Azərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin İqlim Konfransında təqdirlə qarşılanıb
05 İyun, 2024
Azərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin İqlim Konfransında təqdirlə qarşılanıb


Bu gün Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində Azərbaycanın COP29-un sədri kimi növbəti tədbiri təşkil edilib.

Qlobal iqlim dəyişmələri bir çox sahələrdə olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Bu səbəbdən qlobal iqlim dəyişmələri nəticəsində qida və su təchizatında yaranan böhranların potensial münaqişələrə çevrilməsinin qarşısının alınması kimi vacib məsələ COP gündəmində əhəmiyyətli yer tutur.

Mövzuya həsr edilən tədbirə sədrlik edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov qeyd edib ki, Azərbaycanın COP29 sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyə dəstək olmaqdır. Səfir bildirib ki, ölkə başçımızın tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəsi çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən həssas kateqoriya olan kiçik ada dövlətləri üçün xüsusi dəstək fondunun yaradılması təşəbbüsünü də qeyd edən İskəndərov, dünya əhalisinin getdikcə artan hissəsinin həm iqlim dəyişmələri, həm münaqişələrdən əziyyət çəkdiyini, bu baxımdan daha çox regionların “xüsusilə həssas” kateqoriyasına daxil olduğunu bildirib, ölkəmizin COP29 sədri qismində təşkil etdiyi tədbirin bu qəbildən olan dünya xalqları üçün işlək strategiya və əməli dəstəyin təmin edilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.

Tədbirdə COP28 prezidentliyini təmsil edən Deyn Mak Kuin çıxışı zamanı Dubayda ötən il keçirilmiş COP zamanı qəbul edilmiş “İqlim dəyişmələri, dayanıqlılıq, sülh və yardım” başlıqlı bəyannamədən bəhs edib, Azərbaycanın sədrliyi altında COP prosesində sülh gündəliyinin irəli sürülməsini yüksək qiymətləndirib, konkret çalarlar qazanacağına əminliyini vurğulayıb.

Daha sonra çıxış edən Almaniyanın iqlim üzrə danışıqçısı Eliza Ozbek və Uqandanın BMT-dəki daimi nümayəndəsi Adonio Ayebare xüsusilə həssas kateqoriyada olan dünya əhalisinə beynəlxalq yardımın vacibliyi, iqlim dəyişmələrinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə yol açmaması üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən danışıblar. Bu məqsədlə Almaniya və Uqanda Bakı COP-unda mövzunun müzakirəsini təmin etmək üçün təşəbbüslə çıxış ediblər, Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsində zəngin təcrübəsini nəzərə alaraq, bu təşəbbüsə dəstək verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

“Sülh və iqlim” naminə Bonn kontakt qrupu adından çıxış edən Niderlandın Links-Avropa Fondunun direktoru Dennis Sammut və Almaniyanın “Adelphi” beyin mərkəzinin rəhbəri Benjamin Pol Bakı COP-u zamanı su qıtlığı, qida təhlükəsizliyi və mina çirklənməsinin ekosistemə zərəri istiqamətində 50-dən artıq beynəlxalq QHT-nin konkret təkliflər paketi hazırladığı haqqında məlumat veriblər.

Tərəflərlə interaktiv dialoq formatında çıxış edən Braziliya, ABŞ, Avropa Birliyi, Səudiyyə Ərəbistanı, Macarıstan, Qırğızıstan və digər üzv ölkələrin nümayəndələri COP29 çərçivəsində xüsusilə həssas kateqoriya olan bölgələrə göstərilən diqqətə görə Azərbaycana təşəkkür ediblər, COP29 zamanı “sülh və iqlim dəyişmələri” mövzusu ətrafında müzakirənin yüksək səviyyədə təşkil ediləcəyi, konkret nəticələr verəcəyinə ümid etdiklərini vurğulayıblar.

Çoxsaylı üzv ölkələr, eləcə də bir çox BMT qurumları və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə müzakirələri yekunlaşdıran səfir Elşad İskəndərov bir daha Azərbaycan COP29 sədrliyinə verilən yüksək qiymət və etimada görə təşəkkür edib, Azərbaycanın “Sülh və iqlim dəyişmələri” mövzusuna, irəli sürülən konkret təşəbbüslərə dəstək verəcəyini, bunun nəticəsində xüsusilə həssas bölgələrə beynəlxalq dəstəyin artacağına əmin olduğunu bildirib.

Digər xəbərlər