İqlim maliyyəsi üzrə danışıqlar yekun mərhələyə daxil olur
27 Sentyabr, 2024
İqlim maliyyəsi üzrə danışıqlar yekun mərhələyə daxil olur

COP29 Sədrliyi BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində nazirlərin qeyri-rəsmi görüşünü təşkil edir. Bu görüş danışıqlardakı durğunluğun aradan qaldırılması üçün siyasi iştirakın əhəmiyyətli dərəcədə artırılması istiqamətində ciddi addım olacaq.


Bu gün COP29 Sədrliyi BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) ilə bağlı nazirlərin qeyri-rəsmi dialoqunu təşkil edəcək. Bu görüş NCQG danışıqlarının siyasi müstəviyə yüksəlməsi ilə əlamətdardır və COP29 Sədrliyinin cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirində ədalətli və ambisiyalı nəticəni təmin etmək öhdəliyini əks etdirir.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayevin rəhbərliyi ilə keçirilən bu dialoqda danışıq qruplarının sədrləri də daxil olmaqla, bir çox ölkələrdən yüksək səviyyəli nümayəndələrin iştirak edəcəyi gözlənilir. Sözügedən dialoq COP29-da razılaşdırılması nəzərdə tutulan NCQG ilə bağlı müzakirələri inkişaf etdirmək üçün əsas siyasi məsələlər xüsusunda birbaşa əməkdaşlıq platforması olacaq.

Görüşdən əvvəl Muxtar Babayev qeyd edib: “Ədalətli və ambisiyalı yeni iqlim maliyyəsini razılaşdırmaq üçün aparılan danışıqlar mühüm və yekun mərhələyə daxil olur. COP29 Sədrliyi tədbir zamanı razılaşma əldə etmək üçün ən çətin məsələləri aradan qaldırmalı olan siyasi liderlər arasında intensiv şəkildə əlaqələr qurur. Bunlar mürəkkəb danışıqlardır –əks halda, bu danışıqlar artıq çoxdan öz həllini tapmış olardı. Beləliklə, nazirlər bir araya gəlib ya uğur qazanacaq, ya da nəticə əldə edə bilməyəcəklər. İndi bütün dünya ambisiyanı artırmağımız və fəaliyyətə təkan verməyimiz üçün nazirlərin iqlim maliyyəsini həll etmələrini gözləyir.”

Cümə günü keçiriləcək görüşdən əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil isə vurğulayıb: “İqlim böhranının ən böyük və zəngin ölkələr də daxil olmaqla bütün dünya dövlətlərinin iqtisadiyyatını çökdürməsinə yalnız o halda mane ola bilərik ki, hər bir ölkə daha güclü iqlim tədbirləri görmək, emissiyaları kəskin şəkildə azaltmaq və davamlı icmalar, o cümlədən təchizat zəncirləri yaratmaq imkanına malik olsun. Buna görə də COP29-da ambisiyalı yeni iqlim maliyyəsi hər bir hökumət üçün əsas hədəf olmalıdır. Bütün dünya Azərbaycanın sədrliyi ilə keçirilən COP29 tədbirində hökumətlərin qətiyyətli addımlar atmasını gözləyəcək.”

Azərbaycan dəfələrlə bəyan edib ki, ədalətli və ambisiyalı NCQG-nin razılaşdırılması COP29 Sədrliyinin əsas danışıq predmetidir. Artıq texniki işlərin demək olar ki, başa çatdığı və daha intensiv siyasi müdaxilə və təlimatlara ehtiyac duyulduğu bir mərhələdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun tədbirdə toplanan tərəflər qarşısında çıxış etməsi və bu il Bakıda sözügedən müzakirələr çərçivəsində ümumi mövqenin müəyyənləşdirilməsi və NCQG-nin təqdim edilməsinin önəmini qətiyyətlə vurğulaması gözlənilir.

Bu yüksək səviyyəli dialoq COP29 Sədrliyinin NCQG üzrə işlərin gedişatını sürətləndirmək üçün planlaşdırdığı silsilə tədbirlərdən biridir. Həmçinin, COP29 Sədrliyi oktyabrın 8-də Bakıda nümayəndə heyətinin rəhbərləri ilə qeyri-rəsmi görüş, oktyabrın 9-da nazirlərin yüksək səviyyəli rəsmi dialoqu, 10-11 oktyabr tarixlərində isə COP29 öncəsi tədbir keçirəcəyini açıqlayıb.

Eyni zamanda, COP29 Sədrliyi bu yaxınlarda misirli nazir Dr. Yasmin Fuadı və avstraliyalı nazir Kris Boueni NCQG üzrə nazirlik nümayəndələri təyin edib və onlara bu mövzuda qeyri-rəsmi siyasi məsləhətləşmələrə başlamağı tapşırıb. Bununla yanaşı, qarşıdan gələn bir neçə həftə ərzində texniki Ad Hoc İş Proqramının həmsədrləri danışıqlar mətninin layihə variantı üçün dolğun konsepsiyanı paylaşmağa hazırlaşırlar.

Həmçinin, COP29 Sədrliyi öz əsas danışıq predmeti xüsusunda konsensus əldə etmək və irəliləyişə nail olmaq üçün bütün mövcud çoxtərəfli forumlarda, o cümlədən Dünya Bankının qarşıdan gələn illik iclaslarında NCQG mövzusunu müzakirəyə çıxarmaq niyyətində olduğunu təsdiqləyib.

Digər xəbərlər