Enerji keçidi üzrə təşəbbüslər


Azərbaycanın “yaşıl” enerjiyə keçidlə bağlı təşəbbüsləri

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5oC hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.


Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır.

Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir.

Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. “ACWA Power” və “Masdar” kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir.


Hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir.

Ölkənin şirin su ehtiyatlarının təxminən 25 faizi yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın hidroenergetika infrastrukturunun tacı 424 MVt qoyuluş gücünə malik Mingəçevir Su Elektrik Stansiyası hesab olunur.


Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması Azərbaycanı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirir.

2023-cü ilin oktyabrında 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Eyni zamanda, bir sıra digər layihələr reallaşdırılmaqdadır. Ölkə günəş enerjisi üzrə maraqlı tərəflərlə müqavilələr imzalamağa davam edir.

Azərbaycan günəş enerjisi infrastrukturunun genişləndirilməsi prosesində dövlət və özəl sektordan olan tərəfdaşlar, o cümlədən biznes təmsilçiləri və inkişaf bankları, bir sözlə, COP29 çərçivəsində danışıqların mərkəzi olan maraqlı tərəflər ilə əməkdaşlıq edir.


Azərbaycan 2023-cü ilin fevralında Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə aşağı karbonlu hidrogen istehsalını araşdırmağa başlayıb.

Ölkə yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri ortamüddətli dövrdə 10 QVt-a yaxın bərpaolunan enerji güclərinin reallaşdırılmasına imkan yaradacaq ki, bu da öz növbəsində yaşıl hidrogen istehsalına töhfə verə bilər.