COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirləri ilə mübarizə sahəsində dəstək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verib
03 Sentyabr, 2024
COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirləri ilə mübarizə sahəsində dəstək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verib


Bakı, 3 sentyabr 2024-cü il: Bu gün COP29 Sədrliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) start verib. BTP-nin məqsədi Tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir.

Bu məlumatı Bakıda keçirilən COP29 Sədrliyinin yüksək səviyyəli dialoqunda COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev açıqlayıb.

UNFCCC ilə əməkdaşlıq çərçivəsində yaradılan Bakı Qlobal İqlim Şəffaflığı Platforması inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində kömək göstərmək üçün həm Konvensiya Tərəflərini, həm də maraqlı tərəfləri bir araya gətirəcək. Konvensiya Tərəflərinin tətbiq etdikləri Genişləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) fonunda İkiillik Şəffaflıq Hesabatları (BTR) cari ildə şəffaflığın inkişafı baxımından mühüm rol oynayır.

Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verməklə, COP29 Sədrliyi BTR hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı potensialın artırılmasında inkişaf etməkdə olan Tərəf ölkələrin səylərini dəstəkləmək niyyətindədir. Belə ki, bu platforma sayəsində dünya ictimaiyyəti görülən işlərin gedişatını daha yaxşı izləyərək etimad yarada biləcək və iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əlavə fəaliyyət və investisiya tələb edən sahələri müəyyən edəcəkdir.

BTP-nin birinci mərhələsi çərçivəsində əsas məqsəd BTR-lərin 2024-cü ildə təqdim olunmasını təmin etməkdir. İkinci mərhələdə isə platforma ETF-in icrası və bu layihədə universal iştirak üçün məqsədyönlü dəstək göstərməklə yanaşı, Tərəflərin həm 2024-cü ildə, həm də sonrakı dövrdə həyata keçirdikləri işlərin dinamikasını izləməyə davam edəcək.

COP29 Sədrliyi qarşıdan gələn aylarda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrində şəffaflıq üzrə regional seminarlar keçirəcək.  Eyni zamanda COP29 Sədrliyi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində həm BTP tərəfdaşlarının, həm də UNFCCC Katibliyinin dəstəyi ilə Qlobal Şəffaflıq Dialoqunu təşkil edəcəkdir.

Həmçinin şəffaflıq sahəsində siyasi iştirakı artırmaq məqsədilə COP29 Sədrliyi Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova və İtaliyanın iqlim dəyişməsi üzrə xüsusi elçisi professor Françesko Korvaronun COP29-un şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşları təyin olunduqlarını bəyan edib.

Yeni təyin olunmuş tərəfdaşlar BTR prosesinin COP29-dan əvvəl sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, həm COP29 ərəfəsində, həm də bilavasitə tədbir zamanı əsas diqqəti şəffaflığın əhəmiyyəti xüsusunda siyasi məlumatlılığın artırılmasına yönəldəcəklər.

Bakı Qlobal İqlim Şəffaflığı Platformasının açılışında çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bunları bildirib: “COP29 Sədrliyi milli iqlim planlarının növbəti hazırlıq mərhələsində ambisiyanı artırmaq üçün mühüm addım olaraq Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) start verib. Hesabat və fəaliyyətimizi, inkişaf və problemlərimizi şəffaf şəkildə elan etməklə, biz iqlim ilə bağlı hədəflərimizə nail olmaq əzmimizi bütün dünyaya nümayiş etdirə bilərik. BTP platformasını yaratmaqla, biz inkişaf etməkdə olan Tərəf ölkələrə öz BTR-lərini vaxtlı-vaxtında hazırlayaraq yekunlaşdırmaqda dəstək göstərmək istəyirik.”

“Şəffaflıq prosesinin Paris Sazişinin mühüm elementi olduğunu və iqlim dəyişmələrinə qarşı mübarizəmizdə mühüm əhəmiyyət kəsb etdiyini bildirməklə yanaşı, mən Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova və İtaliyanın iqlim dəyişmələri üzrə xüsusi elçisi professor Françesko Korvaronun COP29-un şəffaflıq üzrə yüksək səviyyəli tərəfdaşları seçildiklərini elan etdim. Bu mütəxəssislər şəffaflığın əhəmiyyəti xüsusunda siyasi iştirakın yaradılmasına köməklik göstərəcəklər. COP29 Sədrliyi yeni tərəfdaşlarla çalışmaq arzusundadır və mən bu şəxslərə həm əməkdaşlıq etdikləri, həm də əzmkarlıq göstərdikləri üçün öz dərin minnətdarlığımı bildirirəm.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev isə qeyd edib ki, “Şəffaflıq COP29 Sədrliyinin ambisiyanı artırmaq və fəaliyyətə təkan vermək səyləri baxımından mühüm əhəmiyyət kəsb edir. Effektiv İkiillik Şəffaflıq Hesabatları (BTR) iqlim təşəbbüsləri üzrə irəliləyişimizi qiymətləndirmək üçün mühüm istinad nöqtələri ola bilər. İqlim dəyişmələri ilə bağlı kollektiv səylərimizin əsasını təşkil edən BTR-lər Tərəflər arasında qarşılıqlı inam və etimad yaratmaqla yanaşı, bizi daha çox irəliləyiş əldə edə biləcəyimiz sahələri müəyyənləşdirməyə və daha böyük ambisiyalara həvəsləndirir.”

“COP29 Sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasını ərsəyə gətirməkdə məqsədi inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. Bakı Qlobal İqlim Şəffaflığı Platforması vahid yanaşmanı təmin etmək və kollektiv səylərimizin effektivliyini artırmaq üçün mövcud şəffaflıq platformaları ilə əməkdaşlıq edəcək.

Həmçinin, sözügedən platforma hökumət, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiya məkanı olacaq. Tərəflərin BTR-ləri hazırlaması və ETF-də iştirakı ilə bağlı təcrübə, çətinlik və uğurların paylaşılmasını təşviq etməklə, Bakı Qlobal İqlim Şəffaflığı Platforması kollektiv səylərimizi daha da artıracaq.”

“Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) COP29-un bu kollektiv səylərə verdiyi töhfəni təmsil edir. Mən ümid edirəm ki, biz birlikdə işləyəcək və BTP sayəsində irəliləyişə nail olacağıq. Biz qətiyyət və həmrəylik nümayiş etdirərək qlobal iqlim fəaliyyətlərinin təməlini gücləndirə və daha dayanıqlı gələcək qura bilərik.”

Digər xəbərlər