01 Avqust, 2024
“İqlim fəaliyyəti fotoobyektivdə” beynəlxalq fotomüsabiqəsi
Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəngdə olaraq dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eyni zamanda iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir.
Ümumilikdə, müsabiqəyə qəbul edilən fotoşəkillər “İqlim dəyişmələrinin təsirləri”, “Iqlim həlləri və innovasiyalar”, “Gənclər və təhsil”, “Flora və fauna” olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnifatlandırılacaq. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj mahiyyəti kimi müxtəlif meyarlar üzrə ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək. Qalib fotoqrafların çəkdiyi fotoların COP29 konfransı zamanı xüsusi ekspozisiyada yer alması onlara öz istedadlarını dünyaya tanıtmağa imkan yaradacaq.Bununla yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda geniş nümayiş etdiriləcək.
Qeyd edək ki, müsabiqənin texniki tələb və şərtləri barədə daha ətraflı məlumatları linkə keçid etməklə əldə edə bilərsiniz. Layihəyə qəbul prosesi onlayn şəkildə sentyabr ayının 15-dək davam edəcək. Bu iqlim hərəkatına qoşulmaq niyyətində olan həvəskar və peşəkar fotoqraflar qeyd edilən tarixədək öz müraciətlərini photo.exhibition.cop29@cop29.az elektron poçtu vasitəsilə ünvanlaya bilər.
Digər layihələr