“COP29 Sədrliyinin Dostları” Qrupunun işə başlaması ilə bağlı COP29 Sədrliyi tərəfindən növbəti addım
05 Sentyabr, 2024
“COP29 Sədrliyinin Dostları” Qrupunun işə başlaması ilə bağlı COP29 Sədrliyi tərəfindən növbəti addım


COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev UNFCCC-nin Həmfikir Qruplarına məktub ünvanlamış və onlara “COP29 Sədrliyinin Dostları” qrupuna qatılmaq üçün hər Həmfikir Qrupdan iki nəfər nümayəndə təyin etməyi təklif etmişdir.

“COP29 Sədrliyinin Dostları” qrupu UNFCCC-nin Həmfikir Qruplarının ehtiyac və prioritetləri haqqında birbaşa müzakirə yolu ilə COP29 çərçivəsində aparılacaq danışıqların mövzuları xüsusunda onların səslərinin eşidilməsi imkanı verəcək.

COP29-un müəyyən edilmiş Prezidentinin Tərəflərə və Həmfikir Qruplara ünvanladığı birinci məktubda qeyd olunduğu kimi, bu, Sədrliyin iqlim məsələləri ilə bağlı builki danışıqları şəffaf, qərəzsiz və inklüziv şəkildə aparmaq öhdəliyinin icrası istiqamətində atılmış mühüm addımdır.

Həmfikir Qruplara ünvanlanan müraciətin tam mətni ilə aşağıda tanış ola bilərsiniz:

Hörmətli həmkarlar!

Tərəflərə və Müşahidəçi Təşkilatlara ünvanladığımız birinci məktubda COP29 Sədrliyi iqlim məsələləri ilə bağlı builki danışıqları şəffaf, qərəzsiz və inklüziv şəkildə aparmağı öhdəsinə götürmüşdür.

COP29 Sədrliyi inklüzivliyi uğurlu danışıqlar prosesinin mühüm elementi hesab edir və bu, müştərək problemlərimizi aradan qaldırmaq üçün həm müxtəlif, həm də çoxsaylı həll variantlarını təmin etməyimizə şərait yaradacaq. Bu prosesdə bütün maraqlı tərəflərin məqsədyönlü iştirakı COP29-un uğurlu olması üçün fundamental əhəmiyyət kəsb edir. Biz isə hər kəsin fikir bildirməsinə bütün lazımi şəraiti yaratmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Hədəfimiz dünya insanlarının səslərini bir araya gətirməkdir və bu baxımdan, cəmiyyətin əsas sektorlarının geniş koalisiyalarını təmsil edən UNFCCC-nin Həmfikir Qrupları və qəbul edilmiş təşkilatlar mühüm rol oynayır. Bu prosesin ilk günündən etibarən, mən və mənim komandam Həmfikir Qrupları dinləyir və onlarla əməkdaşlıq edirik.

Həmçinin, biz İqlim Fəaliyyəti üzrə Kopenhagen Nazirlər İclası, Petersberq İqlim Dialoqu və Bonn İqlim Konfransında şəxsən görüşərək qlobal iqlim fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Təkcə Bonnda keçirilən sessiyalar zamanı danışıqlar üzrə nümayəndə heyətimizin rəhbəri, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və onun komandası 170-dən çox görüş çərçivəsində danışıqlar və məsləhətləşmələr aparmışdır.

Keçirməkdə olduğumuz aylıq görüşlər və ikitərəfli əməkdaşlığımız kimi mövcud platformalar işlərimizi nizama salmaq üçün səmərəli format olsa da, biz bununla kifayətlənməmək və builki müzakirələrdə Həmfikir Qrupların da əsas rola malik olmasını təmin etmək niyyətindəyik. Məhz buna görə də, COP29 Sədrliyi 2024-cü ilin iyulunda Tərəflərə və Müşahidəçi Təşkilatlara ünvanladığı birinci məktubda elan etdiyi “COP29 Sədrliyinin Dostları” qrupunun fəaliyyətinə start verməyi təklif edir.

“COP29 Sədrliyinin Dostları” qrupu əsas diqqəti COP29 çərçivəsində aparılan danışıqların mövzularına yönəldəcək. COP29 Sədrliyi isə danışıqların uğurla keçirilməsində Həmfikir Qrupların malik olduğu bilik və təcrübədən böyük məmnuniyyətlə faydalanacaq. Biz həmçinin inanırıq ki, bu format iqlim məsələləri ilə bağlı danışıqlarda Həmfikir Qrupların prioritet və ehtiyaclarını daha yaxşı əks etdirəcəkdir.

Təklif edirəm ki, Həmfikir Qrupların hər biri “COP29 Sədrliyinin Dostları” qrupunda təmsil olunmaq üçün iki nümayəndə təyin etsin. COP29 Sədrliyi “COP29 Sədrliyinin Dostları” qrupunun ilk iclasını bu ay keçirməyi planlaşdırır.

Biz inklüziv nəticələr verən inklüziv proses həyata keçirmək əzmindəyik və bu məqsədə nail olmaq üçün bizə dəstək olmağınızı və bizə qoşulmağınızı xahiş edirik.

Hörmətlə,

Muxtar Babayev,
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
COP29-un müəyyən edilmiş Prezidenti

Digər xəbərlər