26 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin Baş Qərargahında yüksək səviyyəli dövlət rəsmiləri, maliyyə institutları, iqlim fondları və iqlim mütəxəssisləri "COP29-a gedən Yol: İqlim Dəyişmələri Adaptasiyasına Çoxtərəfli Yanaşma" mövzusunda müzakirələr aparıb. COP29 Sədrliyi tərəfindən təşkil olunmuş tədbirdə iqlim dəyişmələrinə qarşı qlobal dayanıqlığın gücləndirilməsi məsələsinə toxunulub. Çıxışçılar son zamanlarda baş verən iqlim fəlakətləri kontekstində daha da təcili xarakter alan adaptasiya üzrə maliyyənin artırılması ətrafında fikir mübadiləsi aparıb.
Tədbirdə Milli Adaptasiya Planlarının və Qlobal Adaptasiya Hədəfinin irəlilədilməsi, həmçinin inkişaf etməkdə olan ölkələr üçün xüsusilə vacib olan adaptasiya maliyyəsi sahəsindəki maneələrin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Köməkçi Qurumlarının sədrlərinin açılış nitqi ilə başlayan tədbirdə çıxışçılar qismində İrlandiya, Tuvalu, Maldiv adaları və Qambiyanın iqlim məsələləri üzrə məsul nazirləri, Kanadanın iqlim dəyişmələri üzrə səfiri, o cümlədən Adaptasiya Fondunun rəhbəri, Asiya İnkişaf Bankının iqlim dəyişmələri üzrə direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Adaptasiya üzrə direktoru və COP29 Baş danışıqçısının müavini Samir Becanov adaptasiya səylərini sürətləndirmək üçün həll yollarının tapılması məqsədilə müzakirələrə qoşulub.
Tədbirdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr kimi xüsusilə həssas bölgələrdə adaptasiya səylərinin maliyyələşdirilməsinin genişləndirilməsinin vacibliyi vurğulanıb. İştirakçılar bu sahədə olan maneələrin aradan qaldırılması və icrası üçün innovativ yanaşmalara çağırış edib. COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev adaptasiya səyləri və adaptasiya maliyyəsinin artırılmasının zəruriliyini vurğulayıb və bu xüsusda ölkələri həmrəylik nümayiş etdirməyə çağırıb.
Tədbirdə yekun nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişmələrinin təsirlərinə xüsusilə həssas olan ölkələri qorumaq üçün qlobal əməkdaşlıq və transformasiya yönümlü tədbirlərin vacibliyini qeyd edib və bu xüsusda yaşıl gələcək naminə iqlim adaptasiyasının qlobal səviyyədə gücləndirilməsi baxımından COP29-un əhəmiyyətli olduğunu vurğulayıb.