi Leyla Həsənova gənclərin və gənclər təşkilatlarının iqlim diplomatiyasına və COP prosesinə cəlb olunmalarının təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək. O, həmçinin uşaq və gənclərin dəstəklənməsini, gənclərin iqlim fəaliyyətində iştirakını təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının rəsmi uşaq və gənclər dairəsi olan YOUNGO ilə işləyəcək.