COP29 Sədrliyi və UNFCCC arasında rəsmi məktub mübadiləsinin imzalanma mərasimi keçirilib
07 Jun 2024
COP29 Sədrliyi və UNFCCC arasında rəsmi məktub mübadiləsinin imzalanma mərasimi keçirilib


Bu gün COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı katibi Saymon Stil imzalanma mərasimində iştirak ediblər. İmzalanma mərasimində Azərbaycanın bu il UNFCCC-nin Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən ölkə statusunu təsdiqləyən məktubların mübadiləsi həyata keçirilib. Bu barədə daha ətraflı məlumat UNFCCC-nin rəsmi vebsaytında tezliklə dərc olunacaq.

Rəsmi sənədlərin mübadiləsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin Bakıda keçiriləcək konfransda beynəlxalq nümayəndə heyətlərini qəbul etmək üçün həyata keçirdiyi hazırlıq işlərinin gedişatı, eləcə də Sədrliyin tərəflərlə onları narahat edən məsələlərin və prioritetlərin nəzərə alınması barədə məlumat verməsindən sonra baş tutub.

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı zamanı COP29 Sədrliyi builki COP29 konfransında iştirakı gözlənilən minlərlə ziyarətçi üçün nəqliyyat, yerləşdirmə və qonaqpərvərlik xidmətlərinə dair ətraflı məlumat və planlar, həmçinin bilavasitə tədbirin məkanı ilə bağlı loqistika məsələləri ilə bağlı geniş brifinq və konstruktiv rəy və təkliflər sessiyası keçirib. COP29 Sədrliyi qarşıdan gələn iqlim konfransının hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədilə COP29 üzrə loqistika məsələləri ilə bağlı müşahidəçi təşkilatlar və ölkələrin nümayəndə heyətləri ilə məsləhətləşmələri davam etdirib.

Konfransın prinsiplərinə əsasən, beynəlxalq əməkdaşlığın təşviqinə diqqət yetirmək və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda uzunmüddətli miras yaradacaq əlçatan və inklüziv tədbirə ev sahibliyi etməklə yanaşı, dayanıqlılıq da prioritet məsələdir.

“COP29 Sədrliyi hazırlıq işlərinin gedişatı çərçivəsində xeyli irəliləyişə nail olub və bu konfransın beynəlxalq səviyyəli tədbir olmasını təmin etməyə hazırdır. Biz bir çox qlobal tədbirə ev sahibliyi etmişik və bu təcrübəmizi, eləcə də keçmiş COP-lardan əldə etdiyimiz məlumatları bu hazırlıq prosesi çərçivəsində tətbiq edirik”, deyə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib: “COP29-a ev sahibliyi etmək həm geniş imkanlar yaradan fürsət, həm də böyük məsuliyyətdir və biz bu tədbirə olduqca ciddi yanaşırıq. Ev sahibi olaraq biz şəffaf, fəaliyyət yönümlü, qonaqpərvər və inklüziv yanaşma nümayiş etdirəcəyik”.

Tədbirin hərtərəfli planlaşdırılması və operativ hazırlıq barədə söhbət açan COP29 Əməliyyat Şirkətinin Əməliyyatlar üzrə baş icraçısı Nərmin Carçalova bildirib: “Ölkəmiz öz təbii müxtəlifliyinin unikal komponentləri, eləcə də multikultural cəmiyyəti, tarixi irsi və uzaqgörənliyi sayəsində COP29-a ev sahibliyi edən ölkə kimi bir çox üstünlüklər təklif edə bilər. Konfransın loqistika və xidmət məsələlərini təşkil edən təcrübəli və sadiq komandamız COP29-a ev sahibliyi etməkdən və bu ilin noyabrında dünya ictimaiyyətini Azərbaycanda salamlamaqdan məmnundur”.

Təqdimat zamanı COP29 Sədrliyi konfransın məkanı və “Yaşıl” zonanın təşkili, eləcədə konfransın uğurlu olmasına dəstək üçün hazırlanan iş avadanlıqları və qonaqlar üçün yüksək standarta uyğun xidmət sahəsində digər zəruri məsələlər, o cümlədən nəqliyyat, yaşayış, viza və iaşə xidmətləri barədə məlumat verib.

Konfransın təşkilinin əsas prinsiplərinə istinad edərək, COP29 Sədrliyi onun davamlılıq məsələlərini xüsusi vurğulayıb. Karbon neytrallığına və konfransın davamlılığına dair öhdəliyi yerinə yetirmək üçün COP29 tədbir boyu əməliyyatlar nəticəsində birbaşa və dolayı yolla yaranan emissiyaları müntəzəm olaraq izləyəcək və hesabat verəcəkdir.

Tədbir üzrə hazırlıq işləri arasında inklüzivlik ən prioritet məsələlərdən biridir. Təşkilatçılar qarşılıqlı hörmət və inklüzivlik mədəniyyətinin təşviqinə diqqətlə yanaşırlar. Tədbirdə çıxış edəcək spikerlər, ekspert qrupları və seminar aparıcıları arasında müxtəlifliyə, eləcə də azlıq təşkil edən qrupların iştirakına xüsusi diqqət yetiriləcək. Konfransın keçiriləcəyi məkan və obyektlərin əlçatan olmasını təmin etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İnsan kapitalının formalaşdırılması, infrastrukturun gücləndirilməsi və dayanıqlı inkişafın təşviqi ilə bağlı məsələləri özündə əks etdirən xüsusi miras proqramı hazırlanıb. Bu proqram çərçivəsində əsas diqqət potensialın və yerli məlumatlılığın artırılması ilə yanaşı, loqistika və infrastruktur elementlərinin təkrar istifadəsinə yönəldilib.

Brifinq zamanı COP29 Sədrliyi həm COP29 Konfransının, həm də sessiyaöncəsi görüşlər və COP hazırlıq iclasının, eləcə də Dünya liderlərinin iqlim fəaliyyəti üzrə sammitinin əsas tarixlərini açıqlayıb.

  • 11 oktyabr: COP hazırlıq iclası

  • 4 Noyabr: COP29 çərçivəsində sessiyaöncəsi görüşlər

  • 11-22 noyabr: COP29

  • 17 noyabr: Sərbəst gün

Digər xəbərlər