COP29 Sədrliyi Azərbaycanda ambisiyanın artırılması və fəaliyyət imkanlarının genişləndirilməsi üçün planını təqdim edib
25 Aprel, 2024
COP29 Sədrliyi Azərbaycanda ambisiyanın artırılması və fəaliyyət imkanlarının genişləndirilməsi üçün planını təqdim edib


COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev iqlim dəyişmələri ilə bağlı öhdəlikləri yerinə yetirmək və heç kimin kənarda qalmamasını təmin etmək üçün Sədrliyin planını təqdim edib.

  • 1,5°C əsas hədəf kimi təsdiqlənib.
  • Sədrliyin planı ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsi kimi qarşılıqlı təsirə malik iki istiqamətə əsaslanır.
  • Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), Milli Adaptasiya Planı (NAPs) və İkiillik Şəffaflıq Hesabatları (BTRs) hədəflər üzrə ambisiyaların artırılması üçün əsas tədbirlər olaraq göstərilib.
  • Yeni iqlim maliyyəsi hədəfi Sədrliyin planında dönüş yaratmaq və qarşılıqlı səylərin gücləndirilməsi baxımından mühüm rol oynayacaq.

COP29-un müəyyən edilmiş Prezidenti, nazir Muxtar Babayev bu gün Berlində “Petersberq İqlim Dialoqu”nda dünyanın müxtəlif ölkələrindən olan liderlərə və siyasətçilərə müraciət edib.

Çıxış zamanı Muxtar Babayev COP29 Sədrliyinin planını açıqlayıb. O, Paris Sazişinin məqsədlərinə tam və qəti sadiqliyini ifadə edərək bildirib ki, 1,5°C hədəfinə nail ola bilməmək bəşəriyyət üçün böyük təhlükədir. Bu nəticəyə nail olmaq hamımızın mənəvi borcudur.

O, bunu əsas hədəf olaraq qeyd edib və “əvvəlki öhdəliklərin indi təkrar şərh edilməli deyil, icra edilməli olduğunu, təkrar əlaqələndirilməli deyil, yerinə yetirilməli olduğunu” vurğulayaraq, “əməli fəaliyyətlə deyilmiş sözlərin uzlaşdırılmasının hər kəsin borcu” olduğunu əlavə edib.

Bu sərt reallığa qarşı Muxtar Babayev hədəflər üzrə ambisiyaların artırılmasına və fəaliyyət imkanlarının genişləndirilməsi kimi qarşılıqlı təsirə malik iki paralel istiqaməti özündə ehtiva edən COP29 Sədrliyinin Planını təqdim edib.

Birinci istiqamət hədəflər üzrə ambisiyaların artırılması və icrası öhdəliyini yerinə yetirməkdə bütün tərəfləri dəstəkləmək üçün üç əsas elementi birləşdirir.

Birinci element bütün Tərəflərin milli şəraiti nəzərə almaqla Paris Sazişinin 1,5°C hədəfinə uyğunlaşdırılmış geniş iqtisadiyyat əsaslı emissiyaların azaldılması üzrə yeni nəsil milli planların hazırlanması və icrası üçün ehtiyacı olan dəstəyin alınmasının təmin edilməsinə yönəlib. Nazir Muxtar Babayev bildirib ki, Azərbaycan belə təcrübə nümunəsində aparıcı ölkə olduğunu anlayır və 1,5°C ilə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə Sənədinin (NDC) təqdim edilməsi üzərində işləyir.

İkinci element Tərəfləri 2025-ci ilədək iqlim elmi sahəsində ən son məlumatlar əsasında orta və uzun müddətli uyğunlaşma ehtiyaclarını müəyyənləşdirən Milli Uyğunlaşma Planını (NAP) hazırlamağa çağırır.

M.Babayev, həmçinin bu planlar çərçivəsində ərzaq sistemlərinin transformasiyasının vacibliyini vurğulayıb və dünya əhalisinin demək olar yarısının ərzaq sistemlərindən asılı olduğu bir dövrdə bunun nə qədər mühüm əhəmiyyət daşıyacağını bildirib.

Üçüncü element iqlim dəyişmələri ilə bağlı problemin həllində irəliləyişin izlənilməsi baxımından İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsini dəstəkləyir, belə ki, bu hesabatlar emissiyaların inventarlaşdırılması, inkişaf və investisiyalar barədə ümumi məlumatı təmin edir.

Sədrliyin planının ikinci istiqaməti emissiyaların azaldılması, iqlim dəyişmələrinə uyğunlaşma, itki və zərərin aradan qaldırılması üçün maliyyənin zəruri rol oynadığını göstərir. Bu səbəbdən M.Babayev “iqlim maliyyəsinin COP29 zamanı danışıqların əsas mövzusunu təşkil edəcəyini” deyib və bildirib ki, “hədəfləri fəaliyyətə çevirmək üçün maliyyə əsas vasitələrdən biridir”.

“İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) adlanan yeni iqlim maliyyəsi hədəfinin noyabr ayında Bakıda razılaşdırılması məqsədilə Sədrliyin heyəti Tərəflər arasında bununla bağlı konsensusa nail olmaq üçün həmin vaxtadək səylərini əsirgəməyəcək. “Biz ədalətli və iddialı yeni hədəfə nail olmaq üçün bütün Tərəflərin narahatlığını başa düşməyə və ortaq uğur düşüncəsi ilə potensial mövqelərin aşkar edilməsinə kömək etmək üçün onların fikirlərini dinləyirik”, - deyə nazir vurğulayıb.

COP29 Sədri bu planın qlobal maliyyə sisteminin bir-birinə bağlı olan elementlərini bir araya gətirərək Tərəflərdə daha çox vəsaitin səfərbər edilə biləcəyinə dair inam yaradacağını bildirib.

Qarşıdakı aylarda COP29 Sədrliyi bir çox tərəfdaşlarla, o cümlədən Tərəflər, çoxtərəfli maliyyə institutları, özəl sektor, maliyyə xidmətləri sənayesi və xeyriyyə təşkilatları ilə sıx təmasda olaraq iqlim maliyyəsinin yeni növlərini daha effektiv şəkildə müəyyənləşdirməyi və dayanıqlı və iqlimə davamlı dünya üçün investisiyaları sürətləndirməyi planlaşdırır.

Nazir M.Babayev çoxtərəfli inkişaf banklarının və beynəlxalq maliyyə qurumlarının hədəflərin yerinə yetirilməsində dəstəyini xüsusi qeyd edərək, həmin qurumların aşağı xərcli maliyyələşdirmənin, eləcə də özəl maliyyələşdirmənin daha yüksək həcmdə artırılmasını, eyni zamanda borcları həll etmək və fiskal məhdudiyyətləri idarə etmək qabiliyyətində olduğunu bildirib.

Çıxışda özəl sektora da xüsusi işarə edilərək, şirkətlərin COP29-a maliyyənin necə ayrılması və investisiya qərarlarının iqlim məqsədlərimizə uyğun şəkildə verilməsini təmin etdiyini göstərməyə hazır gələcəklərinə dair inam ifadə edilib.

Nazir, eyni zamanda, diqqətə çatdırıb ki, COP29-un gündəliyi yalnız Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və ya maliyyə kimi mövzularla məhdudlaşmamalı, bir çox prioritet məsələləri əhatə etməlidir. COP29 Sədrliyi dialoqda iştirak etmək üçün hamıya şərait yaradacaq.

Azərbaycan dünyanın kəsişmə nöqtəsində yerləşir və COP29 Sədrliyi ölkələr arasında körpü rolunu oynamağa, həmin ölkələrin ehtiyaclarını anlamağa və konsensusa nail olmağa hazırdır. Bu, COP29-un inklüziv prosesi təşviq etmək və inklüziv nəticələr qazanmaq məqsədlərinə daxildir.

Nazir Babayev çıxışını bu sözlərlə tamamlayıb: “Bütün dünyadan nümayəndələr COP29 üçün Azərbaycana gəldikdə biz hər kəsin ortaq marağımız olan iqlim böhranı ilə mübarizəyə diqqət yetirməsini istəyirik. Bu, gənclər, qeyri-hökumət təşkilatları, yerli icmalar da daxil olmaqla, hər kəsin daha yaşıl dünya uğrunda həmrəy olaraq irəliləməsi üçün gözəl fürsətdir.”

Digər xəbərlər