COP29 Sədrliyinin Elmi Şurası müxtəlif dünyaca məşhur alimləri, universitetləri və beyin mərkəzlərini bir araya gətirir. Onun missiyası elmi rəhbərliyi təmin etmək, beynəlxalq əməkdaşlığı dəstəkləmək və Paris Sazişi çərçivəsində nəzərdə tutulan öhdəlik və məqsədlərin həyata keçirilməsinə töhfə verməkdir. Şura elmi tədqiqatların daha geniş auditoriya üçün əlçatan olmasına şərait yaratmaqla və əsas iqlim problemləri ətrafında konstruktiv elmi-siyasi müzakirələrin aparılmasını təşviq etməklə, COP29 prosesinin dəstəklənməsində mühüm rol oynayır.
COP29 Sədrliyinin Elmi Şurasının məqsədləri
- Qabaqcıl iqlim elminə əlçatanlığı asanlaşdırmaq və bu sahədə məlumatlılığı genişləndirmək məqsədilə aparıcı elmi institutları, tədqiqat təşkilatları və beyin mərkəzlərini bir araya gətirmək
- COP29 prosesini dəstəkləmək və elmin iqlim müzakirələrinin mərkəzində qalmasını təmin etmək məqsədilə elmi tədqiqatlara əlçatanlığı artırmaq
- Regional əməkdaşlığın təşviqi, geostrateji yanaşmanın diversifikasiyası və ən yaxşı təcrübələrin, eləcə də texnoloji nailiyyətlərin mübadiləsi sayəsində beynəlxalq tədqiqat layihələrini gücləndirmək
- Müxtəlif maraqlı tərəflər və iştirakçılar üçün potensialın artırılması üzrə proqramlar təşkil etmək və beynəlxalq əməkdaşlığı genişləndirmək
- Tələbə və gəncləri təhsil, maarifləndirmə və inklüzivlik vasitəsilə iqlim dəyişmələrinə qarşı mübarizə fəaliyyətinə cəlb etmək
COP29 Sədrliyinin Elmi Şurasının təşkilati strukturu
- 2 həmsədr: Şuranın həyata keçirdiyi fəaliyyətlərə rəhbərlik
- İcraçı katib: Şuranın gündəliyinə, eləcə də elmi araşdırmaların nəticələrinə nəzarət
- 28 üzv: Müxtəlif coğrafi bölgələrin, eləcə də aparıcı qurumların nümayəndələri
COP29 Elmi Şurasının İdarə Heyətinin üzvləri
ADA Universiteti elmi tədqiqat və maarifləndirmə təşəbbüslərinin davamlılığını təmin etməklə yanaşı, Şuranın fəaliyyətinə dəstək göstərən əsas tərəfdaşdır. Uzunmüddətli perspektivdə isə Elmi Şura iqlim üzrə elmi tədqiqat və siyasətin inkişafı ilə məşğul olan daimi quruma çevrilə bilər.
Müxtəlif universitetləri, elmi tədqiqat mərkəzlərini və beynəlxalq təşkilatları təmsil edən COP29 Sədrliyinin Elmi Şurasının üzvləri effektiv iqlim siyasətlərinin hazırlanmasına dəstək göstərmək məqsədilə əldə edilən irəliləyişləri müzakirə etmək, elmi nəticələri paylaşmaq və strategiyaları təkmilləşdirmək üçün müntəzəm iclaslar keçirəcəklər.