İsveçrənin Cenevrə şəhərində təşkil edilmiş Ümumdünya Ticarət Təşkilatının (ÜTT) İctimai Forumunda COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünün (“BICFIT”) təqdimatı keçirilib
18 Sentyabr, 2024
İsveçrənin Cenevrə şəhərində təşkil edilmiş Ümumdünya Ticarət Təşkilatının (ÜTT) İctimai Forumunda COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünün (“BICFIT”) təqdimatı keçirilib


Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 2024-cü il üzrə Qlobal İctimai Forumunda COP29-un təşəbbüslərinə həsr edilmiş xüsusi sessiya təşkil edilib. Sessiyada ÜTT Katibliyi, BMT‐nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatasının rəsmiləri iştirak edib. 13 sentyabr 2024-cü il tarixində ÜTT-nin Qlobal İctimai Forumu çərçivəsində təşkil edilən bu sessiyada 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbirinə hazırlıq işlərinı dair məlumatlar təqdim edilib.

Sessiya iştirakçılarına tematik günlərin təşkili üçün COP29 Sədrliyi tərəfindən görülən işlər, COP29 Sədrliyinin irəli sürdüyü qlobal təşəbbüslər, ticarət sahəsində prioritetlər və təşəbbüslər, eləcə də Ticarət və İnvestisiya Evi barədə məlumat verilib. Məlum olduğu kimi, Ticarət və İnvestisiya Evi iqlim problemlərinin həllində ticarətin oynadığı rolu araşdırmaq üçün nəzərdə tutulmuş xüsusi məkandır. ÜTT-nin Qlobal İctimai Forumunda COP29 Fəaliyyət Gündəliyi üzrə Qlobal Təşəbbüslər Qrupunun həmrəhbəri Elmar Məmmədov iştirakçılara məlumat verərək bildirib ki, COP29 Sədrliyi ilk dəfə olaraq İqlim maliyyəsi, investisiya və ticarət üzrə tematik gün təşkil edəcək. Ticarət və İnvestisiya Evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və ÜTT, BMT‐nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatası kimi tərəfdaşların dəstəyi ilə həm Mavi, həm də Yaşıl zonalarda təşkil olunacaq.

Sessiya əsnasında Elmar Məmmədov COP29 Sədrliyinin irəli sürdüyü İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (“BICFIT”) dair qlobal ticarət ictimaiyyətini məlumatlandırıb və qlobal gündəliyə gətirilən bu yeni innovativ təşəbbüsün əhəmiyyətindən bəhs edib. Bu təşəbbüsün əsas məqsədinin iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi olduğu vurğulanıb.

BICFIT bu məsələlərdə kompleks yanaşmaların inkişafına dəstək olmaq, bilik mübadiləsinə şərait yaratmaq, iqlim investisiyalarını təşviq etmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirmək üçün qlobal platforma rolunu oynayacaq. Həmçinin, bu təşəbbüs iqlim maliyyəsi, investisiya və ticarətin ölkələrin milli iqlim siyasətləri və inkişaf planlarına tam inteqrasiyasını təmin etməyə, iqlimə müsbət təsir göstərən investisiyaları cəlb etmək üçün investisiya təsisatlarını gücləndirməyin yollarını araşdırmağa töhfə verəcəkdir. Eyni zamanda, BICFIT təşəbbüsü müvafiq milli, regional və sub-regional platformaların yaradılmasını stimullaşdırmaqla iqlim maliyyəsi, investisiya və ticarət arasındakı əlaqəni də gücləndirəcək. Bu təşəbbüs iqlim fəaliyyəti ilə inkişaf məqsədlərinin yerli səviyyədə daha məqsədyönlü şəkildə uyğunlaşdırılmasını təmin edən konkret iqlim layihələrinin tərtib olunması, strukturlaşdırılması və hazırlanması üzrə proseslərə də töhfə verəcəkdir.

BMT‐nin Ticarət və İnkişaf Təşkilatının iki ildən bir təşkil olunan Ümumdünya İnvestisiya Forumu və digər qlobal platformaların tərkib hissəsi kimi, BICFIT dialoqları əməkdaşlığı və ortaq həlləri təşviq etmək üçün müntəzəm surətdə həyata keçiriləcək. Beləliklə, ÜTT-nin 2024-cü il Qlobal İctimai Forumunda təşkil edilmiş COP29 sessiyası BICFIT təşəbbüsü ilə bağlı qlobal məsləhətləşmə prosesinə də töhfə vermiş oldu.

ÜTT-nin ən irimiqyaslı tədbiri olan Qlobal İctimai Forumu unikal platformadır və burada müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflər qlobal ticarət sahəsindəki ən son yenilikləri müzakirə edərək çoxtərəfli ticarət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürürlər. Hər il bu tədbirə vətəndaş cəmiyyəti, elmi dairələr, müxtəlif şirkətlər, ölkə hökumətləri, beynəlxalq təşkilatlar və media nümayəndələri də daxil olmaqla 3000-dən çox iştirakçı qatılır.

Digər xəbərlər