COP Sədrlikləri Üçlüyü
COP SƏDRLİKLƏRİ ÜÇLÜYÜ – 1,5°C MİSSİYASININ YOL XƏRİTƏSİ
Perspektiv baxış, məqsədlər və işin əhatə dairəsi
Paris Sazişinin bütün əsas müddəaları üzrə iqlim tədbirlərini genişləndirmək üçün bu mühüm onilliyin qarşısında duran təxirəsalınmaz məsələlər milli səviyyədə müəyyən edilmiş ambisiyanı dəstəkləməklə yanaşı, UNFCCC prosesi çərçivəsində Tərəflərin qərarlarının icrası üçün yeni təkanı zəruri edir. Məhz bu kontekstdə ilk “Qlobal icmal” sənədi “1,5°C missiyasının yol xəritəsi”ni labüd etdi və bunun da nəticəsində COP Sədrlikləri Üçlüyü yaradıldı.
Mandat və Məqsədlər
Mandat və Məqsədlər
Üçlüyün, yəni BƏƏ, Azərbaycan və Braziliyanın (müvafiq olaraq, COP28, COP29 və COP30 Sədrliklərinin) məqsədi Tərəflərin müzakirələrdən praktiki iş və icra mərhələsinə keçmələrinə kömək edəcək innovativ və strateji tərəfdaşlıq sayəsində Dubay Konfransında başlamış dinamik tempi 2024-cü ildə Bakıda keçiriləcək COP29-a və 2025-ci ildə Belem şəhərində keçiriləcək COP30-a daşımaq məqsədi ilə Sədrliklər arasında davamlılığı, əlaqələndirməni və beləliklə də yekdilliklə razılaşdırılmış müddəaların həyata keçirilməsini təmin etməkdir. Bura iqlim dəyişməsi ilə geniş mübarizəyə yönəldilmiş birgə təşəbbüs və fəaliyyətlər də daxil olacaq. Eyni zamanda, Üçlük (iqlim dəyişməsinə qarşı mübarizə üzrə) fəaliyyət və bir sıra tədbirlər üçün ortaq platforma yaradaraq, Sədrliyin mövcud təşəbbüslərini əlaqələndirmək və artırmaqla, eləcə də 2025-ci ilin əvvəlləri üçün 1,5°C hədəfinə uyğun milli töhfə sənədlərinin təqdim edilməsini təşviq etməklə, həm UNFCCC prosesi daxilində, həm də bu proses xaricində mövcud mexanizmlərin ardıcıllıq və bağlılığını artırmağa çalışacaq.
Beləliklə, 2025-ci ildə milli müəyyənləşdirilmiş töhfələr sənədlərinin (NDC) növbəti mərhələsi birinci “Qlobal icmal” sənədindən (GST) irəli gəlməli, dünyanın kollektiv ambisiyanı yenidən müəyyən edə bilməsi və icranı sürətləndirməsi üçün əlçatan, əlverişli, şəffaf və inklüziv iqlim maliyyəsini, eləcə də digər dəstək və təchizat vasitələrini nəzərdə tutmalıdır.