Bütün xəbərlər
COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək
COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək. Bu məqsədlə beynəlxalq iqlim konfransının keçiriləcəyi məkan Bakı Stadionunun mühüm enerji təchizatı hidratlaşdırılmış bitki yağı (HVO) hesabına qarşılanacaq. Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransını 7 əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpa olunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanlaşdırması yolu ilə istixana qaz (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi dayanıqlılıq siyasətinə əsasən ikinci əsas öhdəlikdir. Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının (HVO) seçimi və istifadəsidir. Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır. Hidratlaşdırılmış bitki yağı (HVO) aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacaqdan daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpa olunan enerji mənbələrindən təmin edəcək. Qeyd edək ki, bu innovativ təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - “SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir. COP29 Azərbaycan ƏŞ əmindir ki, bu yanaşma digər beynəlxalq tədbirlərə də nümunə olacaq və tədbirin həm dayanıqlı, həm də karbon neytral olması üzrə öhdəliyini daha da gücləndirəcəkdir.
COP29 ərəfəsində yerli otellər üçün dayanıqlılıq təlimləri keçirilir
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti Dövlət Turizm Agentliyi və Azərbaycan Hotel Assosiasiyası ilə birgə dayanıqlılıq səriştələrinin artırılması istiqamətində müvafiq addımların atılmasını davam etdirir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən hotellər müvafiq təlimlərə cəlb olunub. COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış Dayanıqlılıq Təlimatları əsasında tərtib olunmuş və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Keçirilən təlimlər Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib. Təlimlərin məqsədi qonaqpərvərlik sektorunda əməliyyatların düzgün icrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına, eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğun fəaliyyətinin təşkildə dəstəkdir. Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin hotel və qonaqlama sektoru üzrə hazırladığı Dayanıqlılıq Təlimatları özündə ən qabaqcıl beynəlxalq təcrübələri birləşdirir. Bu sənəd resursların məsuliyyətli idarə olunmasını təşviq etmək, yerli iqtisadiyyatı dəstəkləmək və inklüzivliyi təmin etmək, bununla da müsbət ekoloji, sosial və iqtisadi nəticələrə nail olmaq kimi məsələləri ehtiva edir. Təlimatda inklüzivliyin təmin olunması məqsədilə hotelin girişdən başlamış otaqlar da daxil olmaqla bütün infrastrukturunun və xidmətlərin bütün qonaqlar üçün müyəssər və əlçatan olması əsas prioritetlərdən biri kimi qeyd edilir. Təlimat həmçinin daşınma-nəqliyyat sahəsində karbon emissiyasını azaltmaq üçün yerli biznes və təchizatçılarla əməkdaşlığı təşviq edir, bu çərçivədə enerji istehlakına qənaət etmək üçün müvafiq infrastruktur və təcrübələrin tətbiqini tövsiyə edir. Bundan əlavə, müvafiq sənəd karbon ayaq izinin azalması istiqamətində müvafiq tövsiyələr, su kimi qiymətli resursu qorumaq üçün qənaətcil qurğu və texnoloji innovasiyaların tətbiqini, həmçinin plastik də daxil olmaqla müxtəlif tullantıların yaranmasının minimuma endirilməsini və təkrar emal prosesində səmərəli idarəetmə sisteminin inkişafını nəzərdə tutur.
COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb
Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir. Cari tarixə olan məlumata əsasən, COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 000 nəfəri keçib. Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir. COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir. Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.
COP29 konfransı əməkdaşlarının geyim forması müəyyən edilib
Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində işə cəlb ediləcək 10 000 nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb. COP29 korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim formaları konfrans çərçivəsində müvafiq əməliyyatların təşkilində və icrasında iştirak edəcək heyət üzvləri arasında bərabərliyi, komanda ruhunu və ekoloji məsuliyyəti vurğulamaq məqsədilə vahid stildə işlənmişdir. İşçilərin rahatlığını və funksionallığını təmin etmək üçün xüsusi olaraq dizayn edilən uniforma dəstlərinə uzunqol və qısaqol polo köynəklər, şalvarlar, kepkalar, hudi jiletlər, bel və çiyin çantaları daxildir. COP29 iqlim konfransının formatına uyğun olaraq, uniforma komplektlərinə daxil olan elementlərdə dayanıqlılıq prinsipi əsas götürülmüşdür. Belə ki, bu elementlər ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanmışdır ki, bu da COP29-un iqlim dəyişmələri ilə mübarizə üzrə öhdəliyini əks etdirir. Bundan əlavə, COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunmuşdur.
COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
Oktyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib. COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılışında COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak edib, Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub, akkreditasiya və uniforma paylama prosesinin başlanmasını izləyiblər. COP29 konfransının təşkilinə cəlb edilmiş işçi qüvvə, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla ümumilikdə 10 000 nəfərə yaxın əməkdaşa xidmət göstərəcək Mərkəz təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş imkanını əldə etmək üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə təhvil-təslimini icra etməyə imkan yaradacaq. Qeyd edək ki, COP29 işçi qüvvəsinin istifadəsi üçün nəzərdə tutulan uniforma geyimləri dayanıqlılıq prinsiplərinə uyğun olaraq hazırlanıb. Belə ki, geyim dəstləri və onun müxtəlif elementləri ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanmışdır. Bundan əlavə, COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunmuşdur. Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzi həftənin 6 günü, saat 10:00-18:00-a qədər xidmət göstərəcək.
Baş Prokurorluq COP29-la bağlı Vyanada təşviqat tədbiri keçirib
Oktyabr 17-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanaya işgüzar səfər edib. Oktyabr 17-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanaya işgüzar səfər edib. Azərbaycanın Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən "Cinayətin qarşısının alınması və ədalət mühakiməsi yolu ilə insanları və planeti qorumaq - Vyanadan (UNTOC-COP12) Bakıya (UNFCCC- COP29)" adı xüsusi sessiya keçirilib. Tədbirdə xarici ölkələrin Vyanada akkreditə olunmuş səfirliklərinin, Avstriya və Taylandın Baş Prokurorluğunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BMT-nin Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ölkəmizdə noyabr ayında keçiriləcək ən böyük iqlim konfransı, COP29-a hazırlıq çərçivəsində Azərbaycan sədrliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib. Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-a ən yüksək səviyyədə aparılan hazırlıq işlərinin yekunlaşma ərəfəsində olduğunu bildirib. Eyni zamanda, COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən 15 noyabr tarixində keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya barədə iştirakçılara məlumat verilib. Tədbirdə COP29-un promo çarxı nümayiş etdirilib. COP29 Danışıqlar Komandasının Aparıcı Danışıqçısı Şahin Şahyarov COP29 Prezidentliyinin prioritetləri və planları ilə bağlı çıxış edib. Çıxış zamanı mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyi və ətraf mühitə dağıdıcı təsiri, ekosistemin məhvinə gətirib çıxarması vurğulanmışdır. Baş Prokurorluğunun idarə rəisləri Elnur Musayev və Erkin Əlixanov ölkəmizdə ekoloji cinayətlərlə mübarizədə görülən tədbirlər və müsbət nailiyyətlər, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdə keçirilmiş 29-cu illik konfransının nəticələri, eləcə də COP 29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiya barədə məlumat veriblər. Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və BMTNCİ-nin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib. Baş prokuror tərəfindən Azərbaycan hökuməti ilə BMT arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə BMTNCİ arasında transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Qada Vali COP29 çərçivəsində Azərbaycan Prokurorluğu ilə birgə təşkil olunacaq tədbirlə bağlı görülmüş hazırlıq işlərini yüksək qiymətləndirərək Baş prokurora təşəkkürünü bildirmişdir. Həmçinin, səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirilib. BƏƏ-nin Baş nazirinin müavini - daxili işlər naziri şeyx Saif bin Zayed əl Nəhyanın salamları Baş prokuror Kamran Əliyevə çatdırılaraq COP29 çərçivəsində təşkil olunacaq yüksək səviyyəli sessiyada BƏƏ tərəfindən həmsədrlik edilməsinə dair razılıq verilməsinə görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub. Görüşlərdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib. Nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri başa çatıb.
COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir. COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliklərindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir. Belə ki, Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər xidmət göstərəcək. Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tərtib edilib. Görmə məhdudiyyəti olan şəxslər məkanda rahat naviqasiya üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlardan istifadə edə biləcəklər. Qeyd edək ki, bu materialların əksəriyyəti Azərbaycanda yaşayan görmə məhdudiyyətli şəxslər tərəfindən hazırlanıb. Tədbirlə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək. Burada əlilliyi görünməyən insanlar üçün günəbaxan simvollu lentlər istəyə görə təqdim olunacaq, Brayl əlifbası ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin ediləcək, eləcə də yoxlama və ilkin texniki dəstəyi özündə ehtiva edən təkərli oturacaqların təmiri xidməti və elektrikli təkərli oturacaqlar üçün enerji doldurma məntəqəsi fəaliyyət göstərəcək, habelə ehtiyat təkərli oturacaqlar təklif olunacaq. Bundan əlavə, fiziki imkanları məhdud olan şəxslərin tədbir məkanının bütün sahələrində yerdəyişməsini asanlaşdırmaq məqsədilə müvafiq pandus və liftlər quraşdırılacaq, eləcə də xüsusi parklanma yerləri, müyəssər sanitar qovşaqları və sakit otaq mövcud olacaq. Bununla yanaşı, tədbir məkanına girişi asanlaşdırmaq üçün piyada yoxlama-keçid məntəqələrində (PSA) “yaşıl keçid” zonaları, habelə COP tədbirləri tarixində ilk dəfə Mavi və Yaşıl zonaların girişlərində taktil xəritələr yerləşdiriləcək. Müyəssərlik və inklüzivlik öhdəliklərinin eyni zamanda qonaqlama və nəqliyyat xidmətlərində də tətbiqi icra edilir. Belə ki, iştirakçılara müyəssər qonaqlama məkanlarının, eləcə də tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantlarının geniş siyahısı da təqdim ediləcək. Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin əməkdaşlarına müvafiq təlimlər keçirilir. Bu təlim sessiyaları sayəsində şirkətin əməkdaşları və könüllülər fiziki imkanları məhdud şəxslərə planetimizin gələcəyi ilə bağlı mühüm müzakirələrdə iştirak etmək imkanı yaratmaqla yanaşı, tədbirə qatılan hər kəsə yardımçı olmaq üçün müvafiq bacarıqlara yiyələnəcəklər.
COP29 Azərbaycan Əməliyyat Şirkəti dayanıqlılıq üzrə onlayn təlim proqramını ictimaiyyətə təqdim edib
COP29 Azərbaycan Əməliyyat Şirkəti iqlim dəyişmələrinə qarşı mübarizədə dayanıqlı inkişafın və qlobal ekoloji öhdəliklərin yerinə yetirilməsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə, COP29 Azərbaycan ƏŞ tərəfindən yeni onlayn dayanıqlılıq təlim proqramı geniş ictimaiyyətə təqdim edilir. COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən tərtib edilən təlim proqramı ekoloji və sosial dayanıqlılıq, müyəssərlik, inklüzivlik və digər müxtəlif mövzularda məlumatlılığın artırılmasına xidmət edir. Proqramın məqsədi COP29 ərəfəsində dayanıqlı və inklüziv gələcəyin qurulması üçün hər bir vətəndaşın rolunu vurğulamaqla əsas anlayış və bilikləri təmin etmək, qeyd edilən istiqamətdə ictimai maarifləndirməyə töhfə vermək, eləcə də COP29 konfransı və konfransdan sonra müvafiq sahədə vərdişlərin formalaşdırılması və tətbiqinin təşviqidir. Onlayn təlim proqramından yararlanmaq istəyən hər kəs “Eduaz” onlayn tədris platformasının müvafiq bölməsi üzərindən qeydiyyatdan keçərək bu təlimlərə qoşula bilər. Qeydiyyat haqqında video təlimatı bu link vasitəsilə izləyə bilərsiniz. Təlim proqramı ilə əlaqədar yarana biləcək suallarla bağlı +994 12 535 29 28 nömrəsi ilə əlaqə saxlanıla bilər.
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
COP29 Könüllülük Proqramı çərçivəsində qlobal COP29 iqlim konfransına könüllülərin cəlb edilməsi istiqamətində seçimlər yekun mərhələyə çatdırılıb. Belə ki, COP29 könüllülərinin konfransda iştirakı üçün tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mühüm olan rol təlimləri mərhələsi yekunlaşdırılıb. Məlum olduğu kimi, ötən aylar ərzində COP29 Könüllülük Proqramının iştirakçılarının COP29 konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə onlara fərdi inkişaf, dayanıqlılıq, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzuları əhatə edən bir sıra müxtəlif ümumi təlimlər keçirilib. Ümumi təlim mərhələsini uğurla başa vuran könüllülər xüsusi rol təlimlərinə cəlb ediliblər. Xüsusi rol təlimləri könüllülərin COP29 konfransı zamanı icra edəcəyi konkret vəzifə və öhdəlikləri ehtiva etməklə, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq aidiyyati struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Bu mərhələdə könüllülər fəaliyyət göstərəcəkləri struktur bölmələrlə tanış olub, komanda üzvləri ilə görüşüb və COP29 ərzində vəzifə öhdəlikləri barədə məlumatlandırılıblar. Təlim mərhələsinin nəticəsinə uyğun olaraq Əməliyyat Şirkətinin 17 departamentində ümumilikdə 35 istiqamət üzrə çalışacaq 3000 nəfər könüllü seçilib. Sözügedən könüllülər oktyabrın 14-dən etibarən mərhələli şəkildə qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar. 3 noyabr tarixindən etibarən isə proqramın yekun mərhələsi olan tədbir məkanı - Bakı Stadionunda könüllülərin iştirakı ilə məkan təlimləri başlayacaq. Bu mərhələdə könüllülər bilavasitə tədbir məkanının infrastrukturu, Mavi və Yaşıl zonalar olmaqla müxtəlif sahələr ilə əyani tanış olacaq, ərazidə müxtəlif funskiyaları təmsil edən könüllülər koordinasiyalı şəkildə çalışma bacarıqları üzərində işləyəcəklər.
Pre-COP29 danışıqlar çərçivəsində ədalətli və ambisiyalı iqlim maliyyəsi üzrə razılaşma ilə bağlı irəliləyiş əldə olunub
COP29 Azərbaycan Sədrliyinin ev sahibliyi ilə cari ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində fikir ayrılıqlarını aradan qaldırmaq və əsas məsələlərlə bağlı erkən irəliləyişə nail olmaq üçün Bakıda keçirilən intensiv iqlim diplomatiyası həftəsi başa çatıb. Dünyanın hər yerindən nazirlər, nümayəndə heyətləri başçıları, danışıqçılar və həmfikir qrupları bir araya gətirən həftə çərçivəsində nümayəndə heyəti başçılarının iki görüşü, Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı nazirlərin yüksək səviyyəli dialoqu və Pre-COP29 tədbiri keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pre-COP29 tədbiri iştirakçılarına müraciətində qeyd edib: “COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.”İndiyədək aparılmış danışıqlara toxunan COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib: “Biz seçim imkanlarının azaldılmasında müsbət irəliləyişə nail olmuşuq və artıq üstünlük veriləcək seçimlərə dair aydın mənzərə formalaşır. Lakin Tərəflərin aradan qaldırmalı olduqları fikir ayrılıqları hələ də mövcuddur.Ötən həftə Bakıda biz danışıqların bu mühüm son mərhələsində öz həllini gözləyən məsələləri nazirlərə izah etdik. Artıq onlar ölkələrinə müvafiq addımların atılması üçün lazımi mandatları təmin etmək məqsədilə qayıtmalıdırlar. İndi hər kəs irəliləyiş əldə etmək üçün COP29 tədbirinə aydın siyasi dəstəklə gəlməlidir və artıq bunun əksinə bəraət qazandıracaq heç nə yoxdur. Belə ki, biz bu layihəni razılaşmaq üçün intensiv şəkildə fəaliyyət göstəririk.”Bakıda iqlim maliyyəsi ilə bağlı təqdim olunacaq ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) toxunan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, tələb olunan maliyyənin həcmi trilyonlarla dollar səviyyəsindədir, lakin bu ambisiyalı hədəfə necə nail olmaq barədə müxtəlif fikirlər səsləndirilib. Yalçın Rəfiyev həmçinin əlavə edib ki, dövlət sektorunun birbaşa təmin və cəlb edə biləcəyi real məbləğ yüz milyardlarla dollar civarında görünür. Yeni hədəf öz təyinatını, yəni inkişaf etməkdə olan ölkələrin, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş ölkələrin ehtiyac və prioritetlərini həll etmək məqsədini doğrultmalıdır. Həmçinin, COP29 Sədrliyi diqqəti şəffaflıq və müyəssərlik kimi keyfiyyət amillərinə də yönəldərək vurğulayıb ki, COP29 tədbirində Yeni Kollektiv Kəmiyyət Hədəfinin bütün elementləri mütləq şəkildə razılaşdırılmalıdır.Sözügedən həftə yeni iqlim maliyyəsi hədəfi üzrə danışıqlar mətninin layihə variantının hazırlanmasına dəstək baxımından da mühüm fürsət idi. Belə ki, COP29 ərəfəsində vacib bir mərhələni tərənnüm edən bu danışıqlar mətni yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.COP29 Sədrliyi noyabrda keçiriləcək COP29 tədbirində ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün öz strateji konsepsiyasını təqdim edən “mütənasib kompleks həllər paketi”nin zəruriliyini də vurğulayıb. Buraya bütün öhdəliklərin yerinə yetirilməsi və COP28 Qlobal Baxış prosesinin nəticələri əsasında növbəti konkret addımların atılması daxildir. Tərəflərə və Həmfikir Qruplara ünvanlanan ikinci açıq məktubda da qeyd olunduğu kimi, Pre-COP29 tədbiri, həm də COP29 Sədrliyinin rəsmi müzakirə predmeti olmayan təşəbbüslərinə təkan vermək üçün fürsət olub. Pre-COP29-la yanaşı bir sıra əlavə tədbirlər, o cümlədən iqlim şəffaflığına dair sessiyalar, iqlimə davamlılıq üçün insan inkişafı, eləcə də Böyük Britaniya, Vanuatu və Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilən iqlim və inkişaf üzrə nazirlər toplantısı, iqlim və sülhün qarşılıqlı əlaqəsi üzrə məsləhətləşmələr, habelə BƏƏ və Braziliyanın COP Sədrlikləri ilə əməkdaşlıq çərçivəsində 1,50C hədəfi üzrə beynəlxalq əməkdaşlıq üzrə tədbiri keçirilib.Həmçinin, COP29 Sədrliyinin təşkilatçılığı ilə COP28-də müəyyən edilmiş enerji məqsədləri üzrə irəliləyişi izləmək və tövsiyə olunan prioritetləri təmin etmək üçün Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentlik (IRENA), Qlobal Bərpa Olunan Enerji Mənbələri Alyansı (“Global Renewables Alliance”), eləcə də BƏƏ və Braziliyanın COP Sədrlikləri ilə birgə hesabatın təqdimatı keçirilib. Bu, COP29 Sədrliyinin enerji təşəbbüsləri, xüsusilə COP29-un Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində qlobal enerjinin qoyuluş gücünü 2022-ci il ilə müqayisədə 6 dəfə artıraraq 2030-cu ilə qədər 1500 QVt-a çatdırmaq xüsusunda razılaşma əldə etmək üçün fürsət idi.- 10-11 oktyabr tarixlərində Bakı şəhərində COP29 ərəfəsində həyata keçirilən hazırlıq işləri baxımından mühüm mərhələ sayılan Pre-COP29 tədbiri keçirilib.- Oktyabrın 8-də və 12-də nümayəndə heyətləri rəhbərlərinin iki görüşü təşkil olunub və bu görüşlər əsnasında nümayəndə heyətləri əsas məsələləri texniki səviyyədə müzakirə ediblər.- Oktyabrın 9-da UNFCCC tarixində aralıq iclasları ehtiva edən ilk və ən uzun görüş - Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) ilə bağlı nazirlərin yüksək səviyyəli dialoqu baş tutub. Bu görüş NCQG üzrə dialoqu siyasi müstəvidə davam etdirmək üçün 60-dan çox Tərəf ölkənin nazir və nümayəndə heyəti başçılarını bir araya gətirib.