COP29 Sədrliyi və UNCTAD arasında BICFIT təşəbbüsü sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb
27 Sentyabr, 2024
COP29 Sədrliyi və UNCTAD arasında BICFIT təşəbbüsü sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb


26 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin Ticarət və İnkişaf Təşkilatının Baş Katibi Rebeka Qrinspan arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair fikir mübadilələri aparılıb. COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil edilən BMT-nin Ticarət və İnkişaf Təşkilatı və BMT-nin İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rolunu oynayırlar. Bununla yanaşı, COP29 Sədrliyi bu təşəbbüs üzrə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Görüşdə Muxtar Babayev məlumat verərək bildirib ki, COP29 Sədrliyi ilk dəfə olaraq İqlim maliyyəsi, investisiya və ticarət üzrə tematik gün təşkil edəcək. Ticarət və İnvestisiya Evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və ÜTT, BMT‐nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatası kimi tərəfdaşlarla əməkdaşlıqda təşkil olunacaq.

Daha sonra COP29 Sədrliyi tərəfindən təklif edilən yeni innovativ BICFIT təşəbbüsünün əhəmiyyətindən bəhs edərək vurğulanıb ki, bu təşəbbüsün əsas məqsədi iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsidir. Dünyada azad yaşıl iqtisadi zonaların yaradılması təşəbbüsü BICFIT-in ilk məhsullarından biri və COP29-un irsi ola bilər.

Muxtar Babayev bildirib ki, COP29 Sədrliyi bütün təşəbbüslərə dair tərəflərlə geniş məsləhətləşmələr keçirir və 13 sentyabr 2024-cü il tarixində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının Qlobal İctimai Forumu çərçivəsində ölkələrin və digər bütün tərəfdaşların iştirakı ilə BICFIT təşəbbüsünə dair xüsusi sessiya təşkil edilib.

BMT‐nin Ticarət və İnkişaf Təşkilatının Baş Katibi Rebeka Qrinspan COP29 zamanı ilk dəfə olaraq maliyyə, investisiya və ticarət gününün vahid tematik gün qismində təşkilinə və Ticarət və İnvestisiya Evinin təşkili üçün göstərilən dəstəyə görə Azərbaycan Respublikası Hökumətinə təşəkkür edib və Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsünü yüksək qiymətləndirərək iqlim maliyyəsi, investisiya, ticarət və inkişaf məsələlərini bir araya gətirərək onlar arasında əlaqənin gücləndirilməsinə hədəflənən bu təşəbbüsün böyük perspektivindən bəhs edib, BICFIT-in dialoq komponentinin rəhbərlik etdiyi təşkilat tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya İnvestisiya Forumunun bir hissəsi olması ilə bağlı COP29 Sədrliyinin təklifini alqışlayıb.

Görüşün sonunda tərəflər arasında BICFIT təşəbbüsünün digər tərəfdaşlarla sıx əməkdaşlıqda irəlilədilməsi üzrə əməkdaşlığa dair müvafiq niyyət məktubu imzalanıb.

Digər xəbərlər