Azərbaycanda Pre-COP29 tədbiri işə başlayır
10 Oktyabr, 2024
Azərbaycanda Pre-COP29 tədbiri işə başlayır

Dünya iqlim liderləri COP29 ərəfəsində iqlim danışıqlarında tərəqqiyə nail olmaq üçün Bakıda bir araya gəlirlər

BAKI, AZƏRBAYCAN, 10 oktyabr 2024-cü il - Bu gün Bakı şəhərində COP29 Sədrliyinin ev sahibliyi etdiyi dünya iqlim liderlərinin, hökumət rəsmilərinin, həmfikir qrupların və nümayəndələrin iştirakı ilə Pre-COP29 tədbirinin rəsmi açılışı baş tutub.

Pre-COP29 tədbiri noyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində Tərəflərin iqlim danışıqlarını davam etdirməsi üçün mühüm platformadır.

Pre-COP29 tədbiri zamanı müzakirələr çərçivəsində əsas diqqət COP29 tədbirindən əvvəl əsas prioritetlər, o cümlədən iqlim maliyyəsi (xüsusilə də Yeni Kollektiv Kəmiyyət Hədəfi), təsirlərin yumşaldılması (mitiqasiya), adaptasiya və İtki və Zərərə Cavab Fondu vasitəsilə həssas icmaların qlobal iqlim həllərində nəzərə alınması ilə bağlı əsaslı tərəqqinin əldə edilməsinə yönəldiləcək.

Tədbirin açılışında COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib. Müraciətində Prezident İlham Əliyev vurğulayıb: “Qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.”

Prezident İlham Əliyev bildirib: “COP29-un sədri qismində nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.”

Açılış mərasimində çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev əldə edilmiş irəliləyişləri qeyd edərək, iştirakçıları təcili hərəkətə keçməyə və Pre-COP29 tədbirindən istifadə edərək COP29-da uğurlu nəticə əldə edilməsi üçün əsas yaratmağa çağırıb.

"Biz körpülər qururuq və irəliləyiş əldə edirik, lakin daha çoxuna ehtiyacımız var," deyə Muxtar Babayev bildirib. "Biz bir araya gəldikdə, fərqləri bir kənara qoyduqda və açıq, səmimi dialoqa qoşulduqda tərəqqiyə nail oluruq." O, daha sonra əlavə edib: "Bu tədbirin məqsədi COP29-da uğur əldə edilməsi üçün hazırlıqdır. Gündəlikdə olan mandatlı məsələlərin mürəkkəbliyi və yüksək əhəmiyyəti nəzərə alınaraq, bir çox məsələlərin həllinin yalnız Zirvə Toplantısına saxlanılmasına imkan verə bilmərik."

Muxtar Babayev hər bir prioritet üçün aydın məqsədləri də açıqlayıb. Azərbaycanın COP29 üçün əsas danışıqlar prioriteti olaraq müəyyən etdiyi yeni iqlim maliyyə hədəfindən (NCQG) danışarkən o qeyd edib ki, "müəyyən elementlər üzrə mümkün yaxınlaşma əlamətləri görürük. Biz digər elementlər üzrə müzakirələri dəstəkləməyə kömək edəcək möhkəm bir təməl qurmağa yönəlmək istəyirik." Muxtar Babayev açıq şəkildə “müəyyən bir müddət ərzində rəqəmi müəyyən etmək məsuliyyətini ciddi şəkildə qəbul etməyə və həll yolları ilə irəli çıxmağa” ehtiyac olduğunu vurğulayıb. “Məqsədin şəffaflıq və əlçatanlıq kimi keyfiyyət elementləri də bu məqsədin həm ədalətli, həm də iddialı olmasını təmin etmək üçün vacibdir.”

M.Babayev, həmçinin digər əsas danışıqlar prioritetləri üzrə də məqsədləri açıqlayıb. O, maliyyə və texniki resursların yönəldilməsi üçün mühüm əhəmiyyət kəsb edən və çox vacib prioritet olan 6-cı Maddə üzrə işlərin yekunlaşdırılmasını, İtki və Zərərə Cavab Fondu üçün öhdəliklərin imzalanmış donor sazişlərinə çevrilməsini, Yaşıl İqlim Fondu və Adaptasiya Fondu da daxil olmaqla, bütün fondlara daha əhəmiyyətli və böyük töhfələrin cəlb edilməsini və BƏƏ Konsensusunun çağırışına cavab olaraq ədalətli və nizamlı şəkildə qazıntı yanacaqlarından keçidin həyata keçirilməsini vacib prioritetlər olaraq qeyd edib.

Açılış mərasimində çıxış edən UNFCCC-nin icraçı katibi Saymon Stil bildirib: “COP29 ötən il BƏƏ-də imzalanan tarixi konsensus çərçivəsində götürülmüş öhdəlikləri real dünya, real iqtisadiyyat nəticələrinə çevirməyə başlamaq üçün konkret nəticələr təmin edən COP tədbiri olmalıdır.”

“Sözsüz ki, builki konkret nəticələr arasında maliyyə məsələsi əsas yer tutur. Bu ambisiyalı yeni məqsəd hər bir ölkə və iqtisadiyyatın maraqları çərçivəsindədir. Biz iqlim böhranının bütün iqtisadiyyatları, o cümlədən ən böyük və ən varlı iqtisadiyyatları çökdürməsinin qarşısını o zaman ala bilərik ki, hər bir ölkə daha güclü iqlim tədbirləri üçün lazımı vasitələrə malik olsun” deyə Saymon Still əlavə edib.

“YouTube” platformasında canlı yayımlanan açılış mərasimində, həmçinin BMT Baş Katibinin müavini Əminə Ceyn Məhəmməd (Amina J. Mohammad), COP28-in prezidenti Dr. Sultan əl-Cabir (Dr. Sultan Al Jaber) və İcra üzrə Yardımçı Qurumun sədri səfir Nabir Munir çıxış ediblər.

Pre-COP29 tədbiri Azərbaycanın COP29-a hazırlığı çərçivəsində ən son mərhələdir və qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq, eləcə də iqlim dəyişmələrinin təsirlərinə qarşı davamlılıq yaratmaq üçün göstərilən qlobal səylər baxımından əsas məqama çevriləcək.

Pre-COP29 tədbirindən əvvəl, COP29 Sədrliyi oktyabrın 8-də Bakıda nümayəndə heyətləri rəhbərlərinin qeyri-rəsmi görüşünü, onun ardınca isə oktyabrın 9-da Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı nazirlərin yüksək səviyyəli rəsmi dialoqunu keçirib. Plana əsasən, nümayəndə heyətləri rəhbərlərinin daha bir görüşü də oktyabrın 12-də keçiriləcək. COP29 Azərbaycan Sədrliyi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü olmaq və COP29-da prosesi uğurlu nəticəyə doğru yönəltmək üçün lazımi səy göstərəcək. “COP29 həm Paris Sazişi, həm də çoxtərəflilik üçün həlledici sınaq olacaq,” deyə Muxtar Babayev bildirib. “Dünya bizi izləyir və tarix əldə etdiyimiz nəticələrlə bizi mühakimə edəcək. COP29-un uğuru və ya uğursuzluğu kollektiv olacaq və hər birimizin bu prosesdə rolu var. Hamımız əlimizdən gələnin ən yaxşısını təqdim etməliyik.”

Digər xəbərlər