COP29 Sədrliyi COP29 naminə Birgə Atəşkəs Çağırışının rəsmi olaraq açıq elan edir
21 Sentyabr, 2024
COP29 Sədrliyi COP29 naminə Birgə Atəşkəs Çağırışının rəsmi olaraq açıq elan edir


Bu gün, yəni Beynəlxalq Sülh Günündə, COP29 Sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına start verir və bütün tərəfləri siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi 1 ay ərzində atəşkəsə əməl etməyə çağırır.

Maraqlı tərəflərin sülh prosesinə dəstək olmaları üçün COP29 naminə Birgə Atəşkəs Çağırışı rəsmi olaraq açıq elan olunur. Bütün dünyadan həm tərəflər, həm də müşahidəçi qismində çıxış edən maraqlı tərəflər artıq öz dəstəklərini bildirərək Birgə Atəşkəs Çağırışını təsdiq etmişlər. Çağırışı təsdiq edən ölkə və təşkilatların siyahısı veb-saytda dərc ediləcək.

Birgə Atəşkəs Çağırışının tam mətni ilə burada tanış ola bilərsiniz: Link

COP29 naminə Birgə Atəşkəs Çağırışının tam mətni:

“Bu il bütün dünya Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində - qlobal iqlim fəaliyyəti gündəliyini müzakirə etmək üçün tarixi fürsət olan COP29 tədbirində bir araya gələcək.

İqlim dəyişməsi hamımızın yeganə ümumi evi olan Yer kürəsinə təsir edir və hər bir millət bu döyüşdə sarsılmaz mətanət nümayiş etdirməlidir.

COP29-un əsas mesajı budur ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq birlik olmalıdır.

Münaqişələrin vüsət alaraq artması fonunda bu amal həmişə olduğundan daha vacibdir. Bu, fikir ayrılıqlarını aradan qaldırmaq və uzunmüddətli sülhün yollarını müəyyən etmək üçün unikal imkandır.

Münaqişələr istixana effekti yaradan qaz (İXQ) emissiyalarını artıraraq ətraf mühiti məhv etməklə yanaşı, torpaq, su və havanı da çirkləndirir. Münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi iqlim dəyişməsini daha da gücləndirir və planeti qorumaq üçün göstərdiyimiz səyləri zəiflədir.

İqlim danışıqları hamını bir araya gətirməli, hər kəsin tam diqqət və əməkdaşlığı çərçivəsində aparılmalıdır.

Hər kəsi COP29-un keçirildiyi 1 ay ərzində COP Atəşkəs Çağırışına riayət etməyə səsləyirik!

Qoy COP Atəşkəs Çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilsin!

Hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə birlik olaq!

Biz yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik!”

Digər xəbərlər