Tərəflərə və Həmfikir Qruplara məktub

About


Hörmətli Həmkarlar!

Builki iqlim danışıqlarına ev sahibliyi etmək məsuliyyətini üzərimizə götürdüyümüz vaxtdan etibarən mən və mənim komandam bütün Tərəflərin, təmsil olunan Həmfikir Qrupların və müşahidəçi qismində çıxış edən (tərəf olmayan) digər maraqlı tərəflərin fikir və rəylərini diqqətlə dinləmişik. Çoxsaylı görüşlərimiz zamanı sizin qarşılaşdığınız çətinliklər bizi məyus etsə də, bu çəkinliklərə qarşı əzmkarlığınız barədə eşitmək bizə stimul verir, qəti addımlarla irəliləmək iradəniz isə bizi daha da həvəsləndirir. Mən əminəm ki, hamımızı COP29-un uğuru naminə ortaq və aydın istək birləşdirir.

İqlim dəyişməsi gələcəkdə baş verəcək bir risk deyil – bu, çağdaş dünyada milyardlarla insan üçün aktual olan real və hazırda baş verən bir təhlükədir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərindən (SIDS) tutmuş ən az inkişaf etmiş dövlətlərə (LDCs) qədər bu təhlükənin ön xəttində olan icmalarda səfərdə olarkən mən iqlim dəyişməsinin təhlükəli təsirlərinin şahidi oldum. İqlim dəyişməsi bir çoxları üçün dağıdıcı nəticələrə səbəb olmaqla yanaşı, onilliklər ərzində qlobal inkişaf çərçivəsində əldə olunan nailiyyətlər üçün də təhlükə yaradır. Buna baxmayaraq, iqlim fəaliyyəti hər kəs üçün daha yaxşı gələcək vəd edir.

Artan geosiyasi gərginliklər və beynəlxalq müstəvidə müşahidə olunan qeyri-müəyyənliklər bizi əsrin ən böyük transmilli problemi olan iqlim dəyişməsi ilə mübarizə çərçivəsində əməkdaşlığa sövq etməli və bizi bu problemin həllini təmin etmək amalından yayındırmamalıdır.

Mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ondan aldığım dəyərli göstəriş və dəstək üçün minnətdaram. Zati-aliləri İlham Əliyevin də qeyd etdiyi kimi, biz hamılıqla Azərbaycanı COP29-un ev sahibi olaraq seçmək və builki iqlim danışıqlarına rəhbərliyi bizə etibar etməklə göstərdiyiniz etimaddan şərəf duyuruq. Biz inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynamaq və COP29 çərçivəsində bu prosesi konsensusa aparmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İqlim dəyişməsi ilə mübarizəni müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf üçün əvəzolunmaz fürsət kimi görmək indi hər zaman olduğundan daha vacibdir. Əminəm ki, bu, həm də sizin rəhbərlərinizin müəyyən etdiyi və təmsil etdiyiniz xalqların gözlədiyi bir istiqamətdir.

Bu məqamda diqqətimizi yönəltmək istədiyim prinsipləri sizinlə bölüşmək, habelə ambisiyaları artırmaq və iqlim fəaliyyətinə təkan vermək üçün COP29 Sədrliyinin konsepsiyasını təqdim etmək, Sədrlik üçün önəm kəsb edən əsas mərhələləri təsvir etmək və konsepsiyamızı reallığa çevirmək üçün atılacaq addımları açıqlamaq, habelə birgə fəaliyyət üçün tələb olunan əməkdaşlıq istiqamətlərini vurğulamaq istərdim.

Fəaliyyət prinsipləri

Hazırda çoxtərəfli sistem lazımi sürət və miqyasda nəticə əldə edə biləcəyini nümayiş etdirməklə əlaqədar təzyiqlərlə üzləşir. COP29 həm Paris Sazişi, həm də qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq. Biz əsas diqqəti İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) yönəldərək COP29-da bütün ən əsas və aktual məsələləri həll etməliyik.

Fəaliyyətimiz ən son elmi nəticələri rəhbər tutmalı, habelə 1,5°C hədəfini saxlamaq və heç kimi geridə buraxmamaqla bağlı yol xəritəsi də daxil olmaqla, COP28-də Tərəflərin razılaşdırdığı Qlobal Baxışın (GST) nəticələrini nəzərə almalıdır. COP29 bütün tərəflərin mümkün ən yüksək ambisiyaya nail olmaları üçün lazımi icra və dəstək vasitələrinin təmin edilməsində, eləcə də ədalət və ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi nəzərə alınmaqla hər kəsin mümkün ən yüksək ambisiyaya çatmasında mühüm rol oynayacaq. Biz daha əvvəl verilən vədləri yerinə yetirmək, mandatlarımızı icra etmək və prosesi böhranın aktuallıq və miqyasına cavab verəcək şəkildə qətiyyətlə inkişaf etdirmək əzmində olmalıyıq.

Sədrlik olaraq, biz COP29-u şəffaf, obyektiv, inkluziv və tərəflərin idarə etdiyi şəkildə həyata keçirməyə qərarlıyıq. Biz indi hamını bu prosesə sahiblənməyə və operativliyi təmin etmək üçün prosesdə vicdanla iştirak etməyə çağırırıq.

Biz bütün proses boyu inklüzivliyə tam sadiqlik nümayiş etdiririk və təkcə Bonn sessiyalarında COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi Danışıqçılar Qrupu 170-dən çox görüş keçirib. Biz dəyərli töhfələri üçün xüsusilə UNFCCC Həmfikir Qruplarına təşəkkür etmək istərdik. Bizim Həmfikir Qruplarla aylıq görüşlərimiz olub və planlarımız çərçivəsində onların da prioritet və narahatlıqlarını nəzərə almaq üçün bütün Həmfikir Qrupların dəvətli olduğu “COP29 Sədrliyinin Dostları” qrupunu təsis edəcəyik. Bu qrup ortaq problemlərimizin həlli üçün müxtəlif və zəngin həll variantlarını yönləndirməyə köməklik edəcək.

Biz, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu xanım Nigar Arpadaraini qeyri-Tərəf qismində çıxış edən maraqlı tərəflərlə qlobal iqlim tədbirləri ilə bağlı əlaqə üçün koordinator təyin etmişik və COP29 Sədrliyinin bütün üzvləri bu tərəflərlə məsləhətləşməyə davam edəcək. COP29-un İqlim üzrə gənclər çempionu xanım Leyla Həsənova tərəflərin nümayəndə heyətlərində gənc metodistlər və gənclər üçün təlim prosesinə rəhbərlik edir. Tərəflərin yaxın vaxt üçün nəzərdə tutulan iqlim planları da hər kəsin, o cümlədən köklü xalqlar və yerli icmalar, habelə qadın və gənclər da daxil olmaqla bütün Həmfikir Qrupların ehtiyaclarını əks etdirməli və inklüziv olmalıdır.

Biz 1,5°C hədəfinə hamılıqla nail olmaq və heç kimi geridə saxlamamaq üçün bir çox kəsişən müstəvilərdə birgə və ahəngdar iş nümayiş etdirməliyik. Həmçinin biz iqlimlə bağlı bütün istiqamətlər üzrə irəliləməklə yanaşı, qlobal, regional, milli və sub-milli qrupları da bu prosesə cəlb etməli, dayanıqlı inkişafı hərtərəfli nəzərdən keçirməli və inklüziv nəticələri təmin edən inklüziv proses çərçivəsində bütün demoqrafik qrupları ehtiva etməliyik. Ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi ilə bağlı COP29-un perspektiv baxışının əsasında məhz bu məqsəd dayanır.

COP29 perspektiv konsepsiyasının iki əsas istiqaməti: ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsi

COP29 Sədrliyinin keçirdiyi məşvərətlər zamanı biz ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi üzərində qurulmuş iki paralel istiqamətə əsaslanan perspektiv baxışımızı təqdim etmişik və bu baxımdan, ən ümdə prioritetimizin iqlim maliyyəsi olduğunu qeyd etmişik. Bu istiqamətlər bir-birini daha da gücləndirir – bir istiqamətdə əldə olunan irəliləyiş digər istiqamətdə görülən işlər üçün güclü dəstək rolunu oynayır. Əsas mandatların və iqlim fəaliyyətinin uğurla yerinə yetirilməsi etimad və həmrəyliyin əldə olunması, eləcə də inkişaf tempinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Bizim fikirlərimiz sizin töhfə və rəyləriniz əsasında inkişaf edərək formalaşır və biz növbəti addımlar xüsusunda ümumi razılığın əldə olunduğunu düşünürük.

Bütün ölkələr Paris Sazişinə uyğun şəkildə və Qlobal Baxış əsasında mümkün ən yüksək ambisiyaya can atmalıdır. Biz, həmçinin bilirik ki, inkişaf etməkdə olan ölkələrə dəstək göstərilməsi onları öz fəaliyyətləri çərçivəsində daha yüksək ambisiyalara sövq edəcək. Biz artıq iqlimlə bağlı ümumi maliyyə daxilolmalarını xeyli artırmalı və inkişaf etməkdə olan ölkələrə zəruri dəstəyi təmin etməliyik ki, onlar öz potensiallarını tam şəkildə həyata keçirə bilsinlər.

Ambisiyanın artırılması Paris Sazişinin məqsəd, hədəf və prinsiplərinə uyğun olaraq 1,5°C hədəfinə hamılıqla nail olmaq üçün tələb olunan aydın planların hazırlanmasını ehtiva edir. Ambisiyanı artırmağın əsas elementləri kimi, Tərəflərin ambisiyalı, hərtərəfli və etibarlı Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) sənədləri, Milli Adaptasiya Planları (NAP) və İkiillik Şəffaflıq Hesabatları (BTR) ilə hərəkət etmək əzmini göstərmələrini və beynəlxalq əməkdaşlığa daha geniş miqyasda cəlb olunmalarını qeyd etmək olar.

Fəaliyyətə təkan verilməsi lazımi icra vasitələri və dəstəyin, yəni maliyyə, texnologiya və qabiliyyət quruculuğunun, eləcə də daha geniş mümkün edici şərtlərin bütün paydaşları əhatə edərək milli, regional və qlobal səviyyədə təmin olunmasını ehtiva edir. COP29 Sədrliyinin başlıca danışıq prioriteti inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərini nəzərə alaraq, problemin təcililiyi və miqyasına uyğun olan iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Səylərimiz mövcud olan resursların tam miqyas və potensialını əhatə etməlidir. Biz, həmçinin Paris Sazişinin 6-cı maddəsinin işə salınmasını çoxdan gözlənilən prioritet olaraq tamamlamaq əzmindəyik. Çoxtərəfli maliyyə institutlarının və iqlim fondlarının gücləndirilməsi də müvəffəqiyyət üçün beynəlxalq müstəvidə imkan yaradan mühitin yaradılmasına əhəmiyyətli töhfə verəcək. Biz, həmçinin iqlim fəaliyyəti üçün özəl sektor və xeyriyyə təşkilatlarını tam səfərbər etmək istiqamətində çalışırıq.

Hər keçən gün milyonlarla insan üçün ziyan riskini daha çox artırır. İtki və Zərərə cavab verən Fondun fəaliyyətə başlaması da daxil olmaqla, biz bu istiqamətdə dərhal hərəkətə keçməliyik.

COP29 Sədrliyinin perspektiv konsepsiyasına, həmçinin fəaliyyət gündəliyinin və tematik proqramın hazırlanması da daxildir. Sözügedən hər iki istiqamətin müxtəlif elementləri çərçivəsində əldə olunan irəliləyiş bütün tematik məsələlər üzrə fəaliyyətə də dəstək olacaq. Digər qlobal prioritetlərlə yanaşı, bura maliyyə, ticarət və investisiya, eləcə də enerji, biomüxtəliflik, dayanıqlı kənd təsərrüfatı və su ehtiyatlarından rasional istifadə, habelə elm, texnologiya və innovasiyalar, o cümlədən dayanıqlı şəhərsalma (urbanizasiya) və səhiyyə kimi geniş sahələr daxildir.

COP29 Sədrliyi üçün mühüm mərhələlər

Paris Sazişinin bütün istiqamətlərində, xüsusilə də iqlim maliyyəsi sahəsində COP29-da birgə irəliləyiş əldə etməyimiz üçün güclü çağırışlar eşitmişik. COP29 Sədrliyi olaraq biz Tərəflər və qeyri-Tərəflər üçün icra vasitələri və dəstək, mitiqasiya (təsirlərin azaldılması), adaptasiya, itki və zərər istiqamətlərini müzakirə etmək və irəliləyişə nail olmaq üçün məkan təmin etmək öhdəliyi daşıyırıq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Yardımçı Qurumlarının 60-cı Sessiyası (SB60) zamanı biz gündəlikdə duran məsələlərə dair müəyyən irəliləyişlər əldə etdik və COP29 Sədrliyi olaraq, biz Tərəflərə, o cümlədən UNFCCC Katibliyinə və İcraçı katib cənab Saymon Stillə (Simon Stiell), habelə Yardımçı Qurumların sədrləri cənab Harri Vreuls (Harry Vreuls) və səfir Nabil Munirə (Nabeel Munir) sərf etdikləri gərgin əməyə görə minnətdarıq. Lakin Tərəflər arasında mövcud olan fikir ayrılıqları gərəkli irəliləyişə müəyyən qədər mane oldu. Sözsüz ki, bizim işimizin tempini artırmaq və aramızda mövcud olan boşluqları aradan qaldırmaq üçün yeni öhdəliyə təcili ehtiyacımız var. İndi itirilən vaxt həm də insan həyatının, eləcə də yaşamaq üçün lazım olan nemətlərin və ümumilikdə, planetimizin itirilməsi deməkdir.

Biz 26-27 iyul tarixlərində Azərbaycanda nümayəndə heyətlərinin rəhbərləri üçün qeyri-rəsmi görüş təşkil edəcəyik və bu görüşə bütün danışıq qruplarının nümayəndələrini dəvət etmişik. Bu görüşdə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) diqqət mərkəzində olacaq və biz Paris Sazişinin bütün istiqamətləri, o cümlədən 6-cı maddə kimi əsas mandatlar üzrə danışıqların irəliləməsi üçün imkan təmin edəcəyik. Aparılan danışıq və müzakirələrin xülasəsi bütün Tərəf və Həmfikir Qruplarla paylaşılacaq.

Biz danimarkalı nazir Dan Yorqensen (Dan Jørgensen) və misirli nazir Dr. Yasmin Fuadı (Yasmine Fouad) NCQG üzrə nazirlər olaraq təyin etmişik və qısa zamanda onların mandatı və danışıqların formatı barədə məlumat yayacağıq. Digər əsas məsələlər üzrə də irəlidə nümayəndələrin təyini üçün Tərəflərlə məsləhətləşir və sentyabrda nəticələri elan etməyi planlaşdırırıq.

COP29 Sədrliyi BMT-nin Baş Assambleyası və Nyu-York İqlim Həftəsi çərçivəsində bütün Tərəf və Həmfikir Qruplarla əlaqə saxlayacaq. Digər məsələlərlə yanaşı, biz Beynəlxalq Enerji Agentliyi (IEA) ilə yüksək səviyyəli enerji dialoqu və COP Sədrləri Üçlüyünün “1,5°C hədəfinə aparan yol xəritəsi” çərçivəsində NDC xüsusunda tədbir təşkil edəcəyik. Həmçinin biz COP28, “Global Renewables Alliance” (GRA), “Bloomberg Philanthropies”, Beynəlxalq Enerji Agentliyi (IEA), IRENA və digər tərəfdaşlarla birlikdə qlobal bərpa olunan enerji üzrə sammitin təşkilinə də dəstək verəcəyik. Bu tədbirlərin hər biri üzrə gündəlikdə duran bütün məsələlər barədə məlumat vaxtlı-vaxtında aidiyyəti üzrə paylaşılacaq.

COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbir çərçivəsində biz danışıq qrupları və Həmfikir Qrup nümayəndələrini qəbul edəcəyik. Tədbirin tam gündəliyi sentyabrda aidiyyəti üzrə paylaşılacaq. Həmçinin COP-öncəsi tədbirdən əvvəl, yəni 9 oktyabr tarixində tərəfimizdən NCQG ilə bağlı Nazirlərin yüksək səviyyəli dialoqu təşkil olunacaq.

11 noyabr tarixində dövlət və hökumət başçılarının iştirakı ilə COP29-un rəsmi açılışı, daha sonra, 12-13 noyabr tarixlərində isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək. Biz bütün dünya liderlərini tədbirdə iştiraka dəvət edirik. Sammit haqqında daha ətraflı məlumatı sentyabrda təqdim edəcəyik. Biz dünya liderlərini Paris Sazişinin irəlilələdilməsi istiqamətində öhdəliklər götürmək üçün tədbirə hazırlıqlı gəlməyə çağırırıq. Bu sammit zamanı biz ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi ilə bağlı COP29 planının iki əsas istiqaməti üzrə konsensusa nail olmağa və işlərin tempini artırmağa çalışmaqla yanaşı, bütün mandatlar üzrə öhdəlikləri yerinə yetirmək üçün siyasi iradənin mövcud olduğunu bütün maraqlı tərəflərə nümayiş etdirəcəyik.

Həmçinin, biz liderlər səviyyəsində dialoqlar təşkil edərək bir sıra əsas mövzuları, o cümlədən NDC-lər, NAP-lar və istixana effekti yaradan qaz emissiyalarının aşağı olması üzrə uzunmüddətli strategiyalar vasitəsilə təsirlərin yumşaldılması və adaptasiya ambisiyalarının artırılması, habelə NCQG və digər icra vasitələri və dəstək sayəsində fəaliyyətə təkan verilməsi, itki və zərərin qarşısının alınması, o cümlədən İtki və Zərərə cavab verən Fondun və Santyaqo şəbəkəsinin tam işə salınması kimi məsələləri əhatə edəcəyik.

Liderlər səviyyəsində keçirilən tədbirlərdən sonra biz yeni təşəbbüslərin irəli sürülməsi, uğurların qeyd edilməsi və ən yaxşı təcrübələrin paylaşılması üçün platforma olaraq COP29 nümayəndələrinin yeddi gün ərzində tematik məsələlərə diqqət yetirməsini planlaşdırırıq. Tematik günlərin və Sədrlik tərəfindən təşkil olunan tədbirlərin tam siyahısı 1 və 2 saylı Əlavələrdə əks olunub. Həmçinin biz tematik günlər proqramının mandatdan irəli gələn tədbirlərlə, xüsusilə də nazirlər səviyyəsində və digər yüksək səviyyələrdə keçirilən görüşlərlə uyğunlaşdırılmasını təmin etmək üçün UNFCCC Katibliyi ilə əməkdaşlıq edəcəyik. Bu tematik günlər çərçivəsində COP29 Sədrliyi tərəfindən qlobal və regional fəaliyyəti özündə birləşdirən və bütün maraqlı tərəflərə ambisiyanı artırmaq və fəaliyyətə təkan vermək üçün platforma təmin edən təşəbbüslər həyata keçiriləcək. Biz perspektiv konsepsiyamızın iki istiqaməti üzrə işləri sürətləndirən bir sıra öhdəliklər, bəyannamələr, təşəbbüslər, platformalar və dəstək paketləri hazırlayır və bu xüsusda məsləhətləşmələr keçiririk. Bu təşəbbüslər ilə bağlı tərəfimizdən ayrıca məlumat veriləcək.

Biz bu fəaliyyət gündəliyinin hazırlanması və icrasında mövcud beynəlxalq konsepsiyalar çərçivəsində davamlılıq və qarşılıqlı fəaliyyəti təmin etmək üçün BMT və beynəlxalq agentliklərlə tərəfdaşlıq edirik.

Gender bərabərliyi və gənclərə lazımi şəraitin yaradılması bütün tematik gün və təşəbbüslər arasında ortaq amil kimi nəzərdən keçiriləcək və bu proses COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu xanım Nigar Arpadarai və COP29-un İqlim üzrə gənclər çempionu xanım Leyla Həsənova tərəfindən dəstəklənəcəkdir.

İcra yolları

1. Fəaliyyətə təkan verilməsi, Maliyyə və İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG)

NCQG-nin qəbul edilməsi Tərəflərin icra vasitələri və dəstək xüsusunda, daha geniş mənada isə Paris Sazişinin öhdəlikləri çərçivəsində nə dərəcədə irəliləyişə nail olacaqları baxımından mühüm mərhələdir. Bu Paris Sazişindən sonra ilk böyük maliyyə hədəfi olacaq və biz Tərəflərin konsensusa nail olmalarını dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik.

COP29 Sədrliyinin danışıqlarda əsas prioriteti inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyac və prioritetlərini nəzərə alan ədalətli və ambisiyalı NCQG-ni razılaşdırmaqdır. Lakin bu, yalnız bizim prioritetimiz deyil. COP29 Sədrliyi COP29-da bu addımı atacağımıza ümid edən bir çox Tərəflərin, eləcə də icmaların səsini eşitmişdir. Bu tarixi nailiyyəti əldə etmək üçün hamımız lazım olandan daha artığını etməliyik.

Yeni hədəf Qlobal Baxışın nəticələrinə uyğun fəaliyyətin mühüm komponenti olacaq. Həm adaptasiya, həm də mitiqasiya proseslərinin maliyyələşdirilməsi üçün əhəmiyyətli artım tələb olunur və inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyaclarının Daimi Maliyyə Komitəsi tərəfindən yaxın vaxtlarda müəyyən edilməsi də iqlim maliyyələşdirilməsinin artırılması üçün əsas amil olacaq.

Bizim iqlim maliyyəsi ilə bağlı fəaliyyətimiz problemin miqyas və aktuallığına uyğun şəkildə çoxqatlı artıma nail olaraq əvvəlki səylərdən daha irəliyə getməlidir. Bu baxımdan, başlıca asanlaşdırıcı amillər kimi şəffaflıq və əlçatanlıq üçün çoxsaylı paydaşların səy göstərmələri tələb olunacaq.

Danışıqlar mətninin layihəsinin substantiv çərçivəsi ilə bağlı ad-hoc iş proqramının irəliləyiş əldə etməsi baxımından SB60 sessiyası mühüm mərhələ olmuşdur. Müzakirələri diqqətdə saxlamağa, müxtəlif seçimləri potensial həll yolları kimi bir araya gətirməyə və seçim imkanlarını mümkün qədər azaltmağa kömək edəcək, eləcə də daha aydın strukturlu müzakirələrə imkan yaradacaq. Növbəti giriş sənədini hazırlayan həmsədrlər Fiona Cilbert (Fiona Gilbert) və Zahir Fakirə (Zaheer Fakir) COP29 Sədrliyi tam olaraq etibar edir.

İşlərin texniki tərəfi əhəmiyyətli başlanğıcdır. Lakin iqlim maliyyəsi həm danışıqlarda, həm də daha geniş mənada iqlim diplomatiyasında ən çətin mövzulardan biri olmuşdur və siyasi mürəkkəbliyə malik məsələlər yalnız danışıqçılar tərəfindən həll oluna bilməz.

Biz Tərəflərdən aydın şəkildə eşitmişik ki, əsas elementlərdə fikir ayrılıqları var, bu da öz növbəsində siyasi yönləndirmə tələb edir və bu xüsusda biz yüksək səviyyəli müzakirələrə fokuslanmalıyıq. Hazırda COP29 Sədrliyi siyasi iştirakı intensivləşdirməkdədir və biz NCQG üzrə yeni nazir nümayəndələrə ayıracaqları vaxt və bizə dəstəklə bağlı göstərdikləri əzm üçün təşəkkür edirik. Biz bütün Tərəfləri işlərinin tempini artırmağa və erkən danışıqlar mövqeyindən irəli getməyə çağırırıq. NCQG cari ilin iyulunda Azərbaycanda keçiriləcək nümayəndə heyətləri rəhbərlərinin toplantısında əsas müzakirə predmetlərindən biri olacaq.

10-13 sentyabr tarixlərində 11-ci Texniki Ekspert Dialoqu və NCQG üzrə Ad-hoc İş Proqramının 3-cü iclasına Azərbaycanda ev sahibliyi edəcəyik. COP-öncəsi tədbirdən əvvəl, yəni 9 oktyabrda isə NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu təşkil olunacaqdır. Bununla yanaşı, Tərəflər bir-biri ilə birbaşa əlaqə saxlamalı və COP29-a qədər olan müddətdə mümkün qədər irəliləyiş əldə etmək üçün sessiyalararası dövrdən istifadə etməlidirlər.

Bundan əlavə, maliyyə və bənzər nazirliklər prosesə erkən mərhələdə daxil edilməlidir. COP29 Sədrliyi NCQG məsələsini bütün çoxtərəfli və ikitərəfli forumlar çərçivəsində dövlət başçıları və nazirlərlə olan siyasi gündəlik səviyyəsinə qaldırmışdır. Müvafiq nazirliklər və nazirlər danışıqların əsas predmetləri ilə tanış olmalı, eləcə də danışıqçılar və nazirlər ədalətli və ambisiyalı NCQG-yə şərait yaradacaq mandat ilə COP29-a gəlməlidirlər.

100 milyard ABŞ dolları hədəfinin qrafikə uyğun təmin edilməməsi təəssüf hissi doğursa da, COP29 Sədrliyi OECD-nin 2022-ci il üçün inkişaf etmiş ölkələrin ümumilikdə 115,9 milyard ABŞ dolları topladığını elan etməsini alqışlayır. Biz onları 2025-ci ilə qədər 100 milyard dollarlıq hədəfə çatmaq üçün səylərini davam etdirməyə və daha böyük aydınlıq və şəffaflıqla çalışmağa çağırırıq. Bu, öhdəliklərimizə sadiq qala biləcəyimizi və yeni hədəfi inamla təyin edə biləcəyimizi göstərmək üçün vacibdir.

Paris Sazişinin 6-cı maddəsi

6-cı maddə Paris Sazişi arxitekturasının əsas və zəruri tərkib hissəsidir. Onun tam şəkildə həyata keçirilməsi, iqlim dəyişmələrinin təsirlərini yumşaltma və onların adaptasiya tədbirlərinə vüsət vermək, kapital bazarlarını gücləndirmək, iqlim fəaliyyətləri və texnologiyalar üçün əlverişli iqtisadi modellər yaratmaq, maliyyə və texniki resursları inkişaf etməkdə olan ölkələrə yönləndirmək və öz iqlim planlarının həyata keçirilməsində karbon bazarlarına ehtiyac duyanlara imkan yaratmaq üçün əhəmiyyətli bir addım olacaq.

Ötən illər ərzində xeyli iş görülməsinə baxmayaraq, təxminən 10 ildən artıq müddətdə 6-cı maddənin tam şəkildə işlək vəziyyətə gətirə bilməməyimiz məyusluq doğurur. COP29 Sədrliyi bu il 6-cı maddənin tam şəkildə işlək vəziyyətə gətirilməsinin təmin edilməsini prioritet olaraq müəyyənləşdirib. Bu Paris Sazişinin məqsəd və ambisiyalarına, eləcə də COP29 Sədrliyinin ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsi ilə bağlı konsepsiyasına nail olmaq üçün vacibdir.

Son aylarda, habelə SB60-da 6-cı maddə üzrə danışıqlar prosesini irəlilətmək üçün aydın bir iradə nümayiş etdirilmiş və COP29 Sədrliyi prosesə təkan vermək üçün müzakirələri siyasi səviyyəyə yüksəltmişdir. Biz 6-cı maddə üzrə danışıqların yekunlaşdırılmasını daha da sürətləndirmək və COP29-a qədər başa çatdırmaq niyyətindəyik. Sessiyalararası dövrdən faydalanaraq həm texniki, həm də siyasi istiqamətlərdə olan fikir ayrılığının mövcud olduğu bütün məsələlər üzrə mümkün qədər çox irəliləyiş əldə etməli və ortaq məxrəcin əldə oluna biləcəyi mümkün istiqamətləri müəyyən etməliyik. Danışıqlarda tərəqqiyə nail olmaq baxımından müvafiq mandatın verildiyi hibrid formatda baş tutacaq sessiyalararası seminar və texniki səviyyədə aparılacaq danışıqlardan maksimum dərəcədə faydalanmalıyıq. Tərəfləri səyləri genişləndirməyə, çeviklik göstərməyə və ikitərəfli dialoqlarda iştirak etməyə təşviq edirik.

COP29 Sədrliyi COP29-a qədərki dövrdə inklüziv və şəffaf danışıqların aparılması üçün şərait və imkanlar yaradaraq bu səyləri dəstəkləyəcək. Azərbaycanda nümayəndə heyətləri rəhbərləri səviyyəsində baş tutacaq qeyri-formal məsləhətləşmələrdə ortaq məxrəcə gəlinməsi və konstruktiv dialoqun davam etdirilməsi məqsədilə 6-cı maddə üzrə müzakirələr aparılacaq.

İtki və Zərər

İqlim böhranından ən çox zərər çəkən həssas icmaları, xüsusən də inkişaf etməkdə olan kiçik ada dövlətlərində (SIDS) və ən az inkişaf etmiş dövlətlərdə (LDC) yaşayan insanları qorumaq üçün maliyyə dəstəyi mexanizmləri vacibdir və biz gecikmədən hərəkətə keçməliyik. COP27 və COP28-də tarixi irəliləyişlər əldə etsək də, prosesin davam etməsi, eləcə də İtki və Zərərə cavab verən Fondun tam işə salınması üçün daha çox iş görülməlidir ki, çox ehtiyac duyulan və uzun müddətdir gözlənilən vəsaitlər mümkün qədər tez paylana bilsin. Fondun İdarə Heyətinin birinci və ikinci iclaslarında vacib və müsbət irəliləyiş əldə edilmişdir. COP29 Sədrliyi müvafiq vəsaitlərin zamanında və əlçatan şəkildə təmin edilməsi məqsədilə İdarə Heyətinin il ərzində əhəmiyyətli irəliləyişləri sürətləndirəcəyinə ümid edir.

İdarə heyətinin üçüncü iclasını 18-20 sentyabr tarixlərində Bakıda, Azərbaycanda keçirəcəyik. Fondun mandatından irəli gələrək daha səmərəli şəkildə fəaliyyət göstərə bilməsi üçün bütün maraqlı tərəflər təcili, inkluziv və şəffaf işləmək üçün əzmkarlıq nümayiş etdirməlidir.

Fonda köçürülən ilk maliyyə vəsaitləri təqdirəlayiqdir. Bununla belə, iqlim dəyişmələrinin mənfi təsirlərindən xüsusilə həssas olanları qorumaq, eləcə də itki və zərərlərə cavab vermək üçün daha çox vəsait tələb olunur və biz bunun üçün Fonda daha çox vəsaitin köçürülməsinə çağırırıq.

COP29 Sədrliyi həmçinin ahəngliyi artırmaq, eləcə də itki və zərərlərə daha yaxşı cavab vermək üçün müxtəlif fondlar və maliyyə mexanizmləri ilə əlaqələndirməni artırmağa çağırır.

Biz, həmçinin ümumilikdə Varşava Beynəlxalq Mexanizmi, Santyaqo Şəbəkəsi və İtki və Zərərə cavab verən Fonddan ibarət olan itki və zərər sahəsində əlaqələndirmə və ahəngliyi dəstəkləyirik. Bu baxımdan, iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlər tərəfindən texniki yardımın mümkün qədər tez əldə oluna bilməsi üçün Santyaqo Şəbəkəsinin tam işə salınmasını dəstəkləməyə davam edirik.

2. Ambisiyaların artırılması

Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) və Mitiqasiya

1,5°C-yə uyğun və iqlimə davamlı dünya qurmaq məqsədinə çatmaq üçün Paris Sazişinə uyğun olaraq Qlobal Baxış nəticələrini milli səviyyədə müəyyən edilmiş şəkildə həyata keçirmək vacibdir. Keçən il Qlobal Baxış nəticələrində Tərəflər 1,5°C səviyyəsinə uyğun olaraq istixana qazı emissiyalarının dərhal, sürətli və davamlı azaldılmasına ehtiyac olduğunu qəbul etdilər və milli səviyyədə müəyyən edilmiş şəkildə Paris Sazişini və onların müxtəlif milli şərait, yol və yanaşmalarını nəzərə alaraq qlobal səylərə töhfə verməyə çağırdılar.

Bu, 2030-cu ilə qədər qlobal olaraq bərpa olunan enerji tutumunun üç dəfə artırılması və enerji səmərəliliyinin qlobal orta illik nisbətinin ikiqat artırılması, metan emissiyaları daxil olmaqla karbon dioksid olmayan emissiyaların qlobal miqyasda azaldılmasının sürətləndirilməsi və əhəmiyyətli dərəcədə azaldılması, həmçinin azalmayan (dekarbonizasiya olunmayan) kömür enerjisinin azaldılması istiqamətində səylərin sürətləndirilməsi kimi tədbirləri əhatə edib.

Həmçinin COP nəticəsində ilk dəfə olaraq qazıntı yanacaqlara istinad edilərək, Tərəflər milli səviyyədə müəyyən edilmiş şəkildə enerji sistemi daxilində ədalətli, ardıcıl və bərabər bir formada qazıntı yanacaqlardan imtina etməyə, bu kritik onillikdə sürətləndirici tədbirlərə töhfə verməyə çağırıldı ki, elmi əsaslarla 2050-ci ilə qədər sıfır balanslı karbon emissiyasına nail olunsun.

COP29 Sədrliyi olaraq, bütün Tərəfləri mümkün qədər tez və 10 fevral 2025-ci il tarixinə qədər 1,5°C-yə uyğun NDC-lərini təqdim etməyə çağırırıq. NDC-lər müxtəlif milli şəraitlər nəzərə alınmaqla elmi əsaslara və Qlobal Baxış nəticələrinə cavab verməli, sərmayə və dəstəyi təşviq etməlidir.

COP29 Sədrliyinin liderliyi digərləri üçün nümunə olacaq. Üçlük tərəfdaşlarımızla birgə elan etdiyimiz kimi, Azərbaycan, BƏƏ və Braziliya 1,5°C-yə uyğunlaşdırılmış NDC-lər təqdim etmək üçün çalışır. COP29-un baş icraçı direktoru Elnur Soltanov və Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Azərbaycanın NDC-ni erkən təqdim etmək və onun ilk Uzunmüddətli İnkişaf Strategiyasını (LTS) hazırlamaq üçün birgə işçi qrupa rəhbərlik edirlər. Azərbaycan NDC-ni öz LTS-nə inteqrasiya edəcək. Biz bütün Tərəfləri, iqlim fəaliyyətini dayanıqlı inkişaf məqsədlərinə və prioritetlərinə daxil etməyi təmin etmək üçün hökumətlər arasında işləməyə çağırırıq.

Üçlük daxilində beynəlxalq əməkdaşlığı və növbəti NDC-lər mərhələsində ambisiyalara təkan vermək üçün beynəlxalq imkanları əhəmiyyətli dərəcədə artırmaq məqsədilə bir sıra fəaliyyətlər üzərində də çalışırıq. Üçlük olaraq, BMT Baş Assambleyası, İqlim və Maliyyə üzrə G20 Birgə Nazirliyi, COP-öncəsi sessiya və COP29 üzrə planlaşdırılan fəaliyyətlər barədə bütün Tərəflərə ayrıca məlumat verəcəyik.

NDC-lərin hazırlanması və həyata keçirilməsində Tərəflərə dəstək vermək üçün BMT Baş Katibi və bütün BMT sistemi ilə əməkdaşlıq edirik. Üçlüyün BMT Baş katibinə çağırışına cavab olaraq, BMTİP potensialın gücləndirilməsinə dəstək vermək üçün özünün “İqlim Vədi 2025” təşəbbüsünü irəli sürüb. Bundan əlavə, biz UNFCCC-nin “NDC 3.0 Navigator”nun işə salınmasını dəstəkləyir və Tərəfləri yeni NDC-lərin layihələndirilməsi prosesində bu vasitədən istifadə etməyə dəvət edirik.

COP29 Sədrliyi mitiqasiya və ədalətli keçid məsələsində Tərəflərin müzakirələri üçün müvafiq mühit təmin etmək əzmindədir. Bu ayın sonunda Azərbaycanda keçiriləcək toplantıda bu və digər məsələlər müzakirə olunacaq. Həmçinin, bu vacib məsələlər üzrə danışıqlardan kənarda da şərait təmin edəcəyik. Artıq Beynəlxalq Enerji Agentliyi (IEA) ilə iki yüksək səviyyəli enerji dialoqu təşkil etmişik. Üçüncü dialoq isə BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək iclası çərçivəsində planlaşdırılır.

Həmçinin bütün Tərəflərin öz gələcək NDC-lərində karbon dioksid olmayan emissiyaları necə inteqrasiya edə biləcəyinə diqqət yetirəcək və kənd təsərrüfatı, tullantılar, metan və digər karbon dioksid olmayan istixana qazları mövzusunda əməkdaşlıq etmək üçün tematik proqramlarımızda yer yaradacağıq.

Oktyabr ayında Bakıda IEA ilə birgə metan emissiyaları üzrə işgüzar seminar keçirəcəyik. COP29-da ABŞ və Çin ilə birgə metan və karbon dioksid olmayan istixana qazlarının emissiyası ilə bağlı zirvə toplantısı təşkil edəcəyik.

Milli Adaptasiya Planları və Adaptasiya

Qlobal Baxış (GST) hazırkı adaptasiya səylərinin uzunmüddətli məqsədlərimizə nail olmaq üçün uyğun olmadığını müəyyən etmişdir. Qlobal Baxış fərqli milli şəraitlərə əsaslanmaqla təcili, ardıcıl, transformasiyalı və ölkə tərəfindən aparılan adaptasiya tədbirlərinə çağırır və inkişaf etməkdə olan ölkələrin Milli Adaptasiya Planları (NAP), eləcə də Adaptasiya Kommunikasiyalarını həyata keçirmək üçün üzləşdikləri ciddi maliyyə çətinliklərini qəbul edir.

Qlobal Baxışa cavab olaraq, hamımız 2025-ci ilə qədər Milli Adaptasiya Planlarına, siyasətlərinə və planlama proseslərinə sahib olmalıyıq ki, 2030-cu ilə qədər onları həyata keçirməkdə irəliləyiş əldə edə bilək. Bu planlar ən yaxşı təcrübəni bölüşmək, texnologiyanı ötürmək və bir-birimizin ambisiyalarını dəstəkləmək üçün bizə yol göstərəcək. Azərbaycan hazırda öz NAP-ını təqdim etmək üzərində işləyir və biz bütün Tərəfləri 2025-ci ilə qədər və ya daha erkən NAP-ları hazır etməyə çağırırıq.

Adaptasiya maliyyəsi yerində nəticələr əldə etmək üçün olduqca vacibdir və biz adaptasiya ambisiyalarını həyata keçirmək üçün effektiv, səmərəli və sürətli dəstəyə ehtiyac duyuruq. Qlobal Baxışda Tərəflər adaptasiya maliyyəsinin COP26-da razılaşdırılan ikiqat artırma səviyyəsindən əhəmiyyətli dərəcədə yuxarı olmalı olduğunu qəbul etdilər. Belə ki, bu inkişaf etməkdə olan ölkələrdə adaptasiyanı sürətləndirmək və davamlılığı artırmaq üçün təcili və getdikcə artan tələbi dəstəkləməlidir. COP29 Sədrliyi inkişaf etmiş ölkələri 2025-ci ilə qədər adaptasiya maliyyəsini ən azı ikiqat artırmaq üçün əhəmiyyətli irəliləyiş göstərməyə çağırır, həmçinin adaptasiya və mitiqasiya maliyyəsinin balanslaşdırılmasına ehtiyac olduğunu vurğulayır.

COP29 Sədrliyi Yaşıl İqlim Fondu və Adaptasiya Fondu da daxil olmaqla fondlara davamlı və artırılmış töhfələr göstərmək üçün təcili ehtiyac olduğunu vurğulayır və fondlarla birgə adaptasiya maliyyəsinin funksionallığını artırmaq üçün çalışır. Bununla yanaşı, biz Yaşıl İqlim Fondunu NAP-ların formalaşdırılması və həyata keçirilməsi üçün dəstəyi sürətləndirməyə çağırırıq.

Qlobal İqlim Dözümlülüyü üçün BƏƏ Çərçivəsi Qlobal Adaptasiya Hədəfinə çatmaq və onun həyata keçirilməsində ümumi irəliləyişin nəzərdən keçirilməsini yönəltmək üçün tematik və ölçüləbilən hədəflər hazırlamaq istiqamətində mühüm bir addım idi. Biz tematik proqramımızda Tərəflərə çərçivədə müəyyən edilmiş bir sıra əsas sahələrdə əməkdaşlıq etmək və su, kənd təsərrüfatı, səhiyyə, biomüxtəliflik, eləcə də infrastruktur və məskunlaşma mövzusunda həll yollarını təqdim etmək üçün platforma təmin edəcəyik. Çərçivədə göstərilən hədəflərə dair irəliləyişin ölçülməsi məqsədilə indikatorlar hazırlanması üçün BƏƏ-Belem iş proqramını dəstəkləməkdə qərarlıyıq. Biz bu proqrama təcililiyini qəbul etməklə yanaşmalı və göstəricilər üzrə konkret və erkən irəliləyiş əldə etmək üçün mövcud zamandan istifadə etməliyik.

İkiillik Şəffaflıq Hesabatları və Şəffaflıq

Şəffaflıq, UNFCCC prosesində qarşılıqlı etimadın qurulmasının əsas tərkib hissəsidir. Gələcək İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etmək üçün vaxt məhdudiyyətini nəzərə alaraq, COP29 Sədrliyi şəffaflığın və BTR-ların əhəmiyyətini önə çəkir. Bu BTR-lar həm öhdəliklər üzrə irəliləyişin izlənilməsi, həm də çatışmazlıqların və maliyyə ehtiyaclarının qiymətləndirilməsi üçün çox vacib olacaqdır.

COP29 Sədrliyi Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) hesabat mexanizmlərinin vaxtında hazır olmasını təmin etmək və prosesdə Tərəflər arasında etimad yaratmaq üçün UNFCCC ilə fəal işləyir. Bu elektron hesabat mexanizmləri rəsmi olaraq artıq işə salınmışdır. Biz ilk BTR-ların təqdim olunmasını dəstəkləyirik və hazırda prosesin irəli aparılmasına çalışmalıyıq. Hər birimiz bunu yerinə yetirməklə öyrənəcək, proses və nəticələr gələcəkdə təkmilləşdiriləcəkdir.

Azərbaycan nümunə göstərərək liderlik edəcək və hal-hazırda öz BTR-nı COP29-a qədər təqdim etmək üçün çalışır. Digər tərəfləri də BTR-larını COP29-a qədər təqdim etməyə dəvət edirik və biz Tərəflərin şəffaflıq və BTR-larını vaxtında hazırlamaqla bağlı olan öhdəliklərini nümayiş etdirmək üçün bir platforma təsis edəcəyik. Biz həmçinin, Tərəflərə maliyyə, texniki və qabiliyyət quruculuğu dəstəyinin təmin edilməsinə mandatlı olan beynəlxalq təşkilatları prosesi sürətləndirməyə çağırırıq.

COP29 Sədrliyi Tərəfləri dəstəkləmək və ETF-də iştirakın genişləndirilməsi üçün proses başlatdı. Bu təşəbbüs öhdəliklərini yerinə yetirmək üçün Tərəflərə qabiliyyət quruculuğu ilə bağlı dəstək göstərilməsi məqsədilə Azərbaycanda may ayında start verilən silsiləvi təlim seminarlarla başladıldı. Sentyabr ayının əvvəlində Bakıda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) İnventar Proqram Təminatı və bu proqram təminatının UNFCCC Hesabat Mexanizmləri ilə əlaqələndirilməsinə həsr olunan növbəti təlim seminarının keçirilməsi planlaşdırılır. Biz bir sıra tərəfdaşlarla birlikdə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit Okean, Latın Amerikası və Karib hövzəsi daxil olmaqla regional qruplar üçün təlim seminarları təşkil edəcəyik. Həmçinin mümkün qədər çox insanın iştirakının təmin edilməsi məqsədilə onlayn sessiyalar da keçirəcəyik.

BTR üçün son tarix olan 2024-cü ilin dekabrından sonra, bu təşəbbüs hədəfyönümlü dəstək, qabiliyyət quruculuğu və əldə edilmiş nəticələr üzrə təcrübə mübadiləsinin aparılması üçün platforma kimi xidmət etməyə davam edəcəkdir.

Əməkdaşlıq şəbəkələri və tamamlayıcı fəaliyyət

Artıq G7 və G20 də daxil olmaqla müxtəlif sektorlar tərəfindən mənalı və ambisiyalı iqlim fəaliyyəti nümayiş etdirilir. Bütün tərəflər iqlim böhranını həll etmək üçün liderlik və fəaliyyət nümayiş etdirməyə davam etməlidir.

COP29 Sədrliyi G7-nin son liderlər sammitində ifadə edilən iqlim fəaliyyətinə dəstəyini, o cümlədən 1,5°C-yə uyğunlaşdırılmış NDC-lərin təqdim edilməsi, 2030-cu illərin ilk yarısında mövcud azalmayan kömür enerjisi mərhələsinin dayandırılması və yeni iqlim maliyyəsi məqsədinə töhfə vermək niyyətini alqışlayır. Noyabr ayında keçiriləcək G20 liderlər sammiti ambisiyanın artırılması və fəaliyyətə təkan vermək üçün əhəmiyyətli bir an olacaq. COP29 Sədrliyi G20-ni ən mürəkkəb iqlim məsələlərinə həll yollarının təqdim edilməsi üçün erkən və ambisiyalı iqlim fəaliyyəti və əməkdaşlığı göstərməyə çağırır.

COP29 COP30 və G20 Sədrliyi olan Braziliya ilə, habelə G20 üzv ölkələri ilə əməkdaşlıq edir. Qlobal İqlim Dəyişmələrinə Qarşı Səfərbərlik üçün G20 İşçi Qrupu iqlim məsələləri üzrə fəaliyyətdə vacib bir forumdur. Azərbaycan və Braziliya bu kritik onillikdə qlobal iqlim fəaliyyətini daha da artırmaq və 1,5°C hədəfinin saxlanılması məqsədilə ambisiyanı artırmaq və fəaliyyətə təkan vermək üçün Bakıdan Belemə (B2B) təşəbbüsünü başlatmaq üzərində işləyir.

Biz həmçinin iqlim dəyişikliyi, biomüxtəliflik və səhralaşma üzrə Rio Konvensiyaları arasında əlaqələndirməni təmin etmək, sinerjini artırmaq və üst-üstə düşən məsələlərdə əməkdaşlıq etmək üçün əlavə əlaqələr qururuq. Bioloji Müxtəliflik Konvensiyası üzrə Kolumbiyanın COP16 Prezidentliyi və Səhralaşma ilə Mübarizə Konvensiyası üzrə Səudiyyənin COP16 Prezidentliyi ilə əməkdaşlığa başlamışıq və onları COP29 zamanı birgə iclasa dəvət edirik.

Beynəlxalq maliyyə qurumları inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyətinə dəstək verməkdə əhəmiyyətli rol oynayır. Səhmdarlar olaraq Tərəflər, xüsusilə G7 və G20 tərəfləri hökumət daxilindəki həmkarları ilə birlikdə işləyərək bu qurumların kənarda qalmamasını təmin etməlidir. Çoxtərəfli maliyyə institutlarının COP29-da GST-də necə irəliləyiş əldə etdiklərini, o cümlədən iqlim tədbirləri üçün maliyyə dəstəyinin miqyasınının, səmərəliliyinin artırılması və sadələşdirilmiş girişin təmin edilməsini göstərmələri vacibdir.

Yaz sessiyalarında COP29 Sədrliyi Dünya Bankı, BVF və digər çoxtərəfli maliyyə qurumlarını iqlim fəaliyyəti üzrə əhəmiyyətli addımlar atmağa çağırdı. Biz “TF CLIMA” ekspertlər qrupunun nazirlər yığıncaqları da daxil olmaqla növbəti illik iclaslarda bütün tərəfləri cəlb etmək və onların iqlim böhranına cavablarını gücləndirmək üçün hər fürsətdən istifadə edəcəyik. COP29 Prezidentliyi iqlim böhranının təcililiyinə və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun olması üçün bütün qurumları öz kapital səviyyələrini, iqlim üçün ayrılacaq vəsait nisbətlərini, müvafiq maliyyə siyasətlərini və xüsusilə LDC və SIDS üçün əlçatanlığı nəzərdən keçirməyə çağırır. COP29 maliyyə, sərmayə qoyuluşları və ticarət tematik günündə çoxtərəfli inkişaf bankları ilə (MDB) yalnız enerji sahəsi deyil, bütün iqtisadi sektorları əhatə edən, investisiya tərəfdaşlıqları üçün platforma təmin edəcək.

Özəl sektor geniş miqyasda iqlim fəaliyyətini təmin etmək üçün vacib bir tərəfdaşdır və COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai onları COP29-a cəlb etmək üçün fəaliyyətimizə rəhbərlik edir. Biz KOB-larla ən yaxşı təcrübələrdə əməkdaşlıq etmək, bacarıqları və iqlim savadını artırmaq, eləcə də qlobal şirkətlər və maliyyəçilərlə tərəfdaşlıqlar yaratmaq üçün proqramlar keçirəcəyik. İqlim həllərini tətbiq etmək və genişləndirmək üçün lazım olan maliyyə, təlim və resursların təmin edilməsi üçün iqlim innovatorları və "yaşıllığı pozanlara" diqqət yetirəcəyik. Su, bərpa olunan enerji, “xalis sıfır” və az emissiyalı texnologiyalar və qida təhlükəsizliyi daxil olmaqla əsas prioritet sahələrdə innovasiyalara diqqət yetirəcəyik.

Biz COP29 zamanı iştirakçıları səfərbər etmək və iqlim tədbirləri ilə bağlı öhdəlikləri təmin etmək üçün Biznes və Xeyriyyəçilik Forumunu təşkil edəcəyik. Bizneslər artıq “xalis sıfır” öhdəlikləri qəbul ediblər və indi onları yerinə yetirməli və geri çəkilməməlidirlər. Özəl sektor şəffaflıqda liderlik göstərməlidir və biz şirkətləri COP29-da öz güclü açıqlama prosedurlarına sadiqliklərini nümayiş etdirməyə və COP29-a kapitalın necə ayrıldığını, eləcə də investisiya qərarlarının iqlim məqsədlərimizə necə töhfə verdiyini nümayiş etdirmək üçün hazırlıqlı olmağa çağırırıq.

Nəticə

COP29 Prezidentliyi olaraq bu ilki iqlim sammitinə ev sahibliyi və rəhbərlik etmək yolunda tərəfləri dinləməyə və proseslərdə fəal iştirakımıza davam edəcəyik. Vaxt ayırdığınız, fikirlərinizi açıq söylədiyiniz və konstruktiv müzakirələr ruhunu təmin etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Sizin rəyiniz çox vacibdir.

İnanırıq ki, birlikdə real irəliləyişə nail ola biləcəyik. Dünya ictimaiyyəti COP29-da iştirak etmək üçün Azərbaycana toplaşdığı bir zamanda hər kəsin iqlim böhranı ilə mübarizədə mənəvi vəzifəsinə və kollektiv maraqlarımıza diqqət yetirməsini istəyirik. COP müxtəlif tərəflərin idarə etdiyi bir prosesdir və milyardlarla insanın bu vəzifələri yerinə yetirməyimizi və bu fürsətləri dəyərləndirməyimizi gözlədiyi bir anda hamımız əlbir olmalıyıq.

Ambisiyanı artırmaq və fəaliyyətə təkan vermək üçün COP29-un əsas sınağı ilə üzləşəcəyimiz noyabr ayında hamınızı Bakıda qarşılamağı səbirsizliklə gözləyirəm. Bununla biz hər kəsə yaşıl dünya naminə həmrəy irəliləməkdə təkan verə bilərik.

Hörmətlə,
Muxtar Babayev
COP29-un müəyyən olunmuş Prezidenti
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əlavə 1: COP29 - İki həftəlik gündəlik və tematik günlər

11 noyabr COP29-un açılışı
12 noyabr İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti
13 noyabr İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti
14 noyabr Maliyyə, İnvestisiya və Ticarət
15 noyabr Enerji / Sülh, Yardım və Bərpa
16 noyabr Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma
17 noyabr İstirahət günü və Tematik Proqramlaşdırma
18 noyabr İnsan Kapitalı / Uşaqlar və Gənclər / Sağlamlıq / Təhsil
19 noyabr Qida, Kənd Təsərrüfatı və Su
20 noyabr Urbanizasiya / Nəqliyyat / Turizm
21 noyabr Təbiət və Biomüxtəliflik / Yerli Xalqlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları
22 noyabr Yekun Müzakirələr


Əlavə 2: Əsas təqvim günləri

 

Nümayəndə heyətlərinin rəhbərləri üçün qeyri-rəsmi görüş

İyul 26-27

Şamaxı, Azərbaycan

Regional Qruplar üçün BTR seminarları

Sentyabr

 

NCQG üzrə Xüsusi İş Proqramı çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu və 3-cü görüş

Sentyabr 10-13

Azərbaycan

İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin 3-cü iclası

Sentyabr 18-20

Bakı, Azərbaycan

IEA ilə birgə ev sahibliyi edilən Yüksək Səviyyəli Enerji Dialoqu

Sentyabr

Nyu-York, Birləşmiş Ştatlar

IEA ilə birgə ev sahibliyi edilən Metan Seminarı

Oktyabr

Bakı, Azərbaycan

NCQG üzrə Yüksək Səviyyəli Nazirlər Dialoqu

Oktyabr 9

Bakı, Azərbaycan

COP-öncəsi sessiya

Oktyabr 10-11

Bakı, Azərbaycan

İqlim üzrə 2-ci Biznes və Xeyriyyə Forumu

Noyabr

Bakı, Azərbaycan

Metan və qeyri-CO2 İstixana Qazları üzrə Sammit

Noyabr

Bakı, Azərbaycan

İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti

Noyabr 12-13

Bakı, Azərbaycan

COP29

Noyabr 11-22

Bakı, Azərbaycan