Azərbaycan COP29 üzrə kompleks təşəbbüslər toplusu çərçivəsində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu yaradır
19 İyul, 2024
Azərbaycan COP29 üzrə kompleks təşəbbüslər toplusu çərçivəsində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu yaradır


Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradıldığını elan edib. Azərbaycanın təsisçi-donor olduğu Fondun kapitalının mədən (qazıntı) yanacağı istehsal edən ölkələrin, eləcə də neft-qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi ilə formalaşdırılması nəzərdə tutulur. Fondun üzvləri tərəfindən illik ödənişlər sabit məbləğdə və ya istehsal həcminə uyğun olaraq köçürüləcək.

Fondun yaradılması ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün COP29-un Fəaliyyət gündəliyinin bir hissəsi olaraq bu gün Azərbaycanda elan edilmiş 14 təşəbbüsdən biridir.

İMFF özəl sektoru səfərbər etmək və investisiya risklərini azaltmaq üçün dövlət-özəl tərəfdaşlığı üzrə katalizator fondu olacaq. Həmçinin, fond inkişaf etməkdə olan və dəstəyə ehtiyac duyan ölkələrdə təbii fəlakət nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün güzəştli və qrant əsaslı dəstəyi təmin edən xüsusi texniki potensiala malik olacaq.

İMFF bərpa olunan enerji sahəsində fəaliyyət göstərən kiçik və orta istehsalçılar üçün gələcək məhsulların satın alınması üzrə sazişə zəmanətlə yanaşı, “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək. Bununla yanaşı, fond əsas diqqəti əhalinin əsas yaşama vasitələrini qorumaq və “xalis sıfır” emissiyasına nail olmaq üçün prioritet olaraq ərzaq və kənd təsərrüfatı sektoruna yönəldəcək. Layihələrdən əldə olunan gəlirlər investisiya kimi yenidən fonda yatırılacaqdır.

Fond 1 milyard ABŞ dolları həcmində ilkin vəsaiti topladıqdan və 10 səhmdar ölkə donor kimi fonda qoşulduqdan sonra fəaliyyətə başlayacaq.

Fond kapitalının 50 faizi mitiqasiya, adaptasiya, eləcə də elmi tədqiqat və araşdırma fəaliyyətləri istiqamətlərində inkişaf etməkdə olan və dəstəyə ehtiyac duyan ölkələrin iqlim layihələrinə yönəldiləcək. Bu tədbirlər ekoloji baxımdan təmiz enerji texnologiyalarının tətbiqini təşviq edəcək, enerji səmərəliliyini artıracaq, əhalinin həssas təbəqəsinin iqlimə davamlılığını gücləndirəcək və qabaqcıl texnologiyaların inkişafına şərait yaradacaqdır.

Toplanan vəsaitlərin 50 faizi 1,50C hədəfinə nail olmaq üçün yeni nəsil Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin üzvlər tərəfindən hazırlanmasına ayrılacaq. Azərbaycan bu sahədə nümunəvi ölkə olmaq əzmindədir və 1,50C hədəfinə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədini təqdim edilməsi üzərində çalışır. COP29 Sədrliyi bütün Tərəfləri oxşar planlarla çıxış etməyə təşviq edir.

İnvestisiyalardan əldə olunan gəlirlərin 20%-i yüksək güzəştli və qrant əsaslı dəstəyi təmin edən Operativ Maliyyələşdirmə Mexanizminə (2R2F) yatırılacaq. Bu mexanizm inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, ən zəif inkişaf etmiş ölkələrə və ehtiyac olduqda, inkişaf etməkdə olan digər həssas icmalara təbii fəlakət nəticələrini aradan qaldırmaq üçün dərhal əlçatan maliyyə vəsaitini təklif edəcək.

Fondun baş ofisi və katibliyi Bakıda yerləşəcək və direktorlar şurasına donorların nümayəndələri daxil olacaq. Müstəqil audit komitəsi isə maliyyə hesabatları və layihə qiymətləndirmələri də daxil olmaqla, rüblük məlumatları dərc edəcək. Səhmdarlar qərarları kollektiv şəkildə qəbul edəcək, idarəetmə modeli və maliyyələşdirmə mexanizmini daha da inkişaf etdirmək üçün beynəlxalq maliyyə ekspertlərindən ibarət işçi qrup yaradılacaqdır.

“Fəaliyyətə təkan vermək COP29 gündəliyinin vacib hissəsidir və biz bu sahədə nümunəvi ölkə olmaq əzmindəyik. Mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə göstərdiyi dəstəyə görə minnətdaram. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, təbii sərvətləri zəngin olan ölkələr iqlim dəyişmələri ilə mübarizə aparan ölkələrin önündə getməlidir” deyə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev bildirmişdir. “İcmalar bizdən sözdən əmələ keçməyimizi istəyir və bu gün biz İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunu yaratmaqla mühüm addım atmış oluruq. Biz donorları bizə qoşulmağa çağırırıq – məqsədimiz COP29-un ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək planını həyata keçirməkdir”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil qeyd etmişdir ki, hökumətlərarası əməkdaşlıq prosesi və hər il keçirilən COP konfransı çox mühüm əhəmiyyət kəsb edir, eləcə də qlobal iqlim böhranının qarşısını almaq, dekarbonizasiya və iqlimə davamlılığın faydalarını paylaşmaq bəşəriyyət üçün bir ümiddir. Bakıda keçiriləcək COP-un müvəffəqiyyətli olması həmişə olduğundan daha vacibdir. Lakin bu, asan proses deyil və görüləsi işlər hələ çoxdur. Mən COP29-un müəyyən olunmuş Prezidentinə və onun komandasına zəhmətlərinə və uğurlu zəmin yaratmaq üçün irəli sürdükləri təşəbbüslər üçün minnətdaram.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev bildirmişdir ki: “Biz maliyyə bazarlarında mövcud olan çatışmazlıqları qiymətləndirmişik və icmaları narahat edən məsələləri diqqətlə dinləmişik. Bu, həm mədən (qazıntı) yanacağı hasil edən ölkələr, həm də neft-qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərlə birgə yaradılan ilk fond olacaq. Fond həm investisiyanı təmin edən, həm də təbii fəlakət nəticələrini aradan qaldıran, eləcə də öz donorlarından illik köçürmələri qəbul edən ilk fond olacaq. Biz həmçinin təbii fəlakət nəticələrinin aradan qaldırılmasında əlçatanlığa, operativliyə və səhmdarların birgə qərarlar qəbul etməsinə xüsusi diqqət yetiririk”.

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu COP29-un tematik günləri çərçivəsində 14 təşəbbüsdən biri kimi yaradılır. Bu təşəbbüsləri təqdim edərkən, cənab M. Babayev bildirmişdir ki: “...necə ki, dərəcənin hər bir hissəsi vacibdir, hər bir fəaliyyət də o cür mühüm əhəmiyyət kəsb edir”. Bu təşəbbüslər bütün iqlim istiqamətlərini stimullaşdırmaq, eləcə də qlobal, regional, milli və sub-milli qrupları cəlb etmək, dayanıqlı inkişafa tam nəzarət etmək, habelə inklüziv nəticələri təmin edən inklüziv prosesə bütün demoqrafik göstəriciləri daxil etmək üçün irəli sürülüb. M. Babayev bildirmişdir ki, COP29 Sədrliyi müvafiq zamanda Tərəflərə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı iştirakçılarına COP29-un Fəaliyyət Gündəliyi və onun təşəbbüsləri barədə əlavə təfərrüatları əks etdirən rəsmi məlumat göndərəcək.

COP29-un Fəaliyyət Gündəliyindəki təşəbbüslər aşağıdakı kimidir:

1. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Mədən (qazıntı) yanacağı istehsal edən ölkələrin və şirkətlərin könüllü ianələri sayəsində fondun təsis edilməsi. Fond, iqlim dəyişmələrinin təsirinin azaldılması, adaptasiya, eləcə də tədqiqat və inkişaf məsələləri üzrə dövlət və özəl sektorları stimullaşdıracaq, həmçinin yüksək güzəştli şərtlər və qrantlar əsasında maliyyələşdirməni təmin edəcək.

2. İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı Təşəbbüsü - “BICFIT Dialoqu”

İqlim maliyyəsi, investisiya və ticarət əlaqələrinə diqqəti artırmaqdan ötrü beynəlxalq ictimaiyyət üçün əməkdaşlıq mühitinin və uzunmüddətli dialoq platformasının yaradılması.

3. Peşə və bacarıqlar üçün “Ədalətli keçid” İnvestisiya Tərəfdaşlığı (JTIP)

Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə, Milli Adaptasiya Planları, Uzunmüddətli Az Emissiyalı İnkişaf Strategiyalarında bacarıqların inkişafının Çoxtərəfli İnkişaf Banklarının mövcud maliyyə alətləri ilə inteqrasiyası əsasında yaranan maliyyə tələblərini əlaqələndirmək üçün əməkdaşlıq platformasının yaradılması, o cümlədən digər maliyyə mənbələri ilə əlaqələrin və sinerjilərin yaradılması imkanının müəyyən edilməsi.

4. Yaşıl enerji üzrə öhdəliklər

Nazirlər səviyyəsində bu öhdəlikləri imzalayan şəxslər yaşıl enerji dəhlizləri, zonalar və şəbəkələrinə dair öhdəlik götürəcəklər. Bu təşəbbüs həm də öhdəliklərin yerinə yetirilməsi üçün infrastrukturun yaradılmasında zəruri tənzimləyici və institusional çərçivələrin təsis edilməsi və maliyyələşdirilməsinə kömək edəcək.

5. Yaşıl enerjinin saxlanılması üzrə öhdəliklər

2030-cu ilə qədər 2022-ci ildə olan səviyyəni altı dəfə artırmaq, 2030-cu ilə qədər 1500 qiqavata çatdırmaq üçün qlobal hədəflərlə davamlılığı və səmərəliliyi artırmağı hədəfləyən enerji təchizatının qlobal enerji sistemlərinin təməl daşlarından birinə çevirmək öhdəliyi.

6. Təmiz Hidrogen Təşəbbüsü

Rəhbər prinsiplər və prioritetlərin müəyyən edilməsi və tənzimləyici, texnoloji, maliyyə və standartlaşdırma problemlərinin həlli yolu ilə aşağı emissiyalı hidrogenin qəbulu üzrə qlobal bazar potensialını müəyyən etmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən fəaliyyətin həyata keçirilməsi öhdəliyi və onun icra yolları.

7. COP Atəşkəs çağırışı

İqlim-münaqişələrin qarşılıqlı əlaqəsi istiqamətində, COP29 sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır.

8. Yaşıl Dünya naminə Rəqəmsal Fəaliyyət Yolu

Rəqəmsallaşma və İKT sektorunda istixana qazları emissiyalarının azaldılması və Nazirlər Bəyannaməsi vasitəsilə yaşıl keçidin sürətləndirilməsi

9. İqlimə Dayanıqlı Gələcək üçün insan kapitalına, sağlamlığa və iş yerlərinə investisiya qoyuluşu

Xüsusilə uşaqlar və gənclər üçün təhsil, peşə, sağlamlıq və rifah sahəsinə investisiyaların qoyulması və bu sahələr üzrə sinerjinin gücləndirilməsi. Həmçinin ekoloji savadlılıq üzrə öyrənmə və qiymətləndirmə çərçivəsinin Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramına (PISA) inteqrasiyası

10. İqlim Dayanıqlılığı üçün HARMONİYA: Fermerlərin, kəndlərin və kənd icmalarının gücləndirilməsi

Harmoniya Təşəbbüsü COP29 zamanı müxtəlif təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları birləşdirməklə, təcrübə mübadiləsi, sinerji və boşluqları müəyyən etmək, həmçinin kənd təsərrüfatı, qida və su sistemi üzərində cəmlənmiş birgə səyləri təşviq etmək, kənd ərazilərində yerli icmalar və qadınların səlahiyyətlərini artırmaq üçün aqreqator kimi çıxış edəcək.

11. Su və İqlim üzrə Bakı Dialoqu: İqlim dəyişmələri və su sistemi üzrə fəaliyyətin gücləndirilməsi

Dialoq Qlobal Adaptasiya Hədəfi əsasında su ilə bağlı iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində birgə işləmək üçün hökumətləri, BMT təşkilatlarını, akademik dairələri və özəl sektoru bir yerə gətirəcək.

12. Davamlı, İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Tərəfdaşlığı (MAP)

Şəhərlərdə çoxsahəli milli fəaliyyətlərin gücləndirilməsi və qlobal şəhər iqlimi maliyyəsinin, iqlim və şəhərin inkişafı və dayanıqlılığına dair qlobal uyğunluğun genişləndirilməsi üçün daha güclü tərəfdaşlıqların təbliğ edilməsi.

13. Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üçün Qlobal Tərəfdaşlıq (GPECAT)

GPECAT qlobal turizm siyasətinin formalaşmasında paradiqma dəyişikliyini inkişaf etdirməklə turizm vasitəsilə artan qlobal emissiya tendensiyasını azaltmağı hədəfləyir.

14. Üzvi Tullantıların Azaldılması (ROW) üçün Tərəfdaşlıq: Metanın azaldılması və torpağın zənginləşdirilməsi

Tərəfdaşlığın məqsədi tullantı sektorundan metan emissiyalarını azaltmaq, eyni zamanda qida tullantıları, davamlı urbanizasiya, torpağın idarə edilməsi və zənginləşdirilməsi kimi qlobal problemləri həll etməkdir. Tərəfdaşlıq tullantı sektorunda 1,5°C hədəfinə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzrə öhdəlikləri, artan maliyyə və investisiya, fəaliyyət barədə məlumat, innovativ tərəfdaşlıq və maraqlı tərəflərin cəlb edilməsinə çalışacaq.

Digər xəbərlər