COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq sənədli film müsabiqəsi elan edir
09 Avqust, 2024
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq sənədli film müsabiqəsi elan edir


COP29 Azərbaycan Əməliyyat Şirkəti qlobal iqlim problemləri və onların həll yollarına geniş ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönəlik fəaliyyətin davamı olaraq beynəlxalq sənədli film müsabiqəsi layihəsini təqdim edir. “Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış” adlı müsabiqədə iştirak üçün dünyanın istənilən ölkəsindən sənədli film çəkilişləri sahəsində təcrübəsi olan şəxs və şirkətlər dəvət olunurlar.

Təşəbbüsün əsas məqsədi qlobal iqlim fəaliyyətinin gündəmdə saxlanılması, ətraf mühit problemlərinin həllinə yönələn kollektiv səylərin səsinə səs verməkdir. Belə ki, layihə sənədli film müəlliflərinin yaradıcı potensialını aktual iqlim mövzularına yönəldərək, bu sahədə fəaliyyət göstərən şirkət və şəxslər üçün iqlim problemlərinin həllində öz kreativ yanaşmalarının tətbiqi üzrə təşviqat platforması olacaq. Müsabiqə dayanıqlı iqlim gələcəyinə doğru atılan addımlarda praktiki fəaliyyətin yaradıcı ideya və yanaşmalarla dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müsabiqənin əsas mövzuları biomüxtəliflik və ekosistemlərin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması, gender və ətraf mühit məsələlərinin təsirləri, yerli bilik və tərcübələr, bərpa olunan enerji həlləri kimi müxtəlif istiqamətləri əhatə edir. Videomateriallar ümumilikdə 5 fərqli nominasiya üzrə müxtəlif əhatəli meyarlar üzrə ixtisaslaşmış ekspert komissiyası tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şərt və tələbləri barədə ətraflı məlumat COP29 rəsmi veb-səhifəsindən əldə edilə bilər. Qeyd olunmuş tələblərə cavab verən videoməhsullar 15 sentyabr 2024-cü il tarixinə qədər documentary.competition@cop29.az elektron poçt ünvanına göndərilməlidir. Layihənin yekununda tam və qısametrajlı kateqoriyalarda qalib olan filmlər noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında, eyni zamanda COP29-un rəsmi veb-saytında və sosial media hesablarında nümayiş etdiriləcək.

Digər xəbərlər