COP29 Sədrliyi adaptasiya, təsirlərin yumşaldılması və Paris Sazişinin 6-cı maddəsi üzrə tərəfdaş nazirlər təyin edib
09 Oktyabr, 2024
COP29 Sədrliyi adaptasiya, təsirlərin yumşaldılması və Paris Sazişinin 6-cı maddəsi üzrə tərəfdaş nazirlər təyin edib


COP29 Sədrliyi adaptasiya, təsirlərin yumşaldılması və Paris Sazişinin 6-cı maddəsi ilə bağlı siyasi məsləhətləşmələrin istiqamətləndirilməsi və məlumatlandırılmanın təmin edilməsi üçün bu istiqamətlərdə tərəfdaş nazirlərin təyin edildiklərini bildirib. Bu, COP29-un sonuncu tərəfdaş nazirlər təyinatıdır. Məlum olduğu kimi, daha öncə COP29-un Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə tərəfdaş nazirləri, eləcə də şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşları təyin edilib.

COP29-un tərəfdaş nazirləri Bakıda keçiriləcək COP29 tədbirindən əvvəl siyasi iştirakın artırılması və COP29 Sədrliyinin əsas prioritetlərinin qlobal siyasi gündəliyə daxil edilməsi baxımından mühüm rola malikdirlər.

Onlar oktyabrın 10-dan 11-dək Bakıda keçirilən və bir sıra mühüm iqlim danışıqlarını ehtiva edən COP öncəsi tədbirlərin də vacib simalarıdırlar. COP öncəsi tədbirlər əsnasında, eləcə də COP29-a qədər olan müddət ərzində COP29-un tərəfdaş nazirləri bu əsas məsələlərdə irəliləyiş əldə etmək üçün siyasi məsləhətləşmələrdə iştirak edəcəklər.

İrlandiyanın ətraf mühit, iqlim və kommunikasiyalar naziri Eymon Rayan (Eamon Ryan) və Kosta-Rika Respublikasının ətraf mühit və energetika naziri Franz Tattenbax (Franz Tattenbach) adaptasiya üzrə tərəfdaş nazirlər təyin ediliblər. COP29 Sədrliyinin yeni təyinat almış tərəfdaş nazirlər qarşısında qoyduğu tapşırıq əsas adaptasiya məsələləri üzrə məsləhətləşmələrə rəhbərlik etmək, cari prioritet və perspektivlər haqqında daha yaxşı təsəvvürün formalaşdırılmasına köməklik göstərmək, mümkün imkan və maneələri müəyyənləşdirmək və bu istiqamətdə irəliləyişin asanlaşdırılmasına nail olmaqdır. Adaptasiya COP29 Sədrliyi üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərdən biridir, çünki məhz adaptasiya davamlılığın yaradılması, eləcə də insanlar, dolanışıq (yaşayış) vasitələri və eko-sistemlərin qorunması, habelə iqlim dəyişmələrinə qarşı uzunmüddətli qlobal cavab tədbirlərinin təmin edilməsi baxımından əvəzsiz komponentdir.

COP29 Sədrliyi Norveçin iqlim və ətraf mühit naziri Tore O. Sandvik (Tore O. Sandvik) və Cənubi Afrikanın meşə, balıqçılıq və ətraf mühit naziri Dr. Dion Trevers Corcu (Dion Travers George) Təsirlərin yumşaldılması (mitiqasiya) üzrə tərəfdaş nazirlər təyin edib. Onlara Tərəflərin mitiqasiya ilə bağlı əməkdaşlıq etmələri və müvafiq mandatlar çərçivəsində irəliləyişə nail olmaları üçün Bakıda müzakirələrin davam etdirilməsinə münbit zəmin yaratmaq tapşırılacaq. Təsirlərin yumşaldılması COP29 Sədrliyi üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərdən biridir, çünki bu kritik onillikdə və ondan sonrakı dövrdə 1,5°C məqsədlərinə uyğun olaraq İXQ emissiyalarının əsaslı, sürətli və davamlı şəkildə azaldılması üçün kompleks mitiqasiya ambisiyası olduqca aktual və zəruri məsələdir.

Sinqapurun dayanıqlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen (Grace Fu Hai Yien) və Yeni Zelandiyanın iqlim dəyişmələri üzrə naziri Saymon Vots (Simon Watts) Paris Sazişinin 6-cı maddəsi üzrə tərəfdaş nazirləri təyin ediliblər. Onların vəzifəsi ölkələrin öz iqlim hədəflərinə nail olmaq üçün necə könüllü əməkdaşlıq edə biləcəyini müəyyənləşdirən bu mühüm maddənin tam tətbiqinə köməklik etməkdir. Belə ki, 6-cı maddənin tam şəkildə tətbiq olunması COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək konsepsiyası çərçivəsində əsas prioritetlərdən biridir. Bu tərəfdaş nazirlər COP29 tədbirində 6-cı maddənin tətbiqini yekunlaşdırmaq üçün aparılan siyasi məsləhətləşmələrə rəhbərlik edəcəklər.

Yuxarıda qeyd olunan təyinatlardan bir qədər öncə Avstraliyanın iqlim dəyişmələri və energetika naziri Kris Bouen (Chris Bowen) və Misirin ətraf mühitə təsirlərin yumşaldılması üzrə naziri Yasmin Fuad (Yasmine Fuad) Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə tərəfdaş nazirlər, İtaliyanın iqlim dəyişməsi üzrə xüsusi elçisi professor Françesko Karvaro (Francesco Carvaro) və Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova isə şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşlar təyin ediliblər.

Digər xəbərlər