Şəffaflıqla bağlı Tərəflərə və Həmfikir Qruplara məktub
29 Avqust, 2024
Şəffaflıqla bağlı Tərəflərə və Həmfikir Qruplara məktub

Hörmətli Həmkarlar!

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) 75 gündən az müddət qalır və buna görə də, biz iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti üzrə müştərək öhdəliyimizi nümayiş etdirmək üçün konkret addımlar atmalıyıq.

Bu ilin əvvəlində bildirdiyimiz kimi, COP29 Sədrliyinin perspektiv konsepsiyası bir-birini dəstəkləyən iki paralel istiqamətə əsaslanır: ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi. Əlbəttə, iqlim maliyyəsi bizim üçün prioritet məsələ olaraq qalır. Biz milli iqlim planlarının növbəti hazırlıq mərhələsində bütün Tərəflərin öz ambisiyalarını artırmasının vacibliyini və şəffaflığın qarşılıqlı etimad və öhdəliklərin əsasını təşkil etməsini bir daha vurğulamaq istəyirik. Bu iqlim dəyişməsinə qarşı mübarizə sahəsində həyata keçirdiyimiz kollektiv tədbirlərin etibarlı, hərtərəfli və ölçüləbilən olmasını təmin edir. Hesabatlılığımız və fəaliyyətimizin, inkişaf və problemlərimizin şəffaf şəkildə elan edilməsi iqlim sahəsindəki hədəflərimizə nail olmaq əzmimizi bir daha təsdiqləyir.

Bu baxımdan, COP29 Sədrliyi Genişləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) fonunda İkiillik Şəffaflıq Hesabatlarının (BTR) mühüm rol oynadığını vurğulayır. İlk BTR-lərın təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarix yaxınlaşdıqca, bütün ölkələr bu hesabatları təqdim etməyə hazır və qadir olmalıdır. BTR-lər gördüyümüz işlərin gedişatına nəzarət, etimadın yaradılması, eləcə də əlavə fəaliyyət və investisiya tələb edən sahələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Biz bütün Tərəfləri öz BTR-larını COP29-dan öncə təqdim etməyə çağırırıq. Biz BTR-ların hazırlanması üzrə hər bir ölkənin fərqli mərhələlərdə olduğunu diqqətə alır, BTR-ların erkən təqdim edilməsinin şəffaflığa olan müştərək öhdəliyimizin bariz nümunəsi olduğunu bildiririk.

COP29 Sədrliyi BTR-larını erkən təqdim etdikləri üçün Qayana, Andorra və Panama hökumətlərini təqdir edir. Azərbaycan da öz növbəsində bu ənənəni davam etdirmək üçün COP29-dan əvvəl öz BTR-nı təqdim etməyə hazırlaşır. Həmçinin, biz BTR-larını COP29-a qədər təqdim etməyi öhdəsinə götürmüş bütün Tərəflərə öz dərin təşəkkürümüzü bildiririk. Sizin səyləriniz COP29 zamanı xüsusi olaraq vurğulanacaq və müəyyən edilmiş son tarix, yəni 2024-cü ilin 31 dekabr yaxınlaşdıqca, başqalarını da ruhlandıracaqdır.

Biz başa düşürük ki, hesabatların hazırlanaraq təqdim olunması Tərəflərin bir hissəsi üçün çətin olacaq və bu səyləri dəstəkləmək üçün potensialın artırılmasına böyük ehtiyac var. Bunu nəzərə alan COP29 Sədrliyi həm COP29-da, həm də sonrakı dövrdə kollektiv şəffaflıq öhdəliklərimizi yerinə yetirməyimiz üçün davamlı siyasi fəaliyyəti təmin etmək, əməkdaşlığı, eləcə də qabiliyyət quruculuğu səylərini gücləndirmək məqsədilə qətiyyətli addımlar atır.

COP29 ərəfəsində artan şəffaflıq fəaliyyətinin dinamikasını qoruyub saxlamaq üçün COP29 Sədrliyi 3 sentyabr 2024-cü il tarixində Yüksək səviyyəli dialoq (HLD) keçirəcək. Bu dialoq zamanı əsas diqqət Tərəflər arasında etimadın yaradılması, ETF-də universal iştirakın əhəmiyyəti haqqında siyasi məlumatlılığın artırılması və tərəflər arasında əməkdaşlığın təşviqinə yönəldiləcək.

Yüksək səviyyəli dialoq zamanı COP29 Sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) rəsmi olaraq start veriləcək və COP29-un Şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşları - Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova və İtaliyanın iqlim dəyişməsi üzrə xüsusi elçisi professor Françesko Korvaro təqdim ediləcəkdir. Bizə göstərdikləri dəstəyə görə həm Zülfiyyə Süleymanovaya, həm də Françesko Korvaroya təşəkkür edir və COP29-un uğurlu icrasını təmin etmək üçün bütün Tərəfləri onlarla əməkdaşlığa çağırırıq.

BTP-nın əsas məqsədi Tərəflər arasında etimadı artırmaq və BTR-ların hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platforma inkişaf etməkdə olan Tərəf ölkələrin qabiliyyət quruculuğunun inkişafı üzrə səylərinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, ETF-in 2024-cü ildən sonra da həyata keçirilməsinə kömək etmək məqsədi daşıyır. BTP mövcud şəffaflıq ekosisteminə uyğunlaşaraq onu təkmilləşdirməklə, #Together4Transparency (#ŞəffaflıqNaminəHəmrəylik) təşəbbüsü daxil olmaqla mövcud şəffaflıq platformalarını tamamlayacaqdır. Məqsədimiz inkişaf etməkdə olan Tərəf ölkələri BTR-lərin hazırlanaraq təqdim olunmasında dəstəkləmək, ETF-nin hər bir sahəsi üzrə bütün Tərəflər arasında əməkdaşlıq və bilik mübadiləsini təşviq etmək və potensialın artırılması üzrə resursları ehtiyac duyulan yerlərdə daha yaxşı səfərbər etmək əzmində olan maraqlı tərəfləri bir araya gətirməkdir. Biz bu səylər çərçivəsində ETF-in effektiv icrasını və Paris Sazişinin ümumi uğurunu təmin edə bilərik.

Biz həmçinin Tərəfləri dəstəkləmək və onların ehtiyaclarını effektiv şəkildə qarşılamaq istiqamətində BTP-nin oynaya biləcəyi rolu daha yaxşı başa düşməyə çalışırıq. Mən sizi bu yüksək Səviyyəli dialoqda (HLD) iştiraka, dəvət edir, iqlim şəffaflığını birlikdə genişləndirmək istiqamətində mühüm addım olan BTP-nin davamlı inkişafı üçün rəy və təkliflərinizi bölüşə, töhfələrinizi verə bilərsiniz. Eyni zamanda, COP29 Sədrliyinə BTR-lər üzrə əldə edilmiş irəliləyişi qiymətləndirməyə və səylərinizi necə dəstəkləyə biləcəyimizi müəyyənləşdirməyə imkan verəcək onlayn sorğumuzda sentyabrın 30-dək iştirak etməyinizi xahiş edirəm. Bu sorğunun linki UNFCCC Katibliyi tərəfindən Tərəflərin koordinatorlarına təqdim olunacaq.

13-14 may 2024-cü il tarixində Bakıda keçirilmiş ilk COP29 şəffaflıq seminarının davamı olaraq, COP29 Sədrliyi növbəti dövr ərzində şəffaflıq üzrə səylərini daha da gücləndirəcək, tərəfdaşlarla birlikdə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrində regional seminarlar keçirəcək . Həmçinin, biz iştirakçıların coğrafiyasını genişləndirmək və inklüzivliyi təmin etmək üçün onlayn BTR seminarların təşkilini də davam etdirəcəyik. Bundan əlavə, biz UNFCCC Katibliyi ilə birlikdə BTP çərçivəsində 25 sentyabr 2024-cü il tarixində BMT Baş 79-cu sessiyasında Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq təşkil edəcəyik.

COP29 Sədrliyi bütün Tərəfləri vətəndaş cəmiyyəti, köklü xalqlar, qadınlar, gənclər və digər əsas maraqlı tərəfləri şəffaflıq prosesinə cəlb etməyə çağırır. Yalnız inklüziv mühitdə çalışmaqla, biz iqlim fəaliyyəti üzrə müştərək ambisiyamızı artırmaq üçün tələb olunan etimad və məsuliyyəti gücləndirə bilər, kollektiv iqlim hədəflərimizə nail ola və hər bir kəsin mənafeyi naminə dayanıqlı gələcək yarada bilərik. Sizə BTP-də iştirak etməyi və bu platformanın təmin etdiyi dəstək və resurslardan tam şəkildə yararlanmağı qətiyyətlə tövsiyə edirik.

Şəffaf və effektiv iqlim fəaliyyətinə göstərdiyiniz davamlı dəstək və əzminiz üçün sizə təşəkkür edirik!

Muxtar Babayev
COP29-un müəyyən edilmiş Prezidenti
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Digər xəbərlər