COP Sədrlikləri Üçlüyü Tərəflərə ikinci məktub ünvanlayıb
23 İyul, 2024
COP Sədrlikləri Üçlüyü Tərəflərə ikinci məktub ünvanlayıb


“1,5°C hədəfinə aparan yol xəritəsi” çərçivəsində yaradılan COP Sədrlikləri Üçlüyü bütün tərəflərə ikinci açıq məktub ünvanlayıb. Bu məktubda COP Sədrlikləri Üçlüyü 1,5°C hədəfini saxlamaq məqsədilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri erkən təqdim edəcək tərəflər sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında öz liderliklərini nümayiş etdirməyə çağırıb.

COP Sədrlikləri Üçlüyünün bu məktubu 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə COP29 Konfransı ərəfəsində COP29 Sədrliyinin bütün Tərəflərə və Həmfikir Qruplara ilk məktubundan qısa müddət sonra ünvanlanıb.

“1,5°C hədəfinə aparan yol xəritəsi” üzrə COP Sədrlikləri (COP28, COP29 və COP30) Üçlüyünün məqsədi COP29 ərəfəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsində ambisiyaları stimullaşdırmaq üçün beynəlxalq əməkdaşlığı, eləcə də beynəlxalq əlverişli mühiti gücləndirməkdir.

“COP29 ilə 2025-ci ilin fevral ayı arasında yeni NDC (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) sənədlərinin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarix yaxınlaşır və bu baxımdan, vaxt amili çox mühüm əhəmiyyət kəsb edir. Bugünkü kollektiv fəaliyyətimiz kollektiv gələcəyimizi müəyyən edəcək”, deyə Üçlüyün məktubunda qeyd olunur: “1,5°C hədəfini milli səviyyədə müəyyənləşdirilmiş şəkildə saxlamaq və qlobal davamlılıq yaratmaq ambisiyası bu cür mühüm anda hərəkət etmək əzmimizlə müəyyən ediləcək.”

COP Sədrlikləri Üçlüyünün 2024-cü ilin qalan hissəsi üçün planı COP29-a qədər nəzərdə tutulmuş fəaliyyətləri həyata keçirmək və bunun üçün İqlim Fəaliyyəti üzrə Nazirlər İclası, Paris Sazişi ilə 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi arasında Sinerjilərin Gücləndirilməsi üzrə V Qlobal Konfrans, BMT Baş Assambleyası, Böyük İyirmiliyə (G20) daxil olan ölkələrin İqlim Dəyişmələri və Maliyyə Nazirlərinin Birgə Görüşü, eləcə də COP29-öncəsi tədbirlər və COP29 konfransı kimi platformalardan istifadə etməkdir.

Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədinin təqdim edilməsi üçün son tarix yaxınlaşdıqca, COP Sədrlikləri Üçlüyü Tərəfləri NDC-lərin növbəti mərhələsi üçün hazırlıq görməyə çağırır.

Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri erkən təqdim edəcək tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında öz ambisiyalarını bəyan edə bilərlər. Bu tədbirdə BƏƏ, Azərbaycan və Braziliya ilk addım ataraq dayanıqlı və davamlı dünya quruculuğu üzrə əzmkarlıqlarını nümayiş etdirəcəklər.

Digər xəbərlər