COP29 Sədrliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıqla bağlı yeni əməliyyat məlumatlarını təqdim edir
19 Sentyabr, 2024
 COP29 Sədrliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıqla bağlı yeni əməliyyat məlumatlarını təqdim edir

  • COP29 Sədrliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün ayrılmış məkanda hazırlıq işləri, eləcə də dayanıqlılıq öhdəlikləri və Azərbaycanda tədbir ziyarətçilərinə ev sahibliyi etmək üçün nəqliyyat və qonaqlama planları ilə bağlı yeni məlumatlar təqdim etmişdir.

  • Bakı şəhəri 11-22 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında dünya ölkələrinin nümayəndələrini qarşılamağa hazırdır.


Bakı, 19 sentyabr 2024-cü il

Bu gün COP29 Sədrliyi 11-22 noyabr 2024-cü il tarixində keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünya ölkələrinin nümayəndələrini Bakıda qarşılamaq üçün Azərbaycan hökumətinin həyata keçirdiyi hazırlıq işləri ilə bağlı yeni əməliyyat məlumatlarını ətraflı şəkildə təqdim etmişdir.

Bakı şəhərində keçirilən brifinq zamanı COP29 Sədrliyi tədbirin məkanı, dayanıqlılıq üzrə öhdəliklər, eləcə də nəqliyyat və qonaqlama məsələləri ilə bağlı hazırlıq işlərini ətraflı şəkildə izah edib. Bu səylər çərçivəsində əsas məqsəd nümayəndə heyətləri, maraqlı tərəflər və ziyarətçilərin tədbir zamanı problemlərlə üzləşməməsi və bütün diqqəti iqlim fəaliyyətinə yönəltmələrini təmin etməkdir.

Dayanıqlılıq öhdəliklərini özündə ehtiva edən tədbir məkanında hazırlıq işləri artıq tamamlanmaq üzrədir.

Bir neçə ay davam edən intensiv səylərdən sonra Bakı Stadionunda həyata keçirilən işlər artıq tamamlanmaq üzrədir. Stadion altı zonaya bölünmüşdür və açıq havada müvəqqəti çadır konstruksiyaların quraşdırılması tam başa çatmışdır. 100.000 m²-dən çox ərazidə isə COP29-un Mavi Zonası yerləşir.

Həm Mavi, həm də Yaşıl zonalarda nümayəndə heyətləri və ziyarətçilərin COP prosesində məhsuldar və effektiv şəkildə iştirak etmələri üçün müvafiq otaq və avadanlıqlar yerləşir. Məqbul ziyarətçi təcrübəsini xüsusi olaraq təmin etmək üçün stadionun bütün sahələrində yüzlərlə xüsusi əməkdaş işə cəlb olunmuşdur. Stadionda beynəlxalq əlçatanlıq və mobillik standartlarına cavab verən bir sıra müxtəlif qonaqlama modulları yaradılıb.

Hərtərəfli və etibarlı maddi qiymətləndirmə prosesindən sonra bəzi əsas sahələr xüsusi olaraq nəzərə alınmaqla ətraflı dayanıqlılıq strategiyası çərçivəsində yeddi öhdəlik müəyyən edilmişdir. Bunlar karbon neytrallığı, irs və davamlılıq, əlçatanlıq və inklüzivlik, dayanıqlılıq təcrübələrinin təşviqi, şəffaflıq və məsuliyyət, kollektiv mühafizə və əməyin təhlükəsizliyi, eləcə də inklüziv və hörmətcil mühitin yaradılmasıdır.

Tullantıların idarə edilməsi və nəqliyyat da daxil olmaqla, “ekoloji qaynar nöqtələr”də emissiyaların azaldılması səyləri ilə yanaşı, etibarlı ölçmə sistemləri və verilənlərin təhlili vasitəsilə karbon neytrallığı məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilmişdir.

COP29 Nəqliyyat Marşrutu Şəbəkəsi üzrə Strategiya

Nümayəndə heyətlərinin COP29 məkanına gediş-gəlişini asanlaşdırmaq üçün diqqətli planlaşdırma aparılmış və COP29 Sədrliyi tərəfindən həm təhlükəsiz və səmərəli, həm də problemsiz səfər təcrübəsini təmin etmək üçün COP29 Nəqliyyat Marşrutu Şəbəkəsinin hazırlandığı bildirilmışdır. Bu strategiya sərnişin davranışına dair etibarlı verilənlər və analitika ilə dəstəklənən bütün hökumət yanaşmalarını özündə ehtiva edir.

Bu proses nümayəndə heyətlərinin hava limanını tərk etməsi ilə başlayır. Belə ki, hava limanının çıxışında onları qonaqlama yerlərinə və ya tədbir məkanına aparıb gətirmək üçün 24 saat xidmət göstərəcək xüsusi taksi parkı, eləcə də şəhər servis marşrutları və qonaqlama servis marşrutları qarşılayacaq. Bütün taksilər tam əlçatandır və avtomobil parkında bir sıra elektrikli taksilər də mövcuddur.

COP29 nəqliyyat marşrutu şəbəkəsinə yarıdan çoxu elektrikli olmaqla, konfransa üçün ayrılmış 350 servis avtobusundan ibarət avtopark daxildir. Bu servis avtobusları ödənişsizdir və avtobusların marşrutu şəhərin əsas nöqtələrində yerləşən 14 nəqliyyat qovşağı ilə birləşir. Sözügedən nəqliyyat qovşaqlarının yaradılmasında məqsəd COP29-un nümayəndə heyətləri üçün bu qovşaqlarla tədbir məkanı arasında (sərnişinlərin düşüb-minməsi üçün) çoxsaylı dayanacaqları təmin etmək və eyni zamanda, Bakının ictimai nəqliyyat şəbəkəsi ilə əlaqə yaratmaqdır.

“Bnetwork” platforması tərəfindən dəstəklənən qonaqlama xidmətləri

Bakıda keçiriləcək COP29 tədbirində iştirak edən hər kəsi qarşılamaq və yerləşdirmək kimi müştərək məqsəd çərçivəsində birlik olmağı hədəfləyən və özündə bir neçə agentliyi ehtiva edən qonaqlama strategiyası hazırlanmışdır. Bakıya gələn qonaqlara münasib qiymətə və əlverişli yerdə həm təhlükəsiz, həm də etibarlı qonaqlama təklif etmək səylərinin mərkəzində isə 2, 3, 4 və 5 ulduzlu otellər, qısamüddətli kirayə evləri və mənzillər də daxil olmaqla bir sıra qonaqlama seçimləri təklif edən asan və təhlükəsiz bron platforması - “Bnetwork” dayanır.

Son bir neçə gün ərzində platformaya əlavə 4000 otaq, o cümlədən yaşayış kompleksləri daxilində üç gecəlik minimum qonaqlama seçimləri də əlavə edilib. Platformada mövcud olan bütün qonaqlama yerləri gələn nümayəndə heyətləri üçün yüksək xidmət standartını təmin etmək məqsədilə COP29 rəsmiləri tərəfindən keyfiyyətə zəmanət yoxlamalarından keçirilir.

Səfər zamanı nümayəndələrə yarana biləcək hər hansı suallarla bağlı köməklik göstərmək üçün COP29 müddətində qaynar xətt də fəaliyyət göstərəcək.

Kompleks media xidmətləri

COP29 Azərbaycan Əməliyyat Şirkəti ilin ən önəmli iqlim tədbirini KİV-də effektiv şəkildə işıqlandırmaq məqsədilə UNFCCC ilə sıx əməkdaşlıq çərçivəsində qlobal media üçün münasib platforma təmin etmək əzmindədir. Mövcud obyektlərə 6,325 m2 sahəni əhatə edən müvəqqəti media mərkəzinin tikintisi də daxildir. Bundan əlavə, Mavi Zonanın media məkanlarında ayaqüstü müsahibə nöqtələri, iki mətbuat konfransı otağı, telestudiya və mətbuatla görüş zonası daxildir (əlavə olaraq, 15 telestudiya da hazır edilib).

Əməliyyatların gedişatını və məkanın hazırlığını şərh edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bunları bildirmişdir: “- COP29 Sədrliyi olaraq bizim prioritetimiz konfransla bağlı Bakıya gələn və ölkədən gedən bütün iştirakçılar üçün problemsiz və səmərəli səfər təcrübəsini təmin etməkdir. Bu isə həm Tərəflərin, həm də qeyri-tərəf qismində çıxış edən maraqlı tərəflərin COP29 çərçivəsində əsas diqqəti ambisiyanın artırılmasına və fəaliyyətə təkan verilməsinə yönəltmələrinə şərait yaradacaq. Məkanın planlaşdırılması üzrə intensiv səyləri, eləcə də nəqliyyat və qonaqlama strategiyalarımızı bir araya gətirməklə, biz dayanıqlılıq və iqlimlə bağlı mülahizələri COP29-in bütün təşkilati aspektlərinə inteqrasiya edir, eləcə də liderliyimizi və tədbir çərçivəsində iqlim dəyişməsi ilə bağlı öhdəliyimizi nümayiş etdiririk. Biz noyabrda bütün dünya ölkələrindən gələn qonaqları Bakıda qarşılayacağımıza ümid edirik.”

Digər xəbərlər