COP29 Baş Danışıqçısı iqlim diplomatiyasının uğuru üçün Azərbaycan sədrliyinin baxış və strategiyasını təqdim edib
10 İyun, 2024
COP29 Baş Danışıqçısı iqlim diplomatiyasının uğuru üçün Azərbaycan sədrliyinin baxış və strategiyasını təqdim edib


COP29-un Baş Danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev noyabrda Bakıda keçiriləcək iqlim sammiti ilə bağlı COP29 Sədrliyinin baxış və strategiyasını təqdim edib. Bonn İqlim Dəyişmələri Konfransı çərçivəsində Y.Rəfiyev tərəflər və müşahidəçi qruplarlara COP29 Sədrliyinin baxış və strategiyasının iki istiqaməti - ambisiyaları artırmaq və iqlim fəaliyyətini təmin etmək – barədə məlumat vermiş və bu ilin iqlim diplomatiyasının prioritet və gündəm mövzularını açıqlamışdır.

COP29 Sədrliyinin şəffaflıq və əməkdaşlıq fəaliyyətinə sadiqliyinə uyğun olaraq, Baş Danışıqçı Rəfiyev COP29-un baxışı və strategiyası ilə bağlı rəy və məlumat almaq üçün tərəflər və müşahidəçi qruplarla açıq tərkibli məsləhətləşmələr aparmışdır.

Ambisiyaları artırmaq istiqaməti üzrə, COP29 Baş Danışıqçısı “Milli Müəyyənləşdirilmiş Töhfələr” (NDC) və “Milli Uyğunlaşma Planları” (NAP) üzrə iddialı planlar və hədəflər təqdim etmək üçün tərəflərin açıq gözləntiləri olduğunu qeyd edib. O, bu sənədlərin təqdim edilməsinin Paris Sazişinin “Gücləndirilmiş Şəffaflıq Mexanizmi” çərçivəsində cari ildə nəzərdə tututlan ilk “İkiillik Şəffaflıq Hesabatları” ilə tamamlanacağına diqqət çəkib.

Bir qisim tərəflərin bu planlar və hesabatları təqdim etməklə bağlı çətinliklərlə üzləşdiyini vurğulayan Y.Rəfiyev, COP29 Sədrliyinin tərəflərin bu istiqamətdə zəruri dəstək əldə etməsi üçün görülmüş işlər barədə məlumat verib.

İqlim fəaliyyətinin təmin edilməsi ilə bağlı ikinci istiqamət üzrə, Y.Rəfiyev ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi hədəfi və Paris Sazişinin 6-cı maddəsi üzrə fəaliyyətin yekunlaşdırılması istiqamətində davam edən danışıqlara toxundu.

Y.Rəfiyev vurğuladı ki, Azərbaycan tərəfi iqlim böhranının başlıca problemlərindən birini həll etmək istiqamətində tərəflərin göstərdiyi həmrəylik ruhuna görə minnətdardır. O həmçinin tərəfləri Bonn Konfransı çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzrə danışıqlarda mümkün olduğu qədər mövqelər arasında fərqlilikləri aradan qaldırmağa və mövcud seçim variantlarını azaltmağa çağırdı.

Azərbaycan sədrliyinin iqlim gündəliyinin irəlilədilməsinə sadiqliyinin göstəricisi olaraq, Baş Danışıqçı Rəfiyev COP29-un Sədrliyinin yeni iqlim maliyyəsi hədəfi və digər gündəm mövzuları ətrafında müzakirələrin aparılması üçün iyul ayında Azərbaycanda heyət rəhbərlərinin qeyri-rəsmi görüşünün təşkil ediləcəyini bildirdi.

Y. Rəfiyev həmçinin qeyd etdi ki, iqlim fəaliyyətlərində uğurun təmin edilməsi üçün COP-prosesindən kənarda da irəliləyiş önəmlidir. Bu xüsusda, ötən il Dubay COP-da qəbul edilmiş “Qlobal İcmal” sənədində qeyd edildiyi kimi, çoxtərəfli inkişaf bankları və beynəlxalq maliyyə təşkilatlarının mühüm rol oynadığı qeyd edilib. Daha sonra o, qlobal maliyyə institutları və G7 və G20 kimi birliklərin gələcək görüşlərində iqlim ambisiyalarının artırılması və fəaliyyətin təmin edilməsi öhdəliyinə işarə etmək üçün gözləntiləri açıqladı.

Ən son elmi yeniliklər və builki danışıqların gündəliyi fonunda Y.Rəfiyev davam edən iqlim danışıqlarını “Paris sazişi və qlobal iqlim fəaliyyəti üçün lakmus sınağı” kimi xarakterizə etdi. Çıxışının yekununda o, qeyd etdi ki, hazırkı məqam irəliləyiş və ya qırılma anıdır. Proses artıq kifayət qədər nəticə verib, lakin hazırda əsas sual onun hamı üçün kifayət qədər fayda təmin edib-etməməsidir.

Digər xəbərlər